Скачать книгу

altı ay gecə şəraitində hər millətin nümayəndəsindən yaşayan bu böyük olmayan qəsəbədə həyat maraqlı idi. Həftənin beş gününü işləyib, iki gününü yeyib-içən, rəqs edən insanların elə bil ayrı qayğıları yox idi. Fərqli düşüncə, fərqli həyat tərzi bəzən Paşaya elə xoş gəlirdi ki, heç özü də geri qayıtmaq istəmirdi.

      İşləməyə başladığı ilk günlərdə Olyayla tanışlığı az vaxtda sevgiyə çevrildi. Tezliklə Olya onu evlərinə dəvət edib anası ilə tanış etdi. Bu arada Olyanın hərtərəfli qayğısı nəticəsində həyatının ehtiras dolu ən gözəl, xoş anlarını yaşadı. Üç ay keçmişdi, Olya ondan hamilə qaldığını bildirdi. Təcili evlənməyi qərara aldılar. Yaxın dost-tanışı yığıb balaca məclis düzəltdilər. Qaynanası Valentinanın tələbi ilə Paşa yataqxanadan çıxıb tamamilə onların evinə köçdü. Daha uzaq şimalda tənha deyildi. Ailəsi, yaşamağa evi vardı. Ancaq, nə qədər xoş gün keçirsə də, bəzən özündən asılı olmayaraq qəmginləşir, vətəni, anası, həyətlərindəki tut ağacı üçün darıxırdı. Belə olanda fikrini dağıtmağa ona yalnız şərab kömək edirdi. Onsuz da burda böyük də, kiçik də, kişi də, qadın da – hamı içirdi. Yarım il sonra Ruslan dünyaya gəldi. Oğlunun olması onu xeyli sevindirdi, qəmini azaltdı. Ruslanın üç yaşına az qalmış Rustəmin anadan olması Paşaya qol-qanad verdi. İmkan düşəndən-düşənə anasına pul, məktub göndərən Paşa illər ötdükcə qəribliyə alışıb şimala bağlanırdı.

      Nəhayət, ölkədə müəyyən qayda-qanun yaran-mağa başlayandan, dərəbəylik yığışdırıldığından sonra günlərin bir günü, dörd illik ayrılığa dözməyib anası üçün darıxan Paşa, dəvətsiz-filansız qəfildən bir-neçə günlüyə onu görməyə gəldi. Sevinməkdən çox təşvişə düşən ananın qorxudan ürəyi yerindən çıxırdı. Hər an qapının döyüləcəyini, oğlunun əlindən alınıb qaçaraq ön cəbhəyə, gülləqabağına göndəriləcəyini güman edirdi. Paşa onun haldan-hala düşməsinə gülürdü:

      – Ay ana, qorxma, sənin heç dünyadan xəbərin yoxmuş. Eşitməmisən? Neçə aydır atəşkəs elan olunub, səfərbərlik dayandırılıb. Daha müharibə çətin ki, olsun…

      – Yox ay bala, göz gördüyündən qorxar, nə bilim. Sən gələndən gözüm qapıdadı, indi budu ha, gəlib qabaqlarına qatıb aparacaqlar. Şükür Allaha! Ay oğul, əgər belədirsə, müharibə olmayacaqsa bəsdir özgələr içində yaşadın. Qayıt gəl evimizə. Gör neçə ildi mən də təkəm.

      – Ana, dildə demək asandı. Oranı necə buraxıb gəlim? Öyrəşdiyim dostlarımı, ailəmi, uşaqlarımı necə atım?

      – Ay Paşa, sən nə birinci deyilsən, nə də axırıncı. Sənin kimi bu kənddən o qədər oğlanın evi, ailəsi olub ki…Lazım gələndə hər şeyi atıb, gəlib təzədən öz millətinin qızı ilə evlənib ailə qurublar. Sən, maşallah, qocalmamısan ki, cavan oğlansan. Sənin tayların heç evlənməyiblər. Gəl, ürəyin kimi istəyir al. Nə çoxdur qız. Qalıblar evlərdə. Yaşıdlarından istəsən var, lap elə təzə əmələ gələni də var. Neynirsən kafirin qızını? Bir müddət yaşamısan, boşa getsin. Geci-tezi ondan sənə ailə olmayacaq. Bu sözümü yadında saxla. Mən də tək yaşamaqdan bezmişəm. İndi qabağımda gəlin aylanan vaxtımdır. Gəl, evinə, həyətinə sahiblik elə. Bu ev-eşik sənindi.Yavaş-yavaş sökülür. Əl gəzdirsən, atanın da ruhu şad olar. Bir gün eşidəcəksən anan da ölüb, dəfnimə də özünü çatdıra bilməyəcəksən…

      – Ana, yenə başladın ağlaşma qurmağa? Bəsdi sən Allah, maşallah, top kimisən, hara ölürsən. Qayıtmaq məsələsinə baxaram, fikirləşib ölçüb-biçərəm. Qaldı ki, təzədən evlənməyimə, bu qəliz söhbətdir. Olyanı hələ ki, boşamaq istəmirəm. Onu boşasam, gərək oğlanla-rımı da unudam. Uşaqlarımı isə lap çox istəyirəm.

