Скачать книгу

və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna “yoldaşlarla yaxşı əlaqə saxlamaq” deyirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.

      İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

      – Bəli. Düşüncəli, təfəkkürlü adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini5 və sairəni oxuyurlar, ancaq belə şeylərə tabe olurlar, dözürlər… Hə, məsələ məhz bundan ibarətdir.

      Burkin sözünə davam etdi:

      – Belikov mənimlə bir binada, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal: xalat, təsək6, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər… “Aman Allah, birdən işin içindən bir əngəl çıxar ha!” Ona pəhriz saxlamaq olmazdı, amma yağlı da yemirdi, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə sufbalığını kərə yağında qızardıb yeyərdi. Bu, pəhriz yeməyi deyildi, lakin buna pəhrizi pozmaq da demək olmazdı. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı. Xidmətçi əvəzinə, 60 yaşlı Afanasi adlı bir aşpazı vardı. Bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:

      – Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.

      Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkülü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Təbiətcə yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.

      O öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

      – Siniflərdə çox səs-küy salırlar, belə iş olar?

      Bax həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.

      İvan İvanıç birdən mərəyə baxıb dedi:

      – Zarafat eləyirsiniz!

      – Bəli, qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmişdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı. Üzündən səsinin yoğunluğu bəlli idi, doğrudan da, səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu… Bacısı isə artıq gənc deyildi, otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızıyanaq – bir sözlə, qız deyil, marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross7 romansları oxuyur və qəhqəhə ilə gülürdü. Bir şey olan kimi qəhqəhəsi aləmi tuturdu: ha-ha-ha! Yadımdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə – ad günündə oldu. Bir də gördük ki, ad gününə vəzifə borcu kimi gələn acıqlı, olduqca darıxdırıcı pedaqoqlar arasında yeni bir Afrodita peyda oldu; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayırdı. Böyük həssaslıqla “Viyut vitri”8 romansını oxudu, sonra başqa romanslar da oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub şirin bir təbəssümlə dedi:

      – Maloross dili öz zərifliyi və ahəngdarlığı ilə qədim yunan dilini xatırladır.

      Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anasının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danışmağa başladı. O deyirdi ki, “Ukraynada balqabaq və kududan elə ləzzətli borş bişirirlər ki, dadı adamın damağından getmir!”

      Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi. Bu fikri direktorun arvadı səsləndirdi, o, yavaşcadan mənə dedi:

      – Onları evləndirsək, yaxşı olar.

      Hamımız, nədənsə, Belikovun evli olmadığını xatırladıq, bu, indi bizim hamımıza qəribə gəlirdi; necə olmuşdu ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Görəsən, qadınlara qarşı onun münasibəti nə cürdür, o bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllər də bu məsələ bizi əsla maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

      – Onun yaşı qırxı çoxdan ötüb, qız isə otuz yaşındadır, – deyə direktorun arvadı öz sözünü izah etdi. – Mənə elə gəlir ki, qız ona ərə gedər.

      Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər; bunların hamısı əsl lazım olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun, inspektorun arvadları və bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, bir də görürdük ki, əlində yekə bir yelpik tutmuş gülərüz, xoşbəxt Varenka lojada əyləşmişdir. Onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırdıq. Məlum oldu ki, Varenkanın da ərə getməyə könlü varmış. Onun həyatı

Скачать книгу


<p>5</p>

Bokli – ingilis sosioloqu

<p>6</p>

Təsək – adətən gecələr yatarkən başa qoyulan araqçın tipli papaq

<p>7</p>

Maloross – Ukrayna nəzərdə tutulur. Maloross dili – şərqi slavyan şivələri əsasında yaranmış dil, müasir Ukrayna dili.

<p>8</p>

Viyut vitri” – “Küləklər vıyıldayır”.