ТОП просматриваемых книг сайта:
Hekayələr. Самед Бехранги
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242287
Автор произведения Самед Бехранги
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Polad deyirdi:
− Gördün? Bu da sənə bağ. Meyvələrindən bir dənəsi də bizə qismət olmadı.
Sahibəli:
− Axı nə edə bilərdik? Bir aydan çoxdur bağban əlində tüfəng ağacın yanından bir addım da qırağa çəkilmir, − dedi.
Polad:
− Lənətə gəlmiş, bir dənə də olsun qoymayıb qalsın. Ax… O sulu şaftalılardan bir bütövünü necə təpərdim ağzıma! Yadına gəlirmi, keçən il nə qədər şaftalı yedik, − dedi.
Sahibəli narazılıqla dilləndi:
− Elə bil biz adam deyilik. Hər şeyi bir-bir dərib ərbaba verir, o da ki zay eləyir. Bütün günahlar bizim özümüzdədir; əlimiz qoynumuzda durub baxırıq, o da kəndi çapır.
− Bilirsən, Sahibəli, ya bu bağ kəndin olmalıdır, ya da od vurub bağın bütün ağaclarını yandıracağam.
− Odu ikilikdə vurarıq.
− Od vurmasaq, kişi deyilik!
Uşaqlar elə əsəbiləşmişdilər ki, hirslərindən ayaqlarını yerə döyürdülər. Qorxdum ki, birdən məni ayaqlayarlar. Xoşbəxtlikdən ayaqlamadılar. Mənim lap yanımda Poladın ayağına tikan batdı. Əyilib çıxarmaq istəyəndə gözü mənə sataşdı, bir anda tikan yaddan çıxdı. Məni yerdən götürüb:
− Gədə, Sahibəli, − dedi, − bura bax!
Uşaqlar məni bir-birinə verib sevinirdilər. Məni birdən-birə yemək istəmirdilər, çünki çox istiləşmişdim. Özüm də istəyirdim məni sərinlədib sonra yesinlər. Qabarlı və kələ-kötür əlləri qabığımı didsə də, mən bundan incimir, əksinə, sevinirdim. Çünki məni sona qədər ləzzətlə yeyəcək və yeyəndən sonra hətta dodaqlarını da yalayacaq, barmaqlarını da soracaqdılar; günlərlə, həftələrlə dadım damaqlarında qalacaqdı!
− Polad, indiyə qədər belə yekə şaftalı görməmişdik!
− Doğrudan görməmişdik! Gedək hovuzun qırağına. Orada sərinlədib yeyək.
Məni elə ehtiyatla aparırdılar ki, elə bil bu saat əllərindən düşüb sınacaqdım. Hovuzun qırağı sərin və kölgəli idi. Söyüd ağacları buraya elə sərin kölgə salmışdı ki, ilk anda sərinliyi çərdəyimdə belə hiss etdim. Məni ehtiyatla hovuza axan suya qoydular. Qabarlı əlləri ilə suyun axarını tutdular ki, axıb hovuza düşməyim. Su bumbuz idi. Bir az keçəndən sonra Polad və Sahibəli söhbətə başladılar:
− Sahibəli!
− Bəli!
− Deyirəm, bu şaftalının çox böyük qiyməti var ha?
− Əlbəttə!
− Əlbəttə də söz oldu? Əgər bilirsənsə, de görək nə qədər qiyməti var?
− Çox böyük qiyməti var.
− Məsələn, nə qədər?
− Lap sərinlətsək, belə lap sərinlətsək, min tümən!
− Pul görməmisən, elə bilirsən min də puldur…
− Bəs de görək nə qədərdir?
− Yüz tümən.
− Balam, min ki yüzdən çoxdur.
− Mən özümdən düzəltmirəm, atamdan eşitmişəm.
− Əgər belədirsə, onda hər ikisi bir şeydir, mən də özümdən düzəltmirəm, atamdan eşitmişəm.
Polad əli ilə məni yavaşca yoxladı.