      – Neynək, onda gətir arvad-uşağını da özünlə. Nə olacaq ki, qaynayıb qarışacağıq bir-birimizə. Hə, necə fikirdir?

      – Anam, fikrləşərəm. Mənə bir az möhlət ver, düzələr…

      Paşanın fikirləşməyi ilə birdəfəlik kəndə qayıt-ması doqquz il çəkdi. Ötən illər ərzində bir neçə dəfə anasına baş çəkən Paşa həmişə ailəsini götürüb doğma kəndinə qayıdacağına söz verir, vaxt istəyirdi. Şükür ki, bu bahar şeytanın qıçını sındırıb, deyəsən son qərara gəlmişdi. Anasına göndərdiyi məktubda yaxın günlərdə ailəliklə doğma yurduna qayıdacağını yazmışdı. Mək-tubu alan gündən ananın gözləri həsrətlə yol çəkirdi.

      Bəzən ürəyində Paşanın vədinə əməl edəcəyinə inanmağı gəlmirdi. Yəni o arvadını, uşaqlarını yaşa-dıqları torpağı tərk etməyə razı sala biləcək? Verdiyi sözü yerinə yetirməyə gücü çatacaqmı? İllər keçdikcə Paşanın saçlarına dən düşür, çallaşırdı. Sonuncu dəfə iki il əvvəl gələrkən heç ayıq günü olmadı. Gələn gündən o ev sənin, bu ev mənim, gah o dostda, gah bu dostda içdi, gedən günədək. Həmişə qonaq olduğu üçün xətrinə dəyməyən ana bu dəfə dözmədi:

      – Ay bala, belə olmaz. Sən nə qədər içirsən? Ana-bala kimi diz-dizə oturub dərdləşməyə bir vaxtımız olmadı ki! Axı sən belə deyildin. Yaşlaşdıqca deyəsən kələfin ucunu itirirsən. Niyə bu qədər içirsən?

      – Ana, məndə günah var? Neyləyim, dostdu, tanışdı dəvət edirlər, içməsən yaxşı çıxmaz axı, hör-mətsizlik olar…

      – Elə deyil, içməsən səni kim güclə içirdər? Görürlər içirsən, ona görə də o zəhrimarı əsirgəmirlər. Əvvəllər niyə bəs belə qonaqlıqlar olmurdu? Sənə qur-ban olum, hər şeyin qədəri olduğu kimi, bunun da qədəri var. Bu zəhərdən kim xeyir görüb, sən də görəsən…

      – Ana, sən bunu içmək hesab edirsən? Eh, sən nə görmüsən? Mənim yaşadığım yerdə olsaydın, bilərdin ki, içmək necə olur. Hamı içir, cavan, qoca. Orda içməmək mümkün deyil. Nə qədər istəməsən də xeyri yoxdur, alışacaqsan. İçməsən soyuqdan donacaqsan. İlin altı ayı gecə olur, altı ayı gündüz, təsəvvür edirsən?

      – Can bala, sən nə çətin yerdə yaşayırsan? Qalma daha o xarabada. Gül kimi ömrünü puç eləmə. Təcili qayıt gəl öz torpağımıza.

      – Gələcəyəm, ana, gələcəyəm. Sən elə bilirsən mən sənin üçün, torpağımız üçün heç darıxmıram? Qəriblik ayrı dərddir. Adam cavan olanda anlamır. Amma, yaşa dolduqca, bilmirəm, nədənsə birdən yadıma sən düşürsən, bax, bu evimiz düşür. Hə, onda başlayıram bala-bala gillətməyə…

      Bu zaman gözləri yaşarmış Çəməngül ana həyəcanından Paşanın sözünü kəsmişdi:

      – Eşidirsən, necə var çıx gəl evimizə. Qəriblikdən də canın qurtarar, yavaş-yavaş içməyi də tərgidərsən. Yoxsa belə ömür sürməklə nə qazanacaqsan? Mən də heç olmasa ölən vaxtımda bir gün görərəm, gözü yolda ölmərəm…

***

      Havalar istiləşib yay yaxınlaşan günlərin birində, günorta vaxtı həyətin qapısı qarşısında siqnalı ara verməyən «taksi» maşını dayandı. Qabaq qapısını açıb maşından düşən çalsaçlı, çox da hündür olmayan orta yaşlı kişi ətrafa göz gəzdirib, kimsəni görməyəndə əlini sürücüyə sarı yellədi:

      – Ə,

Скачать книгу