ТОП просматриваемых книг сайта:
Gəncəli müdrik. M.Ş.Vazeh. Əlisa Nicat
Читать онлайн.Название Gəncəli müdrik. M.Ş.Vazeh
Год выпуска 0
isbn 978-9952-8451-1-7
Автор произведения Əlisa Nicat
Издательство JekaPrint
Nə qəm, gülmək, ağlamaq qoy sənə qismət olsun.
Sən özün qazanmasan səadətini hərgah,
Onu sənə verəmməz nə bir allah, nə bir şah.
– Şəfi bütün varlığıyla bu doğma şəhərə – Gəncəyə bağlı idi. O da böyük Nizami kimi, Gəncənin başqa böyük oğulları kimi burda doğulmuş, burda da dəfn olunacaqdı.
Görəsən o solğun, zərif Püstə indi haradadır? Şəfini yada salırmı?
Püstədən sonra neçəsinə dərs deyib? Axund Ələsgərin oğulluğu Fətəliyə, kababçı Əzizin oğlu maymaq Nurəddinə, misgər Xəlilin qızı, adı nəydi, hə, Şərafət.
Hamısı unudulmuşdu… Onlar Şəfini, Şəfi də onları unutmuşdu. Bircə Fətəli yaddan çıxmırdı.
«…Deyirlər, Tiflisdə qulluqdadır. Zəkalı uşaq idi. Yaman bədbəxt olacaqdı. Yaxşı ki, sözümə qulaq asdı. Kim bilir, bəlkə də bir vaxt böyük adam oldu. Necə olsa məni yada salar. Bəlkə də yox.
İllər tüstü kimi dağılıb gedir. Otuz ilim… Gəncə ömrümün otuz ilini oğurlayıb apardı. Otuz il… Bəs hanı səadət? Nə qədər gözləyərlər, nə qədər axtararlar, nə qədər, nə qədər»?
– Salam, Mirzə.
Şəfi dərindən köks ötürüb, səs gələn tərəfə baxdı.
Cəmaləddin? Bir zamanlar Şəfinin ən yaxın dostu, sonralar onu ələ salan, dalınca olmazın sözlər danışan, şayiələr yayan Cəmaləddin. Görəsən nə olub?
Cəmaləddin onun qoluna girdi.
– Gəl, gəl Əzizin dükanında kababdan-zaddan tapşırıb, bir az söhbət eləyək.
O, Şəfinin soyuq nəzərlərini görüb gülümsədi.
– Bilirəm, məndən incimisən. Hamısı yalandır. Dalımca sənə nə deyiblər, hamısı yalandır.
Cəmaləddin zorla onu çinarın kölgəsinə çəkdi:
– Nə olub axı? Sən allah, bircə kəlmə danış görək.
O, qolunu Şəfinin boynuna dolamaq istədi. Şəfi mane olarkən Cəmaləddinin əli onun papağına toxundu. Cəmaləddin papağı havada tutdu.
– Neçə vaxtdır ki, səni görmək istəyirəm, ancaq əlim çatmırdı. – Gözləri, hərəkətləri isə aşkar deyirdi ki, yalan danışır. – O gün gecə yerimdə fikirləşirəm ki, ay balam, axı bizə nə oldu? Hansı şeytan aramıza girdi? Niyə bir-birimizdən soyuduq? Əlbəttə, təqsirin çoxu məndədir, ancaq öz aramızdı, səndə də az deyil. O boyda ev tikdirdim, bütün mahal gəldi, sən gəlmədin.
Şəfi qızardığını hiss etdi, «Alçaqlığa bax, nökəri məni qapıdan qaytaranda elə bil özünü görməməzliyə vuran bu deyildi.. Görən məqsədi nədir?».
Nə isə, keçib gedər. Yenə dost olacağıq. Gəl, gəl, sən allah, keçək dükana.
Cəmaləddin bu sözləri o qədər səmimi dedi ki, Şəfinin ürəyi xeyli yumşaldı. Ancaq onu gözləyirdilər.
– İşim var, getməliyəm.
– Heç eybi yoxdur. De görüm nə işdir, yoxsa qulluğa giribsən?
Cəmaləddinin qısa qaşları birdən-birə dartıldı. Cəngləri qaçdı:
– Hə, eşitmişəm İbrahim xanın qızına dərs deyirsən.
