ТОП просматриваемых книг сайта:
KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Читать онлайн.Название KAPİTAL. Siyasi iqtisadın tənqidi
Год выпуска 0
isbn 978-9952-8245-3-8
Автор произведения Карл Генрих Маркс
Издательство JekaPrint
Ümumi əməyi, yəni bilavasitə ictimailəşmiş əməyi tədqiq etmək üçün bu əməyin bütün mədəni xalqların tarixi başlanarkən təsadüf etdiyimiz ibtidai formasına qayıtmağımıza ehtiyac yoxdur. Öz istehlakı üçün taxıl, mal-qara, iplik, kətan, geyim şeyləri və i. a. istehsal edən kəndli ailəsinin patriarxal kənd istehsalı bizə daha yaxın bir misal verir. Bu müxtəlif şeylər həmin ailəyə öz ailə əməyinin müxtəlif məhsulları kimi qarşı durur, lakin bu şeylər bir-birinə əmtəə kimi qarşı durmur. Bu məhsulları yaradan müxtəlif işlər: tarlanın becərilməsi, mal-qaraya baxılması, əyiricilik, toxuculuq, dərzilik və i. a. öz natural formasında olan ictimai funksiyalardır, çünki bunlar, əmtəə istehsalında olduğu kimi, təbii surətdə meydana gəlmiş öz əmək bölgüsü olan ailənin daşıdığı funksiyalardır. Cins və yaş fərqləri, habelə ilin fəsillərinə görə təbii əmək şəraitinin dəyişilməsi ailə üzvləri arasında əmək bölgüsünü və ayrılıqda hər bir ailə üzvünün iş vaxtını tənzim edir. Lakin fərdi iş qüvvələrinin vaxtla ölçülən məsrəfi burada artıq lap əvvəldən həmin işlərin özünün ictimai tərifi kimi meydana çıxır, çünki burada fərdi iş qüvvələri lap əvvəldən ailənin məcmu iş qüvvəsinin ancaq orqanları kimi fəaliyyət göstərir.
Nəhayət, müxtəliflik xatirinə, ümumi istehsal vasitələri ilə işləyən və planauyğun surətdə [zelbstbewusst] öz fərdi iş qüvvələrini bir ictimai iş qüvvəsi kimi sərf edən sərbəst insanlar ittifaqını təsəvvürə gətirək. Robinzon əməyinin bütün tərifləri burada təkrar olunur, lakin fərdi miqyasda deyil, ictimai miqyasda təkrar olunur. Robinzon əməyinin bütün məhsulları ancaq onun şəxsi məhsulu idi və, deməli, onun özü üçün bilavasitə istehlak şeyləri idi. Sərbəst insanlar ittifaqının bütün əmək məhsulu ictimai məhsuldur. Bu məhsulun bir hissəsi yenidən istehsal vasitələri xidməti görür. Həmin hissə ictimai məhsul olaraq qalır. Lakin digər hissə ittifaq üzvləri tərəfindən yaşayış vasitələri kimi istehlak olunur. Buna görə də həmin hissə onların arasında bolüşdürülməlidir. Bu bölüşdürmənin üsulu ictimai istehsal orqanizminin öz xarakterinə və istehalçıların tarixi inkişaf pilləsinə uyğun olaraq dəyişiləcəkdir. Yalnız əmtəə istehsalı ilə müqayisə üçün fərz edək ki, yaşayış vasitələrində hər bir istehsalçının payı onun iş vaxtı ilə müəyyən edilir. Bu şəraitdə iş vaxtı iki cür rol oynayardı. Onun ictimai-planauyğun surətdə bölüşdürülməsi müxtəlif əmək funksiyaları ilə müxtəlif tələbat arasında lazımi nisbət yaradır. Digər tərəfdən, iş vaxtı eyni zamanda məcmu əməkdə və, deməli, bütün məhsulun fərdi surətdə istehlak edilən hissəsində istehsalçıların fərdi iştirakı üçün bir ölçüdür. Burada insanların öz əməyinə və öz əmək məhsullarına olan ictimai münasibətləri həm istehsalda, həm də bölgüdə son dərəcə aydındır.
