Скачать книгу

e>

      MATEO FALKONE

      Porte-Veksyodan çıxıb şimal-qərbə, adanın içərilərinə doğru irəliləyəndə üzüyuxarı qalxdığını tezliklə hiss edirsən və dərələrin, bəzən isə iri qaya yığınlarının kəsdiyi dolanbac, əyri-üyrü cığırlarla üç saat yol gedəndən sonra gəlib göz işlədikcə uzanan maki sahəsinə çıxırsan. Maki korsikalı çobanların, qanuna tabe olmayanların, bir sözlə, qaçaq-quldurların məskənidir. Onu da deyək ki, korsikalı əkinçi torpağı gübrələməyin çətinliyindən yaxasını qurtamaq üçün meşənin bir hissəsinə od vurub yandırır. Bunu elə etmək lazımdır ki, od lazım olan yerdən uzaqlara yayılmasın. Yanmış ağacların külünün töküldüyü bu xam torpaq sahəsini əkib-becərərkən korsikalı əkinçi yaxşı məhsul götürəcəyinə ümid bəsləyir. Sünbüllər yığılıb qurtarandan sonra artıq zəhmət olmasın deyə, küləşi yığışdırmırlar, elə tökülüb yerdə qalır. Makidə kol-kosla bərabər, yanmış ağacların yerdə qalmış kökü gələn baharda kötükdən pöhrə verir və bir neçə ilin içərisində sıx halda iki-üç metr ucalığında qalxır. Bax, belə sıx qalın pöhrəliklərə maki deyirlər. Burada cürbəcür ağac növünə və kolluğa rast gəlmək olar. Bunlar bir-birinə elə dolaşıb qarışır ki, yalnız əli baltalı adam özünə yol aça bilir. Maki elə qalın cəngəllikdir ki, heç vəhşi qoçlar da onu yarıb keçə bilmirlər.

      Əgər siz bir adamı öldürmüsünüzsə, Porte-Veksyo makisinə gedin. Əgər yaxşı tüfənginiz, barıtınız və gülləniz varsa, orada asudə, təhlükəsiz yaşaya bilərsiniz. Unutmayın ki, belə yerdə qəhvəyi başlıqlı paltonuzu həm yorğan kimi üstünüzə örtər, həm də döşək kimi altınıza sala bilərsiniz. Çobanlar sizə süd, pendir, şabalıd verər və azuqə üçün şəhərə enmək lazım gələnə qədər arxayın ola bilərsiniz ki, belə bir yerdə sizə məhkəmədən, yaxud öldürdüyünüz adamın qohum-əqrəbasından, valideynlərindən heç bir xətər toxunmaz.

      Mən 18…-cu ildə Korsikada olanda Mateo Falkonenin evi həmin bu makinin iki kilometrliyində idi. O, bu yerin adamları ilə müqayisədə varlı idi, ləyaqətlə yaşayırdı, yəni əlini ağdan-qaraya vurmur, öz sürülərindən əldə etdiyi gəlirin hesabına dolanardı. İndi sizə danışacağım bu hadisədən iki il keçəndən sonra onu yenidən görəndə mənə elə gəldi ki, onun yaşı əllini ötmüşdür. Alçaqboy, enlikürəkli, saçları cod, şəvə kimi qara, qartalburun, dodaqları nazik, iri gözləri oyur-oyur oynayan, sifəti aşılanmış dəri rəngində olan bir kişini təsəvvürünüzə gətirin! Yaşadığı ölkədə çoxlu mahir atıcıların olmasına baxmayaraq, onun sərrast güllə atmağı dillərdə dastan idi. Mateo yüz iyirmi addımlıqdan dağ keçisinin başından, kürəyindən, bir sözlə, istədiyi yerindən vura bilərdi, ancaq yanında balası olan heyvana ömründə güllə atmazdı. O, gecə vaxtı da gülləni elə günün günorta çağında olduğu kimi sərrast atırdı. Onun məharəti barədə mənə danışanlar, hətta dedilər ki, Korsikaya gedib deyilənləri öz gözlərilə görməyənlər yəqin ki, qulaqlarına inanmazlar. Gecə vaxtı səksən addım aralıda yanan şamı boşqab böyüklüyündə şəffaf kağız parçasının arxasına qoyardılar. Mateo nişan alar, sonra isə şamı söndürərdilər, bir dəqiqə keçəndən sonra o, zil qaranlıqda atəş açardı və atdığı dörd güllədən üçü ilə kağızı vurub deşərdi.

