Скачать книгу

şey əla gedir, o düşünürdü. Hər şey qaydasındadır. Mənimlə də hər şey normaldır. Evə yolu tanıyıram. Yarım saatdan sonra orda olacam. Yerə enən kimi təyyarəni dayanacağa sürəcəm, mühərriki söndürüb deyəcəm: «Hə, indi də mənə çıxmağa kömək edin». Səsimin həmişəki kimi çıxmasına çalışacam, onda heç kim heç nə sezməyəcək. Sonra deyəcəm: «Biriniz mənə çıxmağa kömək edin. Bunu özüm edə bilmərəm, axı mən ayağımı itirmişəm». Onlar gülüşəcəklər və zarafat etdiyimi düşünəcəklər, mən isə deyəcəm: «İnanmırsınız ki, yaxşı, allahsız yaramazlar, onda gəlin özünüz baxın». Beləcə, Yorki təyyarənin qanadına dırmaşacaq və kabinənin içinə baxacaq. Bu zaman, yəqin ki, ürəyi bulanacaq, qanlı ət parçası heç də ürəkaçan mənzərə deyil. Mən isə gülüb deyəcəm: «Allah xətrinə, mənə çıxmağa kömək edin».

      O, yenə sağ ayağına baxdı. Ondan o qədər də çox şey qalmamışdı. Qəlpə dizindən bir az yuxarı, buduna dəymişdi və indi o daha çox qanlı həftəbecərə bənzəyirdi. Amma ağrı yox idi. Ayağına baxanda ona elə gəlirdi ki, sanki başqa bir şeyi izləyir. Baxdığı şeyin ona heç bir dəxli yox idi. Sadəcə, kabinəyə hardansa qanlı bir horra düşmüşdü və bu əcaib, qeyri-adi və kifayət qədər maraqlı idi. Bu lap divanda ölü pişik tapmağa bənzəyirdi.

      O gerçəkdən də özünü yaxşı hiss edirdi, bəlkə, bir az gərilmişdi, amma qorxu hiss etmirdi.

      Heç sanitar maşını hazırlamaları üçün də əlaqə saxlayan deyiləm, o düşünürdü. Nə lüzum var ki? Yerə enəndə isə bu dəfə kabinədən özüm çıxmayacam, sadəcə deyəcəm: «Ey, uşaqlar, orda kim var? Gəlin bura, mənə çıxmağa kömək edin, axı mən ayağımı itirmişəm». Yəqin, yaxşıca güləcəklər. Bunu deyəndə elə özüm də qəhqəhə çəkəcəm; mən bunu sakit və yavaş-yavaş deyəcəm, onlar isə zarafat etdiyimi düşünəcəklər. Qanada dırmaşandan sonra Yorkinin ürəyi bulananda ona deyəcəm: «Yorki, qoca eşşək, maşınımı hazırlamısan?» Ordan çıxandan sonra raport yazacam. Hə, bundan sonra isə Londona uçacam. Yarım butulka viski götürüb Göyərçinimin yanına gedəcəm. Otağında oturub içməyə başlayacağıq. Suyu vanna otağında krandan dolduracam. Çox şey danışmayacam, amma yatmaq vaxtı gələndə deyəcəm: «Göyərçinim, sənə bir sürprizim var. Mən bu gün ayağımı itirmişəm. Amma əgər sənin bir narazılığın yoxdursa, mənim heç vecimə də deyil. Hətta məni heç incitmir də. Maşınla hara desən gedə bilərik. Bağdadda misgərlərin küçəsindəki gəzintiləri saymasaq, piyada gəzməyi heç vaxt xoşlamamışam, üstəlik, mən rikşadan istifadə edə bilərəm. Evə gedib orda odun doğraya bilərəm, hərçənd baltanın küpü həmişə sapından sıçrayıb çıxır. Onu qaynar suda saxlamaq lazımdır; elə vannaya qoyasan, özü üçün şişsin. Ötən dəfə evdə çoxlu odun yardım, sonra da baltanın sapını vannaya qoydum…»

      Elə bu vaxt günəşin mühərrikin kapotunda bərq vurduğunu gördü. O, metalın qabağında günəş şəfəqlərinin parıldadığını izlədi, elə həmin an təyyarəni və harda olduğunu xatırladı. İndi artıq özünü yaxşı hiss etmirdi, ürəyi bulanır və başı hərlənirdi. Başı elə hey köksünə düşürdü, çünki onu çiyinlərində saxlamağa heyi yox idi. Amma o, «spitfayr»da uçduğunu bilirdi. O, sağ əl barmaqları ilə idarə dəstəyini hiss edirdi.

      «İndi mən huşumu itirəcəm, o düşündü. Bu hər an baş verə bilər».

