Скачать книгу

hadisə baş verib. Dunyanı istəyən var. Artıq razılığını verib. Səninlə məsləhət edincə gec olardı. Pyotr Petroviç Lujin Marfa Petrovnanın uzaq qohumudur. Onun vasitəsilə tanış olmaq istəmişdi. Marfa Petrovna da bu işin baş tutmasına çox kömək edib. O, iş adamıdır, Peterburqa getmək üçün tələsir deyə tezliklə və qəti cavab istədi. Çox götür-qoy etdik. O, çox etibarlı və təmin olunmuş adamdır. Hərçənd qırx beş yaşı var, ancaq görkəmcə çox xoşagəlimli, həlim adamdır. İlk baxışda qaraqabaq, təkəbbürlü görünə bilər. Peterburqda siz mütləq görüşəcəksiniz. İlk baxışdan yanlış nəticə çıxarma. Düzdür, çox şöhrətpərəstdir, xoşlayır ki, ona qulaq assınlar. Onların arasında sevgi-filan olmasa da, bir-birini xoşbəxt etməyin qayğısına qala bilərlər. Razılıq alandan sonra deyir ki, həmişə istəyirdim elə qız alım ki, cehizsiz olsun, özü də müsibətli günlər görmüş olsun. Ümumi vəkil kontoru açmaq üçün Peterburqa gedir. Həm də senatda mühüm işi var, sənin üçün də xeyirli adam ola bilər. Sənin haqqında ona demişik, dedi ki, onsuz da mənə bir katib lazım olacaq. Sən də hüqüq fakültəsində oxuyursan. Dunya deyir ki, gələcəkdə Pyotr Petroviçin ayrı-ayrı işləri məhkəməyə vermək məsələsində onun köməkçisi, hətta şəriki olarsan. Məncə, o, gələcəkdə mənim onlarla birlikdə yaşamağımı da istəyəcək, ancaq mən buna razı olmaram. Rodya, əzizim, çox yaxınlarda biz Peterburqa gələcəyik. Bu, Pyotr Petroviçin işindən asılıdır. Çünki evlənmək məsələsini mümkün qədər tezləşdirmək istəyir. Bilsən, sənin üçün nə qədər darıxmışıq. Dunya səninlə görüşəcəyini düşünəndə ürəyi əsir. Deyir, yaz ki, onu bağrıma basıram, öpürəm. Hətta zarafatla deyir ki, Rodyanı görmək üçün Pyotra ərə gedirəm. Əzizim, daha bəsdir. Səni qucaqlayıb bağrıma basıram. Rodya, sən bizim həyatımızsan. Yenə də Allaha dua edirsənmi? Dualarını əsirgəmə. Öpürəm, Rodya!

Anan: Pulxeriya Raskolnikova”.

      Raskolnikov məktubu oxumağa başlayandan bitirincəyədək ağladı.

      IV

      Anasının məktubu ona çox əzab vermişdi. Ən əsası isə evlənmək məsələsi idi ki, onu özlüyündə çözmüşdü: nə qədər ki mən sağam, onlar heç vaxt evlənməyəcəklər!

      O, məktubda yazılanları sözbəsöz xatırlayır, xatırladıqca əsəbindən dodaqları əsirdi. Yaxşı bilirdi ki, anası cənab Lujini niyə tərifləyir. Niyə “ilk baxışdan sərt görünə bilər, tələsik nəticə çıxarma” deyir. Açıq-aydın görünürdü ki, Dunya özünü qardaşına qurban edir və bu da anasına vicdan əzabı verir. Raskolnikovun hiddəti get-gedə artırdı. Cənab Lujin qarşısına çıxsa idi, öldürərdi. Birdən özünə gəlib dayandı. “Olmayacaq? Bunun üçün nə edəcəksən? Nə vəd edirsən onlara? Universiteti başa vurub, özünə qulluq tapıb bütün gələcəyini onlara həsr edəcəksənmi? Bəs indi? Elə indi, bu saat nəsə eləmək lazımdır. Bəs sən nə edirsən?” Birdən o öz-özünə dedi: “Axı mən hara gedirəm? Məktubu oxuyan kimi yola düşdüm. Hə, Vasilyevsk adasına, Razumixinin yanına…”

      Razumixin onun tələbə yoldaşı idi. Raskolnikov tələbə vaxtı hamıdan kənar gəzər, heç kimlə yoldaşlıq etməzdi. Ancaq dərslərini oxuyardı deyə hamı ona hörmət edərdi. Nədənsə Razumixinlə uzlaşa bilmişdi. Razumixin hündür, arıq, qarasaçlı, gözəgəlimli, həm də şən, sadə, xoşxasiyyət oğlan idi. Çox kasıb idi. Orada-burada işləyib pul qazanardı. Maddi ehtiyac üzündən universitetdən çıxmağa məcbur olmuşdu.

