Скачать книгу

ilə bölüşmək üçün tək qalmışdı. Onun gözləri də dolmuş, dəsmalla gözünün nəmini silmişdi. Bu ana yetişmək üçün o nələrdən, hansı müsibətlərdən keçib gəlmişdi. Təklikdə qalıb sevinməyə haqqı vardı. Sevincini kimlə bölə bilərdi ki? Ana yox, qardaş yox… Ata barəsində düşünməyə da dəyməzdi. Onun ölümü o qədər uzaq idi ki… Sevincini isə sərkərdələrlə, bəylər, əmirlər, vəzirlərlə bölüşmək istəmirdi. Onsuz da onlar sevinir, onlar əylənir, məclislər düzəldirdilər. Ən böyük sevinc onun özününkü idi. Həmin sevinci o babaları Şeyx Səfiyyəddinlə, Şeyx Əli, Şeyx Sədrəddin, Şeyx Cümeydlə bölüşərdi. O, atası ilə günlərlə diz-dizə oturub sevincini izhar eləyərdi. Axı bu yolu onlar qoymuş, onlar çarpışmış, onlar qılınc çalıb, qurban getmişdilər. Cəsarətli, cürətli, inamlı igidlər bu günü nə qədər gözləmiş, nə qədər arzulamışdılar ki, parça-parça olmuş Vətənin başını bir yerə yığsınlar, gücünü, qüdrətini artırsınlar. Həmin əqidə yolunda Vətən torpağına qanlar tökülmüşdü. Kim bilərdi ki, o böyük məqsədi, bu nəsildən aman-zaman ilişib qalmış on üç yaşlı oğlu İsmayıl həyata keçirəcəkdi. İndi atası və babaları başlarını qaldırıb bu günü görəydilər. Onda o da ürək dolusu sevinər, bilər ki, əcdadlarının onun bu böyük işindən xəbərləri var.

      Yox, bu sevinc də yarımçıqdır.

      Yaxşı, yeni çinarın adını nə qoysun? heydərilər sülaləsi? Yox. Tədbiri tökən, yolu göstərən ulu babadır. Şeyx Səfidir. Kaş o ulu babası indi onun yanında olaydı və öz məsləhətlərini verəydi. Yazılan bir ayrı. Hər saatın öz hökmü var. Onun, saatbasaat, günbəgün görəcəyi işlər üçün babasından alacağı məsləhətlər necə də yerinə düşərdi. Həmin çinar demək hələ neçə nəsil bundan əvvəl əkilib. O çinar bu həyətdəkindən də böyükdür. Bəs nə qədər davam edəcək? Axı nəsildə o təkdir, yeganədir. Bu gənc yaşında başına bir iş gəlsə, kim o çinarı bəsləyib böyüdəcək?!

      Yerdəki iri, kətəbə naxışlı xalçanın üstü ilə məstlərini asta-asta basaraq yeridi. Başını qaldırıb qızılı naxışlarla işlənmiş səqfə, sanki insan əli toxunmamış nəfis divarlara, baş tərəfdə qoyulmuş, qızıl ayaqlı taxta baxdı. «Biz qalanın hücrəsində əzab çəkəndə, dayım Sultan Yaqub burada hökmlər verirdi. Bizim anamızla bərabər həbsə alınmağımızın, Sultanəlinin öldürülməsinin fərmanları da burada verilib. Dünya, çərxi-fələk çevrildi. Həbsdəki saraya gəldi, saraydakı torpaq altına gömüldü!»

      Gördüyü müsibətlər, çəkdiyi ağrılar onun fikrini vaxtından əvvəl yetişdirmiş, İsmayıl on səkkiz, iyirmi yaşlı bir igid kimi bişmişdi. Boyu hələ çox qalxmasa da o, qılınc çalıb, ox atmağı, at oynatmağı öyrənmişdi.

      Yenə dönüb taxta baxdı. Onun sarı parıltısından gözlərini xeyli ayıra bilmədi. Necə də rahat, təmkinli hökmlüdür. Cansızdır, cəsədsizdir, amma üstündə oturanlara hikkə verir, hakimiyyət verir. Asa da bilir, kəsə da bilir. Sorğusuz-sualsız, dünyanın altını üstünə çevirir, ölkələri qana da çalxayır. Əsl tilsim, əsl möcüzə bu taxtdır. Çağırdığı şəxs illərlə döyüşlərdən, qırğınlardan keçib ona tərəf gəlir. Özü isə heç kimə sona qədər etibar göstərmir. Necə də rahat, necə də cazibəli və gözəldir. Təbriz bazarından bir gədanı tutub gətirib onun üstündə əyləşdirsən, dönüb əjdaha olar.

      Dilsiz-ağızsız taxt ona çox şeylər deyirdi. Çox şeylər vəd edirdi. İsmayıl isə hələ də onun üstündə oturmamışdı. Başına gələn bu qədər əzab-əziyyətdən qorxmamışdı, amma taxtdan qorxurdu. Elə bilirdi ki, oturan kimi taxt onu öz hakimiyyəti altına alacaq, onun niyyətlərini unutduracaq, babasının qoyduğu yol-ərkandan çıxarıb üzünü biyabana çevirəcəkdir.

