Скачать книгу

bu dəfə zəngin dəstəyini daha möhkəm dartdı. Evin dərinliyində zəng səsi eşidildi. Amma evdə əvvəlki kimi sakitlik idi, görünür, zəng səsinə heç kim oyanmamışdı.

      – O-ho! – faytonçu əsnədi. – Yağmurlu gecə ən şirin yuxu zamanıdır.

      Kuzmin bir az da gözləyib zəngi yenidən çaldı. Taxta dəhlizdə addım səsləri eşidildi. Kimsə qapıya yaxınlaşıb dayandı, dinşəyib narazı halda soruşdu:

      – Kimsiniz, nə lazımdır?

      Mayor cavab vermək istəyirdi ki, faytonçu onu qabaqladı.

      – Qapını aç, Marfa, – dedi. – Olqa Andreyevnanın yanına cəbhədən gələn var.

      – Kim gəlib ki? – qapının arxasındakı səs yenidən kobud şəkildə dilləndi. – Biz heç kimi gözləmirik.

      – Gözləmirdiniz, özü gəldi!

      Qapı zəncirli olduğu üçün tam açılmadı. Kuzmin qaranlıqda kim olduğunu, gəlişinin səbəbini dedi.

      – İlahi! – qadın səksəkəli şəkildə qapı arxasından qışqırdı. – Nə narahatçılıq?! İndicə qapını açaram. Olqa Andreyevna yatır. İçəri girin, mən indi onu oyadaram.

      Qapı açıldı, Kuzmin qaranlıq dəhlizə keçdi.

      – Burda pilləkən var, – qadın bu dəfə mülayim səslə xəbərdarlıq etdi. – Belə bir yağmurlu gecədə siz ərinməyib gəlmisiniz! Ehtiyatlı olun, ilişib əzilərsiniz. İndi lampanı yandıraram. Bizdə gecələr işığı kəsirlər.

      Qadın getdi. Mayor isə dəhlizdə dayanıb gözləyirdi. Otaqlardan çay ətri və bir də nəsə şirin qoxu gəlirdi. Dəhlizə bir pişik çıxıb Kuzminin ayaqlarına dolaşaraq mırıldadı və qaranlıq otağa geri qayıtdı, sanki qonağı arxasınca içəri dəvət edirdi. Yarıaçıq qapıdan zəif işıq görünürdü.

      – Buyurun, – qadın dedi.

      Kuzmin içəri keçəndə qadın ona təzim etdi. Bu, hündür, qarabuğdayı qarı idi. Mayor səs salmamağa cəhd edərək ehtiyatla şinelini, papağını çıxardıb qapının yanındakı asılqandan asdı.

      – Narahat olmayın, onsuz da Olqa Andreyevnanı oyatmalı olacağam, – qarı gülümsədi.

      – Limandan gəmi siqnalı burda eşidilirmi? – Kuzmin narahatlıqla soruşdu.

      – Eşidilir, oğlum. Yaxşı eşidilir. Gəmilərin ardı-arası kəsilmir. Bax burda, divanda əyləşin.

      Qadın sözünü deyib getdi. Kuzmin taxta söykənəcəkli divanda əyləşdi. Bir az tərəddüd etdikdən sonra çəkmək üçün papiros çıxartdı. O həyəcanlanırdı və bu anlaşılmaz təlaş onu əsəbiləşdirirdi. Başqasının gecəykən evinə – sirr və müəmma dolu həyatına girərkən adamı bürüyən qəribə hiss onu da çulğalamışdı. Bu həyat stolun üstündə, hansısa altmış beşinci səhifəsində unudulub qalmış kitab kimidir. Bu səhifəyə baxırsan və nə barədə yazıldığını təxmin etməyə çalışırsan.

      Stolun üstündə, həqiqətən də, açıq kitab var idi. Kuzmin qalxıb kitaba doğru əyildi. Qapı arxasındakı tələsik pıçıltılara və paltar xışıltısına qulaq verərək çoxdan unudulmuş sözləri ürəyində oxudu:

      Mümkünsüz də mümkündür,

      Uzaq yol asan olur,

      Uzaqda parıldayır

      Yaylıq altından ani baxış…

      Kuzmin başını qaldırıb ətrafa göz gəzdirdi. Alçaqtavanlı, isti otaq onda yenidən bu şəhərdə qalmaq istəyini oyatdı.

      Bu cür – yemək masasının üstündən ağ, tutqun abajurlu lampa asılmış, xəstə qızcığazın yatağı yanında dayanan köpək təsvirli divar rəsminin üstündən də maral buynuzu asılmış otaqlarda, adətən, xüsusi, sadə rahatlıq olur. Belə otaqlar insanın üzündə təbəssüm yaradır: burda hər şey köhnə dəbli, çoxdan unudulmuş kimidir. Ətrafdakı hər şey, hətta çəhrayı rəngli balıqqulağından olan külqabı da dinc, uzun ömürdən xəbər verirdi. Mayor yenidən burda qalıb köhnə evin digər sakinləri kimi tələsmədən, zəhmət və istirahətin, qış və baharın, yağmurlu və günəşli günlərin bir-birini əvəzləməsi ilə yaşamağın gözəlliyi haqqında düşündü.

