ТОП просматриваемых книг сайта:
Türk hekayələri. Коллектив авторов
Читать онлайн.Название Türk hekayələri
Год выпуска 0
isbn 978-9952-8450-1-6
Автор произведения Коллектив авторов
Издательство JekaPrint
Mühiddin bəy yenə də arxayın-arxayın cavab verdi:
– Doğru deyirsiniz. Mən müxbirliyə başlayanda bütün sərmayəm bir hambal ipindən ibarət idi. Amma bu da bir sərmayə hesab olunur… Mənə bu cür meydan oxumağınızı gülünc sayıram. Mən dediyimi etməyə qadir adamam. Heç nədən sütunlar dolusu hadisə uydurmağı bacarıram. Nəyə gülürsünüz? Mən dediyimi isbat etməyə hazıram. İstəyirsiniz mərc gələk. Beş dəqiqə içində ən həyəcanlı bir əhvalat düzəldə bilsəm, almamış olduğunuz iki aylıq maaşın birindən imtina edəcəksiniz. Mərci mən uduzsam, onda iki aylıq pulunuzu da alacaqsınız, maaşınızı da artıracağam. Söz verirəm. Nədir? Gülürsünüz?
Doğrudan da, müxbirlər qəhqəhə çəkib gülürdülər: Bəli, təklifinə razıyıq. Sözümüz sözdür, – deyirdilər.
Bu zaman Mühiddin bəyin gözü küncdəki kresloda oturub, hadisəni qımışa-qımışa seyr edən maliyyə müfəttişinə sataşdı:
– Tutaq ki, bunların ağlı yoxdur, bəs sizə nə olub? Siz niyə gülürsünüz? Siz ki, özünüzü ağıllı adam hesab edirsiniz. Həm də mənim dostumsunuz. Onların avara danışıqlarını bəyənən bir adam kimi hırıldamağınıza nə ad vermək olar?
Bu gözlənilməz töhmət qarşısında Müqbil bəy pərt oldu. Bir təhər özünü ələ aldı:
Siz nə deyirsiniz, Mühiddin bəy? Niyə bu cür haqsız ittiham irəli sürürsünüz? Necə olur ki, siz məndən belə bir hərəkət gözləyirsiniz? Hadisə mənə bir az qəribə göründü…
– Belə çıxır ki, siz bura dostunuzu ələ salmağa gəlibsiniz… Təəssüf edirəm.
– Həddi aşmayın, Mühiddin bəy. Qonaqla belə rəftar…
– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini təhqir etmək kimi tərbiyəsizliyə yol verir…
Maliyyə müfəttişi ayağa durdu:
– Sizə deyirəm danışığınıza fikir verin.
Mühiddin bəy ağzını açıb, gözünü yummuşdu. Ağzı köpüklənə-köpüklənə deyirdi:
– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini haqsız çıxardır… Bir insan ki…
Məgər yalandır? Həm camaatın maaşını vermə, həm də…
Mühiddin bəy gurultulu bir qəhqəhə ilə qonağın sözünü kəsdi:
– Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Dediklərini eşidən zənn edər ki, Müqbil bəy tərtəmiz, vicdanlı bir qulluq adamıdır… Ömründə heç kimin haqqını yeməyib. Əlinə haram pul dəyməyib… Rüşvət almaq nə özgə malını yemək nədir, bilməz. Kaş ki, maliyyə kassalarının dili olaydı. Tez-tez onlara uzanan qara əlin…
Mühiddin bəy sözünü deyib qurtara bilmədi. Üzünə bərk bir şillə dəydi. Dalınca ikinci, üçüncü zərbə… Qəzet sahibi ilə qonaq əlbəyaxa oldu. Müqbil bəy buğa kimi qüvvətli idi. Mühiddin bəyi ayaqları altına salıb, bağırda-bağırda döyməyə başladı.
Muxbirlər yaxşıca həzz aldılar. Onlar dalaşanları aralamaq və müdirlərini xilas etmək istəyən adamlar kimi vurnuxurdular, amma ciddi təşəbbüs göstərmirdilər.
Müqbil bəy qəzet sahibini əməlli-başlı əzişdirəndən sonra çəliyini və şlyapasını götürüb, söyə-söyə qapıdan çıxdı.
Nadir əfəndi və Nəcib müdirin qolundan tutub, onu yerdən qaldırdılar. Mühiddin bəy inildəyə-inildəyə masanın arxasına keçdi. Bir əli ilə ağzının qanını silib, o biri əliylə qələmi götürdü:
– Mən mərci uddum. İki sütunluq yazı üçün mövzu icad etdim. Əvvələn, böyük sərlövhə altında yazın: «Qəzetimizin sahibinə qarşı sui-qəsd». İkinci sərlövhə belə olacaq: «Şübhəli bir maliyyə müfəttişi müdirimizin və baş redaktorumuzun bəzi tənqidlərindən narazı qaldığı üçün onu vəzifə başında öldürmək istədi… və s.»