      O, hündürlükölçən cihaza nəzər saldı. İyirmi bir min. Özünü sınamaq üçün fikrini yüzlərdə və minlərdə cəmləşdirməyə çalışdı. İyirmi bir min və neçə? Hündürlükölçənin göstəriciləri yayıldı. O heç oxları da görmürdü. Həmin an ona çatdı ki, bir saniyə belə itirmədən paraşütlə hoppanmalıdır, yoxsa huşunu itirəcək. O, həyəcan içində cəld kabinənin şüşəsini sol əli ilə kənara çəkməyə çalışdı, amma gücü çatmadı. O, sağ əlini bir saniyəlik idarə dəstəyindən çəkdi və iki əli ilə qapağı itələyə bildi. Hava axını, deyəsən, onu bir az özünə gətirdi. Bir dəqiqə də olsa aydın düşünməyə müvəffəq oldu. Düzgün və dəqiq hərəkət etdi. Deməli, yaxşı təyyarəçilərlə belə olurmuş. O, oksigen maskasından bir neçə tələsik və dərin udum aldı, sonra başını çevirib aşağı baxdı. Orda, sadəcə, ucu-bucağı görünməyən bulud dənizi vardı və anladı ki, hazırda harda olduğunu bilmir.

      «Yəqin, bura La-Manşdır. Dəqiq, mən La-Manşa düşəcəm».

      O, şlemini çıxartdı, kəmərləri açdı və idarə dəstəyini cəld sol tərəfə çevirdi. «Spitfayr» qanadının üzərindən yavaşca arxası üstə çevrildi və o, dəstəyi kəskin şəkildə özündən kənara çəkdi. Təyyarəçi təyyarədən tullandı.

      O, aşağı düşərkən gözlərini açdı, çünki bilirdi: paraşütün halqasını dartmamış huşunu itirməməlidir. O, bir tərəfdən günəşi, digər tərəfdən ağ buludları görür və havada çevrilə-çevrilə buludların günəşin dalınca qaçdığını, günəşin isə buludları izlədiyini sezirdi. Onlar, beləcə, çevrə vura-vura bir-birinin dalınca qaçır, getdikcə sürəti artırırdı: günəş buludları, buludlar isə günəşi təqib edirdi. Sonra buludlar get-gedə daha yaxından qaçmağa başladı və birdən günəş itdi, yerdə təkcə nəhayətsiz bir bəyazlıq qaldı. Dünya başdan-başa ağardı və orda başqa heç nəyə yer olmadı. Dünya elə ağ idi ki, bəzən qara görünürdü, sonra gah ağ, gah da qara görünməyə başladı, amma daha çox ağ olurdu. O, dünyanın ağdan qaraya, sonra qaradan ağa çevrildiyini izləyirdi. Əslində o, uzun müddət ağ olurdu, qara çalara yalnız bir neçə saniyə ayrılırdı. O bu ağ müddət ərzində yuxuya gedirdi, amma dünya bir az qaralan kimi ayılırdı. Hərçənd bu qara dövr uzun çəkmirdi – elə-beləcə bəzən qara şimşək kimi parıldayırdı. Ağ dünya isə uzun çəkirdi, bax onda o, yuxuya gedirdi.

      Dünya növbəti dəfə ağaranda o, əlini uzadıb nəyəsə toxundu. O həmin şeyi barmaqları ilə əzişdirməyə başladı. Bir müddət uzanıb əlinin altında olan şeyi hamarladı. Sonra gözlərini yavaş-yavaş açdı və əlinə baxdı, barmaqları ilə ağ bir şey tutduğunu gördü. Bu, mələfənin ucu idi. O bunun mələfə olduğunu bilirdi, çünki parçanın fakturasını və kənarındakı tikişi görürdü. O, gözlərini qıyıb dərhal da açdı. Bu dəfə otağı gördü. O, üzərində uzandığı çarpayını gördü; o, boz divarları, qapını, pəncərələrdəki yaşıl pərdələri gördü. Çarpayının yanındakı balaca masada qızılgüllər vardı.

      O, sonra masadakı qızılgüllərin yanında kasa gördü. Kasa minalı və ağ rəngdə idi, yanında isə menzurka vardı.

      «Bura hospitaldır, – o düşündü. – Mən hospitaldayam». Amma o heç nə xatırlamırdı. O, yastığa söykənərək tavana baxdı və nə baş verdiyini xatırlamağa çalışdı. Hamar, boz rəngli divar elə təmiz və elə boz idi ki. Və o birdən bu boz və hamar divarda milçəyin gəzişdiyini gördü. Elə milçəyi, boz dənizdə qəfil peyda olmuş bu balaca qara nöqtəni görərkən də sanki şüuru aydınlandı və o bir saniyənin içində hər şeyi xatırladı. O, «spitfayr»ı, iyirmi bir min futu göstərən hündürlükölçən cihazı xatırladı. Kabinənin şüşəsini hər iki əli ilə itələdiyini və paraşütlə hoppandığını xatırladı. O öz ayağını xatırladı.

      İndi, deyəsən, hər şey qaydasında idi. O, çarpayının aşağı tərəfinə baxdı, amma dəqiq heç nə deyə bilmədi.

Скачать книгу