ТОП просматриваемых книг сайта:
Hekayələr. Cəlil Məmmədquluzadə
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242201
Автор произведения Cəlil Məmmədquluzadə
Серия Hekayə ustaları
Издательство Altun Kitab
– Axmaq oğlu axmaq, bə sən niyə yallı getmirsən?
Kərbəlayı Qasım başını əydi aşağı və dedi:
– Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.
Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:
– Yapış, heyvan balası heyvan! Yoxsa, vallah, döyə-döyə səni öldürərəm!
Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər- istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb-düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı:
– Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur, mənə çaxır gətirsinlər. Urra, urra!
Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib, genə başladı fırlanmağa, genə başladı dolanmağa.
Bir qədər keçdi, genə bir stəkan içib, çığırdı:
– Xanımın sağlığına, – və genə başladı dolanmağa, bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:
– İç.
Kərbəlayı Qasım başladı yalvarmağa:
– Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.
Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.
Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü tutub dedi:
– Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.
Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:
– Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.
Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, zurnanın səsindən az qalır qulaqlarım tutulsun. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.
Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:
– Ədə, çalın, namərdlər!
Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:
– Mən ölüm, qoy çalsınlar, mən istəyirəm, oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:
– Ədə, çalın! “Uzundərə” çalın.
Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub dedi:
– Bəy, hələ sonra oynarsan. Göndər nökərini, sizin atınızı çəkib gətirsin, mən istəyirəm, ata baxam.
Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:
– Naçalnik, qurbandır sənə mənim atım!
Bu sözlərdən sonra bəy nökərini çağırdı:
– Kərbəlayı Qasım, tez get, atı çək gətir, naçalnik baxsın.
Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavuqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. At başını göyə qalxızıb çəkildi bir tərəfə. Qurbanəli bəy çığırdı ata:
– Tərpənmə, axmaq!
Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:
– Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax, bu il dördünə ayaq qoyur.
Naçalnik yavuğa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı:
– Buna bax ha!
Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir otərəf-butərəfə baxıb kişnəyirdi.
Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın fasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi:
– Malades, – və bəy cavab verdi:
– Naçalnik, bu, nədi ki! Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə, onu görəsən! Bu, nədi ki, onun yanında.
Kərbəlayı Qasım atı çəkib apardı.
Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı