ТОП просматриваемых книг сайта:
Həbsxana . Qənimət Əlisaoğlu
Читать онлайн.Название Həbsxana
Год выпуска 0
isbn 978-9952-8278-5-9
Автор произведения Qənimət Əlisaoğlu
Издательство JekaPrint
Bu məktubdan əlavə Nəsimi rayon, Bakı səhər, Respublika və SSRİ prokurorluğuna, Sov. İKP MK-ya, Azərbaycan KP MK-ya, «İnsan və qanun» jurnalı redaksiyasına da məktub yazıb yola saldım. Mətn demək olar ki, hamısında eyni idi: haqqımda qaldırılmış cinayət işi əsassız olduğundan, şəxsi ədavət hissinin qurbanı kimi məsuliyyətə cəlb edildiyimdən, yazdığım çoxsaylı şikayətlərə cavab almadığımdan 23 mart 1985-ci il saat 8-dən etibarən etiraz əlaməti olaraq aclıq elan edirəm!
Kameranın pullarını və hesabatı Əzizalıya təhvil verib nəticəni gözləməyə başladım.
İki gündən sonra türmə rəisi məni çağırtdırdı. Rəis, deyilənlərə görə, alicənab adam idi, amma nədənsə heç oturmaq üçün yer də göstərmədi. Səbəbi gün kimi aydın idi. «Zek» rəis üçün, Allah bilir, neçənci dərəcəli adam sayılır və «zek» öz bitli, çirk basmış, üfunətli paltarı, yazıqlaşmış vücudu ilə rəisin xarici mebelində otura bilərdimi? Əli ilə «nazor»a getmək işarəsi verdi. Aramızda qısa və soyuq dialoq alındı.
– Kimdən küsmüsən?
– Heç kəsdən.
– Bizdən şikayətin var?
– Əsla!
– Nə qazanacaqsan bu «qolodovka»68 ilə?
– Qazanmaq istəmirəm, itirmək istəyirəm.
– Səni daxili qaydaları pozduğun üçün «karser»ə salacam. Mədən yazva69 olacaq. Canına bitlər, birələr daraşacaq, hər gün iki dəfə yeməklə imtahan edəcəklər səni. Yeməsən üzüləcəksən. Ya «nasılka»70da məhkəməyə aparacaqlar, ya da hökmü karserdə üzünə oxuyacaqlar. Ağıllı adamsan, bir düşün.
– Düşünmüşəm. Başqa yolum yoxdur. İşi bağlayıb məhkəməyə göndəriblər.
– Nə olsun? Hakimi gör, – bir az gülümsədi:
– Kəndxudanı gör, kəndi çap! Eşitməmisən?
– Ona nə imkanım var, nə də çöldə adamım.
– Yaxşı, gəl oxu bu bəndi, – bir balaca kitabçadan bır neçə sətirlik cümlə göstərib özü də oxudu mənə – 56-cı ildən üzübəri «qolodovka» vaxtı məcburi qida vermək ləğv edilib. Sənə on gün «karser» verəcəm. Sağ qalsan, «qolodovka»nı çıxarmasan, yenə on gün əlavə edəcəyəm. Ölənə kimi… Yazıqsan, uşaqların var. Sənə güllə düşmür. 10-12 il verəcəklər, çəkib gələrsən. Nəmənədir ki? 30 il yatanlar var. Bir yaxşı-yaxşı fikirləş.
– Fikirləşmişəm, – dedim.
Diqqətlə üzümə baxdı. Deyəsən, doğrudan da yazığı gəldi mənə. Birdən duruşunu, sifətinin mimikasını dəyişib qabağa əyildi. Həlimləşdi elə bil.
– Yox, fikirləşməmisən. Ağzın isti yerdədir, bala. Peşman olub başına döyəcəksən. Ümidin hər yerdən üzüləndə başa düşəcəksən ki, hökumət yoxdur. Ayılacaqsan, ancaq o vaxt gec olacaq. Düşün, bala, yazıqsan. Vallah, mən deyəni sənə heç kim deməyəcək. Mən saçımı bu divarlar arasında ağartmışam. Çoxlarını görmüşəm… Əynin də nazikdir. Başqa paltarın yoxdur? «Karser» soyuqdur, sətəlcəm olacaqsan! Ay Allah, ay Allah, bu millət hara gedir?