Əmtəə istehsalçıları cəmiyyətinin ümumi ictimai istehsal münasibəti ondan ibarətdir ki, burada istehsalçılar öz əmək məhsullarına əmtəə kimi, deməli, dəyər kimi yanaşırlar və bu şey formasında onların xüsusi işləri bir-birinə bərabər insan əməyi nisbətində olur; belə bir cəmiyyət üçün ən münasib din forması abstrakt insanı təqdis edən xristianlıqdır, xüsusən onun protestantlıq, deizm və i. a. kimi burjua növləridir. Qədim Asiya, antik və i. a. istehsal üsulları şəraitində məhsulun əmtəəyə çevrilməsi və, deməli, insanların əmtəə istehsalçısı kimi varlığı tabe rol oynayır, lakin icma yaşayış tərzinin dağılması daha çox dərinləşdikcə, bu rol daha əhəmiyyətli olur. Əsil tacir xalqlar Epikur allahları kimi ancaq qədim dünyanın aləmlərarası fəzalarında və ya polyak cəmiyyətinin məsamələrindəki yəhudilər kimi yaşayırlar. Bu qədim ictimai istehsal orqanizmləri burjua ictimai istehsal orqanizminə nisbətən müqayisə edilməyəcək dərəcədə sadə və aydındır, lakin bunlar ya başqa adamlarla hələ təbii-qəbilə əlaqələri göbəyindən ayrılmamış olan fərdi insanın yetkin olmamasına, ya da bilavasitə ağalıq və tabelik münasibətlərinə əsaslanır. Bunları yaşadan şərt əməyin məhsuldar qüvvələrinin aşağı inkişaf pilləsində olmasından və müvafiq surətdə insanlar arasındakı münasibətlərin həyatın maddi istehsal prosesi çərçivəsi ilə məhdud olmasından, deməli, onların bir-birinə və təbiətə olan bütün münasibətlərinin məhdudluğundan ibarətdir. Bu gerçək məhdudluq təbiəti ilahiləşdirən qədim dinlərdə və xalq etiqadlarında ideal surətdə əks olunur. Gerçək aləmin dini inikası ümumiyyətlə ancaq o zaman aradan qalxa bilər ki, insanların gündəlik əməli həyat münasibətləri onların bir-biri ilə və təbiətlə aydın və ağla uyğun əlaqələrində ifadə olunsun. İctimai həyat prosesinin, yəni maddi istehsal prosesinin quruluşu öz üzərindəki mistik dumanlı pərdəni ancaq o zaman atacaqdır ki, bu quruluş insanların sərbəst ictimai ittifaqının məhsulu olsun və onların şüurlu planauyğun nəzarəti altında olsun. Lakin bundan ötrü cəmiyyətin müəyyən maddi əsası və ya bir sıra müəyyən maddi həyat şəraiti lazımdır ki, bu da uzun sürən və əzablı bir inkişaf prosesinin təbii surətdə yetişən məhsuludur.
– Doğrudur siyasi iqtisad dəyəri və dəyər kəmiyyətini – kifayət qədər olmasa da – təhlil etmiş34 və bu formalarda gizlənən məzmunu aşkar çıxarmışdır! Lakin siyasi iqtisad bircə dəfə də belə bir sual verməmişdir ki, nəyə görə bu (məzmun belə bir forma alır, başqa sözlə desək – nəyə görə əmək dəyərdə ifadə olunur, əməyin ölçüsü olmaq etibarı ilə onun sərf olunduğu müddət isə əmək məhsulunun dəyər kəmiyyətində35? İnsanın istehsal prosesi üzərində deyil, istehsal prosesinin insanlar üzərində hakim olduğu bir ictimai formasiyaya mənsub olmaq damğası daşıyan formullar siyasi iqtisadın burjua düşüncəsinə özlüyündə aydın olan bir şey kimi, məhsuldar əmək qədər təbii və zəruri bir şey kimi görünür. Buna görə də kilsə xadimləri xristianlıqdan əvvəlki dinlərə necə xor baxırlarsa, siyasi iqtisad da burjua ictimai istehsal orqanizmindən əvvəlki ictimai istehsal orqanizmi formalarına təqribən eləcə xor baxır36.