Şəfi qızardığını hiss edərək, azca tutulmuş halda dilləndi:
– Elə onlara gedirəm.
Cəmaləddinin sifəti yastılandı. Gözləri parıldadı.
– Nə yaxşı oldu. Nə yaxşı oldu.
– Nə olub ki?
– Eşitməyibsən?.. Hı, mən axı onun qızını istəyirəm. Nə müddətdi ki, dəli-divanəyəm. İşimi allah gör nə yaxşı düzəltdi…
O, hey danışır, Şəfi isə qulaq asmırdı.
…«Bəli, allah sənin kimilərinin işlərini həmişə yaxşı yoluna qoyur. Bir dəfə evlənib talağını vermisən, indi də ikincisinə hazırlaşırsan. Özü də gör kimlə. Gör necə qıza göz dikibsən. Niyə də istəməyəsən? Mülk, dükan, bağ-bağça, qohum-əqrəba».
Şəfi elə bil indi başa düşdü ki, dünən gördüyü, indi yanına gedəcəyi qız nə qədər gözəldir. Ürəyi riqqətlə vurdu.
Şəfi Cəmaləddinin uzun söhbətindən başa düşdü ki, keçmiş dostu onu özüylə xan qızı arasında vasitəçi etmək istəyir. Bunu hiss edərkən, əvvəlcə özünün təhqir edildiyini düşünərək bərk kədərləndi, sonra bu sözləri deyənin kim olduğunu yadına salıb öz-özünə güldü.
Şəfi hər cür etirazın mənasız olacağını hiss edib canını qurtarmaq üçün:
– Yaxşı, baxarıq, – dedi.
Cəmaləddin isə əl çəkmək istəmirdi:
– Axşam səni harda gözləyim? Qonaq eləyəcəyəm.
Sonra arxadan qışqırdı:
– Narınqalada gözləyirəm.
Şəfi başıyla razılıq eləyib dükanların qabağı ilə uzaqlaşdı.
Səhərki ümidlər qəlbində tamam yoxa çıxmışdı. Özünün nə qədər miskin vəziyyətdə olduğunu elə bil indi dərk etmişdi. Əgər belə olmasaydı, Cəmaləddin kimi kütbeyinin biri onu özünə vasitəçi etmək istəməzdi.
«Deməli, belə. Artır mənimçin hər şey qurtarıb gedib».
Sağından, solundan çadraya bürünmüş qadınlar ötüb-keçir, bəzilərinin gözləri çadra arasından baxır, elə bil ona meydan oxuyurdular.
İbrahim xanın darvazası göründü. Darvaza ağzında iki fayton dayanmışdı.
«Yəqin qonaqları var. Elədir. Bizim yerin faytonlarına oxşamırlar. Bəlkə heç getməyim? Yox, yaxşı olmaz. Bəlkə məni gözləyirlər?»
Atlar tənbəl-tənbəl başlarına keçirilmiş torbadan arpa yeyir, arabir fınxırırdılar.
Şəfi faytonların arasından keçib tərəddüdlə darvazanın balaca qapısını açdı.
Qucağında qoyun qarın-bağırsağıyla dolu teşt aparan nökər Əlimərdan uzaqdan onu görüb hayladı:
– Gəl, xan səni gözləyir.
Sonra o, eyvanda dayanmış uzunsov sifətli nökəri səslədi. Nökər darvazaya sarı boylanıb otağa girdi. Sonra çıxıb əli ilə Şəfini çağırdı.
Şəfi kərpic ovuntusu tökülmüş yolla gedə-gedə həyətə göz gəzdirdi. Darvazadan bir az kənarda beş-altı qoyun bağlanmışdı. Deyəsən qonaqlar gətirmişdilər.
Üç nəfər qollarını çırmalayıb, mərmər hovuzda yuyunurdu, ətli, tüklü sinələri görünürdü. Bayaqkı uzunsov sifətli nökər qolu üstə bir neçə dəsmal hovuza tərəf gəlirdi. Qonaqlar bərkdən danışıb-gülür, zarafatlaşırdılar.
Həyətin o başında üzüm tənəkləri altında süfrə açılmışdı. Çünki qab-qacaqlar yaşıl yarpaqlar arasından