Nurani kişi idi. Düzdür, forma ona çox yaraşırdı, ancaq bu nuranilikdə adam bu lənət qapısında işləməyəydi gərək. Vəzifə onu min-bir cinayətə göz yummağa vadar edir, nuranilikdən əsər-əlamət qalmırdı. Heyf!
Qayğıkeşliyi üçün minnətdarlığımı bildirməkdən başqa nə edə bilərdim?..
«Volnı»71ya çıxıb həyətdə işləyən «zek»lərin yanından «jenski» korpusun birinci mərtəbəsindəki «karser»ə apardılar. Həyətdəkilər bir-birinə məlumat çatdırıb xosunlaşdılar.
«Karser» yerləşən ümumi dəhlizin dəmir qapısından keçib irəlilədik. Yanaşı üç «Karser» düzülmüşdü, dəhlizin sonunda «sever» yerləşirdi. «Nazor» sayca ikinci «karseri» açıb baxdı. O, əslən Bakının Maştağa qəsəbəsindən idi. Məni kameranın «avşaq»ı kimi tanıyırdı. Sadə, mehriban oğlan olduğundan hamının hörmətini qazanmışdı. Artıq hərəkəti, artıq söz-söhbəti xoşlamazdı.
– Nahaq belə etdin, – dedi – onsuz da heç bir mənası yoxdur. Kimdir kimin kitabını oxuyan, ay rəhmətliyin oğlu?!.. Yenə bu «karser» münasibdir. Gecə yaman soyuq olacaq «teleqreyka» da yoxundur. Allah kərimdir… Bəlkə qayıdasan? Hələ gec deyil. Vicdan haqqı ürəyim yanır, ona görə deyirəm. Daşı tök ətəyindən. Tüpür hər şeyə…
– Tüpürmüşəm, – dedim.
Qərarımın qətiliyini başa düşdüyündən qapını açıb məni içəri saldı, qıfıllayıb çıxdı. Ümumi dəhlizin başındakı qapını da bağladı, ətrafa tam sakitlik çökdü. İndi arxayınca «karser»lə tanış ola bilərdim.
«Karser». Adını çox eşitmiş, özünü kinolarda çox görmüş olsam da, indiyə kimi onu tamam başqa cür təsəvvür edirdim. Fikirləşirdim ki, heç olmasa, sutka ərzində uzanıb xəyala dalmağa, mənən və cismən özümə cəza verməyə neçə günə, neçə sutkayasa şam kimi əriməyə imkan tapacam. Qəfil ölümü yox, vaxtı uzadılmış ağır ölümü anbaan qoynuma yaxınlaşdıracaq, qucaqlayıb əbədi yatacağam.
Təəssüf ki, bu ölümü də məhbusa çox görürlər. «Karser»də ölmək üçün yox, özünə nifrət, özgəyə lənət hisslərinin aşılanması üçün şərait yaradılıb. Çox yerdə «karser»ə «İndiya» deyirlər. Bu sözə mənən daha uyğundur – gözdən uzaq, əlçatmaz, ünyetməz yer.
Uzunu iki metr, eni bir metr, hündürlüyü üç metrə yaxın qəribə bir otaq idi «İndiya». Beton döşəməsində bir neçə santimetr su yığılmışdı, «jenski»72 korpusun ümumi «severin»dən gələn çirkab beton tavandan damcılayır, divar boyu süzülüb döşəməyə tökülürdü. Qapının üstündə, tavanla bitişik yerdə üstündə qalın çərçivə olan 40 vatlıq lampa asılmışdı. Nəm divara həncamaları görünən «nara» bərkidilmiş, şaquli vəziyyətdə qalsın deyə, zəncirlə iki yerdən qıfıllanmışdı. Ondan hər hansı bir məqsəd üçün istifadə etmək mümkün deyildi. Otaq boyu «tasovka» etmək də mümkün olmasın deyə, ortada beton tumba qoyulmuşdu. Bu, «zek» üçün həm kətil, həm də dayaq rolunu oynayır. Kameradakı üfunət iyi «karser»dəki qoxuya nisbətən toya-düyünə getməli idi. Güman ki, bütün bunlar düşünülmüş şəkildə edilib.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную
68
Aclıq elan etmə (rusca).
69
Mədə xorası (rusca).
70
Xərək (rusca).
71
Sərbəstlik, azadlıq (rusca).
72
Qadın (rusca).