Mübadilə dəyərinin yaradılması prosesində təbiətin rolu haqqında bəzi iqtisadçıların darıxdırıcı və mənasız mübahisəsi də göstərir ki, əmtəə aləminə xas olan fetişizm, yaxud əməyin ictimai təriflərinin şey şəklində görünməsi bu iqtisadçıları nə dərəcədə çaşdırır. Mübadilə dəyəri şeyin istehsalına sərf olunmuş əməyi ifadə etmək üçün ancaq müəyyən bir ictimai üsul olduğuna
34
Dəyər kəmiyyətinin Rikardo tərəfindən edilən təhlilinin qənaətbəxş olmaması – bu isə dəyər kəmiyyətinin ən yaxşı təhlilidir – bu əsərin üçüncü və dördüncü kitablarında göstəriləcəkdir. Ümumiyyətlə dəyərə gəldikdə, klassik siyasi iqtisad dəyərdə ifadə olunan şəkildəki əməklə məhsulun istehlak dəyərində ifadə olunan eyni əmək arasında heç bir yerdə tam aydın və şüurlu surətdə açıqca fərq qoymur. Faktik surətdə klassik siyasi iqtisad, əlbəttə, belə bir fərq qoyur, çünki birinci halda əməyi miqdar cəhətindən, ikinci halda isə keyfiyyət cəhətindən nəzərdən kecirir. Lakin onun heç ağlına da gəlmir ki, əmək növlərinin xalis miqdarca fərqi onların keyfiyyət vəhdəti və ya bərabərliyini, deməli, onların abstrakt insan əməyinə müncər olmasını nəzərdə tutur. Məsələn, Rikardo deyir ki, o, Destüt de Trasinin bu sözlərinə şərikdir: “Fiziki və mənəvi qabiliyyətlərimizin yeganə ilkin sərvət olması tamamilə aşkar olduğuna görə, bu qabiliyyətlərin tətbiq olunması, yəni əmək bizim ilkin xəzinəmizdir. Sərvət adlandırdığımız bütün şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeyləri ancaq bu qabiliyyətlərin tətbiq edilməsi yaradır… Bu da aydındır ki, bütün bu şeylər ancaq onları yaradan əməyi təmsil edir və əgər bunların dəyəri, yaxud hətta iki müxtəlif dəyəri vardırsa, bu dəyər ancaq həmin şeyləri doğuran əməyin dəyərindən törəyir“ (Ricardo. „The Principles of Political Esonomy“. Biz ancaq bunu qeyd edəcəyik ki, Rikardo Destütə bu məsələ haqqında özünün daha dərin olan anlayışını isnad verir. Doğrudur, Destüt, bir tərəfdən, deyir ki, sərvətimizi təşkil edən bütün şeylər, “onları yaradan əməyi təmsil edir“, lakin, digər tərəfdən, o iddia edir ki, bunların “iki müxtəlif dəyəri” (istehlak dəyəri və mübadilə dəyəri) „əməyin dəyərindən“ törəyir. Beləliklə, o, bir əmtəənin (burada əməyin) dəyəri olduğunu fərz edib, sonra bunun vasitəsi ilə başqa əmtəələrin dəyərini müəyyən edən vulqar siyasi iqtisadın bu bayağı fikirlərini təkrar edir. Rikardo isə Destütü belə oxuyur: istehlak dəyərində də, mübadilə dəyərində də əmək (əməyin dəyəri yox) təmsil olunur. Lakin Rikardo özü ikili şəkildə təmsil olunan əməyin ikili xarakterkni o qədər pis ayırd edir ki, „Dəyər və sərvət, bunların fərqləndirici xassələri” adlı bütöv bir fəsil boyunca J. B. Sey kimi bir çənabın bayağı fikirləri ilə əlləşməyə məcbur olur. Ən axırda Rikardo heyrətlə görür ki, Destüt onunla birlikdə əməyi dəyərin mənbəyi hesab etsə də, dəyər anlayışına verdiyi tərifdə eyni zamanda Sey ilə də şərik olur.