      Raskolnikov öz-özünə fikirləşdi: “Mən niyə indi Razumixinin yanına gedirəm? – Alnını ovuşdurdu: – Mən onun yanına o məsələdən sonra, səhəri gün gedəcəm… Ondan sonra? Məgər o, doğrudanmı, olacaq?!” Bütün bədəni əzgin idi, qəlbi təşviş içindəydi: “İlahi, doğrudanmı, mən onu öldürə bilərəm? Axı mən nə edirəm?” Ən yaxşısı evə getmək idi. Seno2 meydanından fırlanıb evə gəldi. Saat doqquz olardı. “K” küçəsinin tinində bir meşşan arvadı ilə bərabər alver edirdi. Bir tanış gəldiyindən başları söhbətə qarışmışdı. Bu tanış həmin sələmçi qarı Alyona İvanovnanın bacısı Lizaveta İvanovna idi. Raskolnikov onu tanıyırdı, o da Raskolnikovu bir az tanıyırdı. Lizaveta hündürboy, kobud, yöndəmsiz, gicbəsər, itaətkar bir qız idi. O, kölə kimi bacısının itaətində idi. Otuz beş yaşlı bu qız əlində düyünçə meşşanla arvadının qabağında durmuşdu, onlar da qızğın-qızğın ona nəsə deyirdilər.

      – Siz bu dəfə Alyona İvanovnaya heç nə deməyin. Bizim yanımıza gəlin, bu, əlverişli işdir.

      – Nə vaxt gəlim?

      – Sabah saat yeddidə. Onlardan da gələn olacaq, özünüz şəxsən həll edərsiniz.

      – Yaxşı, gələrəm.

      Raskolnikov bildi ki, sabah saat yeddidə qarının bacısı evdə olmayacaq. Meşşanla arvadının qızı nə üçün çağırdıqlarını sonralar bildi. Şəhərə gələn kasıblamış adamlar pal-paltar və cürbəcür şeylər satmaq üçün alverçi qadın axtarırdılar. Lizaveta da bu şeyləri satmağı müəyyən faizlə boynuna götürürdü.

      Raskolnikov hələ qışda ilk dəfə Alyona İvanovnadan girov qoymaqla pul götürəndə eşitmişdi ki, çox haramzadə, kinli, murdar adamdır. Girovun vaxtını bircə gün gecikdirsən, qoyduğun girov batdı. Onu da eşitmişdi ki, onun Lizaveta adlı bacısı var. Murdar qarı tez-tez onu döyür. Eşitdiklərindən bildi ki, Lizaveta onun kiçik, həm də anadan ayrı bacısıdır. Gecə-gündüz onun üçün işlər, qarşısında tir-tir əsər, hətta bacısı onu döysə də, dözərdi. Sena meydanından gələn kimi özünü divanın üstünə yıxıb titrədə-titrədə yuxuya getdi.

      Nastasya səhər saat onda onu zorla oyatdı. Çay və çörək gətirmişdi. Raskolnikov ayağa durub hərləndi, yenə divana yıxıldı.

      – Yenə yatırsan? Azarlamısan, nədi?

      Raskolnikov gözlərini yumdu.

      Nastasya saat ikidə bir də gəldi. Bu dəfə isə şorba gətirmişdi. Raskolnikov hələ yatırdı. Çaya əlini də vurmamışdı.

      – Niyə bu qədər yatırsan, dur ayağa!

      Raskolnikov qalxıb oturdu. O susur, gözünü yerdən çəkmirdi.

      – Yeyəcəksən, ya yox?

      O, zəif, əsəbi halda:

      – Sonra. Sən get, – dedi.

      Raskolnikov şorbadan çox iştahsız üç-dörd qaşıq yedi. Sonra yenə divana uzanıb xəyala daldı. Birdən saatın zənginə diksinib gözlərini açdı. Pəncərədən baxıb saatın neçə olduğunu anladı. Bəlkə də, saat altı idi. Birdən o özünü itirmiş kimi bərk təşvişə düşdü.

      Əslində, hazırlanmalı bir şey də yox idi. Köhnə köynəyini cırıb paltosunun sol tərəfinə qoltuğunun altına ilgək tikdi. Baltanı əlində apara bilməzdi, paltonun altında gizlətsə də, əllə tutmalı idi. İndisə baltanın baş tərəfini ilgəyə keçirəcəkdi. Sonra girov qoymaq üçün çoxdan hazırladığı əşyanı götürdü. Qaldı balta məsələsi, onu da ev sahibəsinin mətbəxindən götürəcəkdi. Nastasya çox vaxt bir yerə gedəndə mətbəxin qapısını açıq qoyurdu.

      Raskolnikov mətbəxə çatanda gözucu baxıb gördü ki, Nastasya iş görür. Üzünü çevirib elə getdi ki, guya heç nə görməyib. O,

Скачать книгу


<p>2</p>

Seno meydanı – vaxtilə Sankt-Peterburqun bu meydanında quru ot (сено) satıldığı üçün XVIII əsrin sonlarından belə adlandırılır