− Əllərim dondu. Deyəsən, yeməli olub.
Sahibəli də məni ehtiyatla yoxlayıb:
− Lap buz kimidir, − dedi.
Məni sudan çıxardılar. O dəqiqə istilik hiss etdim. İstəyirdim ki, məni tez yesinlər. Günəşdən və anamdan topladığım bütün qüvvəmi bu iki kəndli balasına bağışlamaq istəyirdim.
Polad və Sahibəli məni yemək qərarına gələrkən fikirləşdim ki, gör ömrümdə neçə dəfə şəkildən-şəklə düşürəm, hələ neçə dəfə də düşəcəyəm. Öz-özümə deyirdim: "Bir gün zərrələrim torpaq, su və nurdan ibarət idi, anam onları yerdən sorub budaqlarının ucuna qədər çatdırırdı. Sonralar anam qönçələndi, gül açdı və yavaş-yavaş mən əmələ gəldim. Bədənimin bütün zərrələrini yavaş-yavaş anamın canından çəkib Günəşin nuruna qatdım. Bundan sonra çərdəyim, qabığım, ətim əmələ gəldi və yetişmiş şaftalı oldum. İndi isə Polad ilə Sahibəli məni yeyirlər. Yəqin ki, canımın bütün zərrələri onların ətlərinə, tük və sümüklərinə çevriləcəkdir. Əlbəttə, bir gün onlar da öləcəklər. Onda mənim canımın zərrələri nə olacaq?.." Xülasə, uşaqlar məni yemək qərarına gəldilər. Sahibəli məni Polada verib dedi:
− Bir dişdəm vur.
O, bir dişləm vurub məni Sahibəliyə qaytardı. Dodaqlarını yaladı. Bayaq dediyim kimi, ağızlarını ləzzətə gətirmişdim. Ətim qurtarmaq üzrə idi. Çərdəyim isə yeni həyat haqqında fikirləşirdi, tədbir arayırdı ki, nə vaxt və nə cür etsin ki, bir daha cücərə bilsin. Axı mən eyni vaxtda həm ölür, həm də yaşamaq istəyirdim.
Polad məni son dəfə ağzına apardı, canımın son ətini qopardı. Ağzından çıxaranda mən şaftalı deyildim, içərisində yaşamaq istəyən tum gizlətmiş kələ-kötür və möhkəm qabıqlı çərdək idim. Çərdəyimin partlayıb cücərməsi üçün rütubətli torpağa ehtiyacım vardı.
Uşaqlar barmaqlarını və dodaqlarını bir neçə dəfə yaladıqdan sonra Sahibəli dedi:
− İndi neyləyək?
− Suya düşək, çimək. Sonra çərdəyi sındırıb tumunu yeyərik.
− Tum üçün özgə planım var, qoy hələ qalsın.
Polad məni söyüdün dibinə qoydu, sonra dalı-dalı çəkilib, ayaqlarını qolları ilə qucaqlayıb arxası üstə özünü suya atdı. Bir dəfə batıb çıxdı. Bulanıq su boğazına qədər idi. Başına, qollarına və qulaqlarına su otları yapışmışdı.
Sahibəli dedi.
− Polad, üzünü o yana çevir.
Polad soruşdu:
− Lüt çimmək istəyirsən?
− Hə, istəyirəm çimdiyimi atam bilməsin. Bilsə, məni döyər.
− Evə qayıtmağımıza hələ çox var.
− Məgər başımızın üstündə Günəşi görmürsən?
Polad daha heç nə demədi, üzünü o yana çevirən kimi Sahibəli özünü suya atdı. Birlikdə üzməyə, suya baş vurmağa, bir-birinin üstünə su atmağa başladılar.
Birdən hər ikisi eyni vaxtda dilləndi:
− Gədə, gecikdik!
Sudan çıxdılar. Polad şalvarını bir neçə dəfə sıxdı. Məni də söyüd ağacının dibindən götürdülər və divardan aşıb getdilər.
Kənd evləri ərbabın bağından xeyli aralıda idi.