Скачать книгу

olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin bəs uşaqdı.

      Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi. Boğazı qovuşa-qovuşa:

      – Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.

      Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:

      – Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah.

      Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi. Ağarəhim güman elədi ki, yəqin öz gözləri də bax beləcə böyüyüb. Ağarəhimin bərkə-boşa düşdüyü vədələr olmuşdu, lap qorxduğu vədələr də olmuşdu, ancaq heç vaxt belindən belə ağrı qopmamışdı. Birinci dəfə idi ki, böyrəkləri bu cür sancırdı, birinci dəfə idi ki, kürəyinin zoqqultusu nəfəsini kəsirdi. Ağarəhim “Jiquli”nin böyründəcə tozlu yola uzanmaq istəyirdi, heydən düşmüş canını hara olur-olsun, yıxmaq istəyirdi, amma uşağa oxşayan çəlimsiz oğlanın yanında şəninə, bazburuduna sığışdırmırdı bunu. Bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxanı desin oğlana, bəlkə basıb döysün onu? Bu nə iş idi, fələk, bu nə qəza idi? Bu ot maşını hardan çıxdı, şey tana oxşayan bu köpəyoğlu hardan çıxdı?

      Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözünə baxmamağına indi peşman oldu.

      Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı.

      – Kor idin? – dedi. – Görmürdün ki, mən arxadan gəlirəm?

      Oğlan udquna-udquna:

      – Görmədim, vallah, – dedi. – Bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu. Elə dönmək istəyəndə… – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaşa: – Şükür Allaha, salamatlıqdı, – dedi. Maşının xurd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.

      Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda tərslikdən bir ins-cins də görünmürdü – bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu.

      Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə.

      – Ay dayı, – dedi, – it-qurd yığışmamış gəl çıxaq aradan.

      Ağarəhim başını buladı:

      – Qoy avtoinspektor gəlsin.

      Oğlan başladı dil tökməyə:

      – Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.

      Bu “Jiquli”nin daha əvvəlki “Jiquli” olmayacağını fikrinə gətirəndə Ağarəhimin damarlarında qanı tərsinə fırlandı. Ağarəhim içini bürüyən və çıxmağa fürsət, məqam axtaran acığını irigözlü oğlanın başına tökmək istədi. İstədi qışqırsın, ancaq özü də bilmədi ki, səsi niyə yumşaq çıxdı. Ağarəhim öz gücsüzlüyündən, acizliyindən hövlə gələn naçar adam kimi ağlamsındı.

      – Nəyi düzəltdirəcəksən? – dedi. – Şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. Neynəyim indi?

      Oğlanın arıq üzündə məlul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haq lısan”.

      Oğlan çəkinə-çəkinə:

      – Gedək, – dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.

      Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.

      – Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan, axı? Allah səni saxlasın, gedəkmi? İt-qurd gəlməmiş… – Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımca sür, – dedi. – Fikir eləmə, vallah düzələcək.

      Ağarəhim yuxudan təzəcə oyanıb harda olduğunu kəsdirə bilməyən adam kimi idi. Bilmirdi ot maşınının ardınca getsin, yoxsa gözləsin. Kimi gözləsin, nəyi gözləsin? Bəlkə avtomobil müfəttişi axşama qədər gəlməyəcək bura? Bəlkə bu şeytana oxşayan oğlan “Jiquli”ni, doğrudan da, düzəltdirəcək? Müfəttişi gözləmək havayı işdir. Müfəttiş gəlib neynəyəcək? Ağarəhimə təzə maşın verməyəcək ha.

      Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.

      Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaqkından da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi…

      Az qala bir-birinə bitişik iki-üç kəndin içindən keçdilər. Sonra əsas yoldan çıxıb, ensiz torpaq yola buruldular. Kəndin adı yazılmış dəmir lövhə döngənin tinindəki dirəyə bənd edilmişdi. Ağarəhim gözünün ucuyla baxıb, dəmir lövhədəki yazını oxudu: “Alpoud”. Ağarəhim köks ötürüb, başını buladı: “Bir kəndin ki adı “Alpoud” ola, onun adamları nə təhər olar? “Alpoud” nə deməkdi, ay fələk?”

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Samosval

Скачать книгу