ÜZRLÜ SƏBƏBLƏR
Rıfqı əfəndi vəqf idarəsində7 katib idi. Özünə görə ağlı və biliyi vardı. Gələcəkdə onu yaxşı vəzifə və mühüm işlər gözləyirdi. Amma, heyf ki, düzəlməz bir nöqsanı, daha doğrusu, xəstəliyi var idi; iş yerində oturmaqdan xoşu gəlmirdi. Nə müdiriyyətin xəbərdarlığı, nə töhmət, nə maaşının tutulmağı, nə də işdən qovulma hədələri ona təsir edirdi. İdarə müdiri ona tez-tez nəsihət verəndə Rıfqı əfəndi boynunu büküb yazıq-yazıq deyərdi:
– Ah, bəy əfəndi, mənim ixtiyarımda olsaydı işə vaxtlı-vaxtında gəlməzdimmi? Zati-alinizin bu cür əsəbiləşməyinə, özümün də bu qədər sərt rəftara düçar olmağıma heç yol verərdimmi?
İdarə müdirinin işdən çıxarıldığı haqda xəbəri Rıfqı əfəndi böyük sevinclə qarşıladı. Təzə müdir onu yaxından tanıyana qədər Rıfqı əfəndi istədiyini edə bilərdi.
Təzə müdir kabinetinə gələn kimi bütün katiblər onu təbrikə getdilər. Hamı kabinetdən çıxandan sonra Rıfqı əfəndi müdirə yaxınlaşıb, ertəsi gün üçün işdən icazə istədi.
– Bacım oğlu nikahlanacaq, – dedi.
Müdir yaxşı adam idi. Etiraz etmədi:
– Buyurun, buyurun əfəndim, sabah işə gəlməyin! – dedi.
O gündən sonra Rıfqı əfəndi üçün dalbadal nikah, toy, sünnət məclisləri başlandı. Qohumlarından bir çoxuna toy və ya sünnət edildi, çoxu da kürəkən yaxud gəlin oldu. Təbiidir ki, bu hadisələrlə əlaqədar olaraq Rıfqı əfəndi işə getmədi.
Toylar qurtarandan sonra «anadan olmalar» başlandı. Təzə gəlinlərin hamiləlik müddəti çatmamış uşaqları olmağa başladı. Bu səbəblərə görə, əlbəttə, Rıfqı əfəndi işdən əkilirdi.
Dünya bitib-tükənməyən hadisələrlə doludur. Hər yaranan axırda ölməlidir. Bu, təbiətin dəyişməyən qanunudur.
Rıfqı əfəndinin ailəsində də toylar, anadan olmalar qurtaran kimi ölümlər başlandı. İki-üç gün fasilə ilə əmilər, dayılar, dayı uşaqları bir-bir ölüb gedirdilər. Elə bil onların içinə taun, vəba, İspaniya epidemiyası düşmüşdü. Amma yeni müdirin hümməti-müdaxiləsi nəticəsində bu ölümlərin qarşısı tez alına bildi. Katibin hər yeni matəminə səmim-qəlbdən şərik olan müdir bir gün qaşqabağını sallayıb dedi:
– Əzizim, işimiz tökülüb qalır. Sizin ailəniz çox qəribə ailədir… Baxırsan ki, qohumlarınız dalbadal toy etmək həvəsinə düşdülər. Təzə gəlin və kürəkən olan qohumlarınızın on beş-iyirmi gün içində uşaqları olur. İndi də ölməyə başlayıblar. İşə gəlməmək üçün göstərdiyiniz səbəblər əslində üzrlü səbəblərdir. Ancaq işimiz çox olduğuna görə bundan sonra sizə icazə verə bilməyəcəyəm. İcazə o zaman veriləcək ki, allah göstərməsin, ata, ana, arvad, uşaq kimi yaxın qohumlarınızdan birinin başına müsibət gəlmiş olsun.
Rıfqı əfəndi qərara gəldi ki, adətini tərgitsin. Özünü ancaq üç gün saxlaya bildi. Dördüncü günün sabahı uşaqlarından birini fəda etdi. Ondan üç gün sonra ikinci, beş gün sonra üçüncü uşağı da öldü. Şübhəsiz ki, uşaqların
7
Xeyriyyə üçün bağışlanmış mal və mülkü idarə edən müəssisə.