      Lakin köhnə əşyalarla yanaşı, otaqda başqa şeylər də vardı: masanın üzərində çəmən güllərindən – çobanyastığı, ballıca, yabanı göyrüş çiçəklərindən ibarət buket vardı. Çiçəklər, güman ki, təzəlikcə yığılmışdı. Süfrənin üstündə qayçı və kəsilmiş artıq yarpaqlar vardı. Yanında isə həmin açıq kitab – Blokun6 “Uzaq yol asan olur” kitabı qoyulmuşdu. Bundan başqa, royalın üstündə kiçik, qara rəngli qadın şlyapası və mavi məxmər örtüklü şəkil albomu vardı. Şlyapa heç də qədimi deyildi, müasir dəbə uyğun idi. Həmçinin masanın üstünə səliqəsiz atılmış nikel bilərzikli qol saatı da gözə dəyirdi. Saatın səssiz irəliləyən əqrəbi ikinin yarısını göstərirdi. Bir də adama belə gecələrdə kədər aşılayan xəfif ətir qoxusu gəlirdi…

      Pəncərənin bir tayı açıq qalmışdı. Bayırda – beqoniya çiçəyi7 əkilmiş dibçəyin arxasında isə pəncərədən düşən zəif işığın altında yaş yasəmən kolları görünürdü. Qaranlıqda çisələyən yağışın “pıçıltıları” eşidilirdi. Sürətlə düşən damlalar dəmir novalçanı döyəcləyirdi.

      Kuzmin damlaların səsinə qulaq verdi. Əsrlərlə insanlara ötüb-keçən hər dəqiqənin geri dönməzliyi barədə əzab verən fikri onun məhz indi – gecəykən, yad evdə ağlına gəlmişdi və bu evdən bir daha qayıtmamaq şərti ilə bir neçə dəqiqədən sonra çıxıb gedəcəkdi.

      “Bu nədir, qocalıram yoxsa?” – deyə ürəyində düşünüb geri çevrildi. Otağın kandarında qara paltarlı gənc bir qadın dayanmışdı. Görünür, o, qonağın qabağına çıxmaq üçün tələsdiyindən saçını dağınıq yığmışdı. Hörüyünün biri sürüşüb çiyninə düşmüşdü. Gözünü mayordan çəkmədən utana-utana hörüyünü qaldırıb sancaqla boynunun arxasında bərkitdi. Kuzmin qadına təzim etdi.

      – Bağışlayın, – deyə qadın əlini qonağa uzatdı. – Sizi bir az gözlətdim.

      – Siz Olqa Andreyevna Başilovasınız?

      – Bəli.

      Kuzmin qadına nəzər saldı. Onun gəncliyi və gözlərinin dərin, azacıq dumanlı parıltısı mayoru heyran eləmişdi. Narahatlıq verdiyinə görə üzr istəyib kitelinin cibindən Başilovun məktubunu çıxararaq qadına verdi. O, məktubu alıb oxumadan royalın üstünə qoydu.

      – Niyə ayaq üstə durmuşuq ki? – dedi. – Əyləşin. Bax bura, masaya yaxın oturun. Bura işıqlıdır.

      Kuzmin masa arxasına keçib papiros çəkmək üçün icazə istədi.

      – Çəkin, əlbəttə! – qadın dedi. – Deyəsən, mən də çəkməli olacağam.

      Kuzmin ona papiros təklif edib kibrit alışdırdı. Bu zaman qadının üzünə kibritin işığı düşdü və hamar alınlı bu düzgün sifət Kuzminə nədənsə tanış gəldi.

      Olqa Andreyevna mayorla üzbəüz oturmuşdu. Mayor sorğu-sual

Скачать книгу


<p>6</p>

Aleksandr Blok (1880-1921) – görkəmli rus şairi; haqqında danışılan “Uzaq yol asan olur” kitabının adı isə 1908-ci ildə yazılmış “Rusiya” adlı şeirindəki misradan götürülüb.

<p>7</p>

Beqoniya çiçəyi – dekorativ dibçək gülü; çiçək Haitinin qubernatoru Mişel Beqonun (1638–1710) şərəfinə adlandırılıb. Belə ki, M.Beqon Haitiyə qubernator təyin olunduqdan sonra adanın turizm infrastrukturunu, eyni zamanda yerli əhalinin əkinçiliyə marağını artırmaq üçün burada bitən bütün bitki aləmini təsnifatlandıraraq kataloq yaradıb. Beqoniya çiçəyi isə botaniklərə məlum olmayan yeni bitki olduğu üçün onu kəşf edən qubernatorun şərəfinə adlandırılıb.