      Yox, dayısının əsarətinə dözmüşdü, ancaq taxtın əsarətinə dözməyəcəkdi. Bu taxt qızıldan olsa da, onu yaxşı suvarılmış Dəməşq qılıncına döndərəcək. Onu öz əqidəsinə tabe edəcək, əmrini taxta verəcək. Qoy taxt Ələddinin çırağı kimi, o çırağın qulu kimi onun əmrlərini yerinə yetirsin.

      O, taxtda oturmaqdan bir də ona görə qorxurdu ki, yeri rahat olar, arxayınlaşar. Arzularının başa çatdığına inanar, o biri hökmdarlar kimi kefə, mey-məzəyə qurşanar. Onun yeri anadan olandan bəri nə qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində rahat olmuşdu, bir də bu fani, vəfasız dünyadan keçəndən sonra rahat olar.

      Onun əsl taxtı yəhərdir. İldırım kimi irəli şığıyan atın üstündəki yəhər. Onun arzularını, əməllərini həyata keçirəcək bir vasitə varsa, o da odu.

      Bu fikirdən İsmayıl rahatlıq tapdı. Amma onu heç kimə açmayacaqdı. Bu onun özünə lazım idi. Yəhər üstündə oturan sərkərdə düşmən qoşunu ilə üz-üzə gələndə taxt gücsüz olur. Onda yəhərdəkinin hökmü bütün taxtdan verilən şah fərmanlarından irəlidir. Onun isə yəhər üstündə görəcəyi işlərin sayı-hesabı yox idi: günbatanda Sultan Bayazid kimi qüdrətli bir hökmdar var. Şirvanda işlər yoluna qoyulmayıb. Əlvənd Mirzə Diyarbəkrdə oturub, yeni məqam gözləyir. Murad Mirzə Şirazı, İsfahanı, Bağdadı, əlində saxlayır. Təkcə Mavərənnəhrdə sakitlikdir. Teymur nəslindən olan Babur Səmərqəndi, Buxaranı tutmaq istəyir. Orada hələlik qüdrətli hökmdar yoxdur. Xorasanda Hüseyn Bəyqara çox güclüdür. Ondan qorxmağa, çəkinməyə dəyməz. Mir Əlişir Nəvainin vəzirlik etdiyi Heratda xəzinə orduya, hərbi səfərlərə yox, tikintilərə, şeirin, elmin, sənətin fərəc tapmasına xərclənir.

      Əbrguh rəis Məhəmməd Kerrenin, Səmnan, Xarə və Firuzguh Hüseyn Qiya Çələbinin, İraqi-ərəb Barik bəy Pərnakın, Kaşan Qazı Məhəmmədin, Diyarbəkr Qasım bəyin, Girman Əbülfət bəy Bayandurun əlindədir. Hamısı da düşmən, hamısı da Murad Mirzənin, Əlvənd Mirzənin tərəfdarı.

      Ona, Şah İsmayıla tabe olan tək Azərbaycandır. Əlvənd Mirzə ilə Murad Mirzə ölkəni iki yerə parçalayanda, Əlvənd Mirzəyə Şirvan, Naxçıvan, Muğan, Qarabağ, bir də Arazdan aşağıda Təbriz, Xoy, Mərənd, Salmas, Ərdəbil qalmışdı. Alma kimi iki yerə bölünmüş ölkənin sərhədi Qızılüzən çayından keçirdi. Ağqoyunluların bu iki şahzadəsinin ölkə bölməsini fikirləşəndə, İsmayılın yadına kökə üstündə ağlayan iki uşaq düşürdü. Kökəni bölüb uşaqları sakitləşdirən kimi, ölkəni də bölüb könlünü almışdılar.

      İndi bu torpaqları birləşdirmək üçün nə qədər qanlar axacaq. Ölkə bir olmasa onun qüdrətindən, gücündən danışmağa dəyərmi?! Güclü qonşu dövlətlər yanında gərək qorxaq uşaq kimi danışmayasan. Bir də gözünü açıb görərsən ki, səni udublar. Hələ ölkənin heç bu yarısında da əmin-amanlıq yoxdur. Ölkədən yox, saraydan, Təbrizin özündən başlamaq lazımdır.

      O, əlini əlinə vurdu. Xidmətçi içəri girib ikiqat oldu.

      – Nəcməddin Gilanini və Hüseyn bəyi yanıma çağırın.

      Xidmətçi çıxan kimi göy əbasının sinəsində saqqalı pambıq kimi görünən Nəcməddin Gilani və ondan sonra da Hüseyn bəy Lələ içəri daxil olub təzim etdilər.

      – Əyləşin!

      Amma özü oturmamış, heç birisi oturmağa cürət etmədi. İsmayıl taxtda yox, divar dibində düzülmüş döşəkcələrin yanındakı kürsüdə oturdu. İndi onu saray adətlərinə əməl

Скачать книгу