35
Klassik siyasi iqtisadın əsas nöqsanlarından biri bundan ibarətdir ki, heç bir zaman əmtəənin və xüsusən əmtəə dəyərinin təhlildən dəyəri məhz mübadilə dəyəri edən dəyər formasını hasil edə bilməmişdir. Məhz özünün A. Smit və Rikardo kimi ən yaxşı nümaytəndələrinin şəxsində klassik siyasi iqtisad dəyər formasını əmtəənin təbiətinə əsla dəxli olmayan və hətta ondan kənarda olan bir şey hesab edir. Səbəbi də təkcə o deyil ki, klassik siyasi iqtisadın bütün diqqətini dəyər kəmiyyətinin təhlili cəlb edir. Bunun səbəbi daha dərindir. Əmək məhsulunun dəyər forması burjua istehsal üsulunun ən abstrakt və eyni zamanda ən ümumi formasıdır: məhz bu forma onun ictimai istehsalın xüsusi bir növü olduğunu, bununla bərabər tarixi bir istehsal üsulu olduğunu göstərir. Burjua istehsal üsuluna ictimai istehsalın əbədi bir təbii forması kimi baxdıqda isə, dəyər formasının spesifik xüsusiyyətləri də, deməli, əmtəə formasının, sonrakı inkişafda isə pul formasının, kapital formasının və i. a. spesifik xüsusiyyətləri də hökmən nəzərdən qaçmış olacaqdır. Buna görə də, dəyər kəmiyyətinin iş vaxtı ilə ölçüldüyünü qəbul edən iqtisadçılarda pul haqqında, yəni mükəmməl şəkil almış ümumi ekvivalent haqqında olduqca müxtəlif və ziddiyyətli təsəvvürlərə rast gəlirik. Bu hal, məsələn, bank işinin tədqiqində xüsusilə aydın meydana çıxır, burada isə pul haqqında arada gəzən adi təriflərlə iş aşmaz. Bunun əksinə olaraq, yeni şəkildə bərpa olunmuş merkantilizm sistemi (Qanil və başqaları) meydana gəlmişdir ki, bu da dəyəri ancaq ictimai forma hesab edir, yaxud, daha doğrusu, dəyəri bu formanın hər bir substasiyadan məhrum bir inikası hesab edir. – Həmişəlik qeyd etməliyəm ki, mən klassik siyasi iqtisad dedikdə, U. Pettidən başlayan və burjua istehsal münasibətlərinin daxili asılılıqlarını tədqiq edən bütün siyasi iqtisadı nəzərdə tuturam. Klassik siyasi iqtisadın əksinə olaraq, vulqar siyasi iqtisad ancaq nəzərə gələn, zahiri asılılıqlar sahəsində eşələnir, elmi siyasi iqtisadın artıq çoxdan işləyib hazırladığı materialı daim yenidən çeynəyib tökür, bununla da iqtisadi həyatın ən qaba hadisələrinin burjuaziya üçün münasib şərhini vermək və bu hadisələri burjuaların ev güzəranına uyğunlaşdırmaq məqsədi güdür. Qalan sahələrdə isə bununla kifayətlenir ki, Burjua istehsal xadimlərinin öz aləmlərini ən yaxşı aləm hesab edən çeynənmiş və lovğa təsəvvürlərini pedantcasına sistemləşdirir və bu təsəvvürləri əbədi həqiqət elan edir.