      Bu nadir məharətinə görə Mateo Falkone böyük şöhrət qazanmışdı. Onu nə qədər sədaqətli və xeyirxah dost sayırdılarsa, bir o qədər də təhlükəli rəqib hesab edirdilər. Yeri gələndə böyüyün-kiçiyin qulluğunda hazır, sədəqə verməkdə əliaçıq olan Mateo Porte-Veksyo mahalında hamı ilə səmimi, mehriban dolanardı. Hələ belə nağıl edirlər ki, günlərin bir günündə Mateo cavan vaxtlarında Kortedə qız üstündə qorxulu, güclü bir rəqiblə üz-üzə gəlməli olur. Deyilənlərə görə rəqib öz evində, pəncərənin yanında kiçik bir güzgü asıb üzünü qırxdığı zaman Mateo onu güllə ilə vurmuşdu. Bu hadisə tamam unudulduqdan sonra Mateo evlənir. Arvadı Cüzeppa ona əvvəlcə bir-birinin ardınca üç qız bəxş edir (bu hal az qalır ki, Mateonu dəli eləsin) və nəhayət, axırda bir oğlan doğur. Oğlana Fortünato adı verirlər. Bütün ailə gözünü ona dikir. Mateo qızları boya-başa çatdırıb ərə verir. Bəd ayaqda kürəkənlərinin xəncərinə, qılıncına arxalanır, onları özünə arxa sayırdı. Oğulun isə vur-tut on yaşı olsa da, hərəkətlərindən çox şeyə qabil olduğu sezilirdi.

      Payız günlərinin birində sübh tezdən Mateo arvadı ilə makinin içərilərində otlayan sürülərindən birinə baş çəkmək üçün evdən çıxır. Balaca Fortünato da atası ilə getmək istəyir, ancaq sürünün otladığı yer çox uzaq idi, həm də evdə bir qaraltı lazım idi, buna görə də atası onu özü ilə aparmır. Bunun üçün onun necə peşman olacağını görəcəksiniz.

      Bir neçə saat keçmişdi. Ancaq Mateo gəlib çıxmaq bilmirdi. Balaca Fortünato günün altında uzanır, xoşhallanır, yaşıl örpəyə bürünmüş dağlara tamaşa edir və gələn bazar günü ata-anası ilə kaporal1 dayısıgilə qonaq gedəcəyi barədə fikirləşirdi. Birdən haradasa uzaqda atılan güllənin səsi onu bu şirin xəyaldan ayırdı. O, yerindən qalxdı və çevrilib düzənliyə, güllə səsi gələn tərəfə baxdı. Dalbadal yenə bir neçə güllə açıldı. Güllələr müxtəlif fasilələrlə atılırdı və indi atışma daha yaxından eşidilirdi. Nəhayət, düzənlikdən Mateonun evinə gələn cığırda üzünü tük basmış, başında dağlılara xas şiş papaq, üst-başı cır-cındır içində tüfənginə söykənə-söykənə gələn bir adam göründü. Deyəsən, bir az bundan əvvəl atılan güllələrdən biri onun budundan dəymişdi.