36
İqtisadçılar öz mühakimələrində çox qəribə bir üsul işlədirlər. Onların fikkrincə, ancaq iki cür təsisat vardır: biri süni təsisat, digəri də təbii təsisatdır. Feodalizm təsisatı süni təsisatdır, burjua təsisatı isə təbii təsisatdır. Bu halda iqtisadçılar teoloqlara bənzəyirlər, çünki teoloqlar da iki cür din olduğunu iddia edirlər. Hər bir yad din insanların uydurmasıdır, onların öz dini isə allahın vəhyidir… Beləliklə, indiyə qədər tarix var imiş indi isə daha yoxdur” (Karl Marks: “Fəlsəfə yoxsulluğu. C-b Prudonun “Yoxsulluq fəlsəfəsinə cavab”, 1847, səh. 113 [bax K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 4-cü cild, səh. 142]). Qədim yunanların və romalıların ancaq qarətlə yaşadıqlarını güman edən c-b Bastia həqiqətən gülüncdür. Axı insanlar əsrlər boyu qarətlə yaşayırlarsa, yəqin ki, həmişə qarət edilməsi mümkün olan bir şey olmalı, başqa sözlə desək, qarət edilən şeylər arası kəsilmədən təkrar istehsal olunmalıdır. Buna görə də güman etmək lazımdır ki, yunanlarla romalıların da müəyyən bir istehsal prosesi, müəyyən iqtisadiyyatı olmuş və burjua iqtisadiyyatı müasir dünyanın bazisi olduğu dərəcədə həmin iqtisadiyyat da onların dünyasının maddi bazisi olmuşdur. Yaxud bəlkə də Bastia demək istəyir ki, qul əməyinə əsaslanan istehsal üsulu bununla da qarət sisteminə əsaslanır? Bu Halda o, təhlükəli bir yol tutmuş olur. Lakin Aristotel kimi nəhəng bir mütəfəkkir qul əməyinə qiymət verərkən səhv edirdisə, nəyə görə biz Bastia kimi cırtdan bir iqtisadçıdan muzdlu əməyə düzgün qiymət verəcəyini gözləməliyik?–Bu fürsətdən istifadə edərək mən bir alman – amerikan qəzetində Siyasi iqtisadın tənqidinə dair“ (1859) əsərim haqqında çıxan etiraza qısaca cavab vermək istəyirəm. Mənim fikrimcə, müəyyən istehsal üsulu və buna uyğun olan istehsal münasibətləri, bir sözlə desək – „cəmiyyətin iqtisadi quruluşu real bazis təşkil edir, bunun üzərində hüquqi və siyasi üstqurum yüksəlir və müəyyən ictimai şüur formaları buna müvafiq olur“, „maddi həyat istehsalı üsulu ümumiyyətlə ictimai, siyasi və mənəvi həyat prosesləri üçün şərt olur“ (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 6,7] – mənim bu baxışım qəzetin fikrincə, maddi mənafeyin hökm sürdüyü müasir dünya haqqında doğrudur, lakin nə katolisizmin hökm sürdüyü orta əsrlərə, nə də siyasətin hökm sürdüyu qədim Afinaya və ya Romaya tətbiq oluna bilməz. Hər şeydən əvvəl qəribə burasıdır: hələ də elə bir adam tapılıb güman edə bilir ki, orta əsrlər və antik dünya haqqında arada gəzən bu ibarələr kimə isə məlum deyilmiş. Hər halda aydındır ki, orta əsrlər katolisizmlə, antik dünya isə siyasətlə yaşaya bilməzdi. Əksinə, həmin dövrlərdə yaşayış vasitələri əldə etmək üçün işlədilən üsul izah edir ki, nəyə görə bir halda siyasət, digər halda katolisizm başlıca rol oynamışdır. Bundan əlavə məsələn, Roma respublikasının tarixinə dair xüsusilə dərin bilik sahibi olmadan da bilmək olar ki, onun tarixinin sirri torpaq mülkiyyətinin tarixindədir. Digər tərəfdən, hələ Don-Kixot sərgərdan cəngavərliyə cəmiyyətin bütün iqtisadi formalarında eyni dərəcədə yol verilə biləcəyini güman etməklə buraxdığı səhvin ağır bəlasını çəkməli olmuşdu.