      Bu adam məhkəmədən qaçıb gizlənən bir quldur idi. Gecə vaxtı şəhərə barıt almağa gedərkən yolda Korsika voltijerlərinin2 pusqusuna düşmüşdü. Atışa-atışa, qayaların dalında gizlənə-gizlənə onu addımbaaddım izləyənlərdən qaçıb qurtara bilmişdi. Ancaq onu izləyən voltijerlərdən o qədər də çox aralana bilməmişdi. Budundan aldığı yara ona əziyyət verdiyindən voltijerlər gəlib çatmamış makiyə girmişdi. O, Fortünatoya yaxınlaşıb dedi:

      – Sən Mateo Falkonenin oğlusan?

      – Bəli.

      – Mən Jianetto Sanpyeroyam. Sarıyaxalılar3 məni izləyirlər. Məni gizlət, daha gedə bilmirəm.

      – Atamın icazəsi olmadan səni gizlətsəm, gələndə mənə nə deyər?

      – Deyəcək ki, sən yaxşı eləmisən.

      – Kim bilir?

      – Məni tez gizlət, gəlirlər.

      – Gözlə, atam gəlsin.

      – Nəyi gözləyim? Qanmaz! Onlar beş dəqiqədən sonra burada olacaqlar. Cəld ol! Məni gizlət, yoxsa səni öldürərəm.

      Fortünato soyuqqanlılıqla ona cavab verdi:

      – Öldürə bilməzsən, tüfəngin boşdur, sənin heç patrondaşında patronun da yoxdur.

      – Mənim xəncərim var!

      – Sən məni tuta bilərsən?

      O, geri sıçradı və gözlənilən təhlükədən sovuşdu.

      – Sən Mateo Falkonenin oğlu deyilsən! Deməli, məni evinizin qabağında qoyacaqsan ki, tutub aparsınlar!

      Görünür, bu söz uşağa təsir elədi.

      – Səni gizlətsəm, mənə nə verərsən? – deyərək ona yaxınlaşdı.

      Quldur kəmərindən asdığı dəri çantanın ciblərindən birini eşələdi və oradan beş franklıq pul çıxardı, yəqin ki, onu barıt almaq üçün saxlamışdı. Gümüş pulu görən kimi uşağın dodağı qaçdı. O, pulu qapdı və Jianettoya dedi:

      – Daha heç nədən qorxma.

      Dərhal evin yanındakı quru ot tayasında bir yarıq açdı. Jianetto ora girdi və uşaq yarığı yenidən elə örtdü ki, həm nəfəs almaq üçün hava keçsin, həm də tayada adam gizləndiyindən heç kim şübhələnməsin. Bundan əlavə, o, ağlagəlməz bir hiylə də işlətdi: pişiyi balaları ilə birlikdə gətirib ot tayasının üstünə qoydu ki, baxıb görən heç nədən şübhələnməsin. Daha sonra evin yaxınlığında, cığırda qan ləkələrini səliqə ilə torpaqlayıb örtdü və hər işi görüb arxayın olandan sonra qayıdıb əvvəlki yerində, günün altında sakitcə

Скачать книгу


<p>1</p>

Kaporal – (Kapral – onbaşı) – feodal senyorlara qarşı əvvəllər üsyan etmiş Korsika kommunarlarının özlərinə seçdikləri başçılara deyirlər. Korsikalılar köhnə adət-ənənəyə görə beş təbəqəyə bölünürlər: zadəganlar (bunların bir qismi magnitgueslər, yəni dəbdəbəli həyat sürənlər, ikinci qismi isə stgmori – senyorlar adlanırlar), kaporallar, vətəndaşlar, plebeylər və əcnəbilər.

<p>2</p>

Voltijerlər – polisə kömək məqsədi ilə dövlət tərəfindən təşkil edilmiş atıcı dəstəsində iştirak edənlərə deyirlər.

<p>3</p>

Sarıyaxalılar – voltijerlərin qəhvəyi rəngli geyimlərinin yaxalığı sarı rəngdə idi, bunun üçün də onlara sarıyaxalılar deyirdilər.