Скачать книгу

çalan qalın saçları sıx hörüklərlə arxasına sallanmış bir qız daim onun fikirlərini məşğul edərdi. O, uzaqdan bu qıza pərəstiş edər, qız isə üzünü çevirən kimi bu ciddi yanan gözlərin ondan ayrılmadığını heç bilmirdi. Bir az sonra onun valideyni başqa şəhərə köçdüyündən o qız getdi və zaman Yucinin yarasını sağaltdı – axı dünyada gözəllik çoxdur. Lakin o qızın saçlarının rəngi, boynunun gözəl cizgiləri həmişəlik onun xəyalında qaldı.

      Vitla uşaqlarına ali təhsil vermək fikrində idi, lakin onlardan heç biri elmə həvəs göstərmirdi. Onlar, olsun ki, kitablardan daha müdrik idilər, çünki xəyal və hiss aləmində yaşayırdılar. Silviya analıq arzusunda idi. O, iyirmi bir yaşında ikən “Morninq Eppil” qəzetinin naşiri Bencamin Bercesin oğlu Henri Berceslə evləndi və elə birinci il onların uşağı oldu. Cəbrin və triqonometriyanın hikmətlərinə qapılan Mirtl artıq ərə getmək, yaxud müəllimə olmaq barəsində də düşünürdü, çünki ailənin gəlirinin az olması ondan bir şeylə məşğul olmağı tələb edirdi. Yucin şirin xəyal içərisində yaşayaraq təhsil alsa da əməli bilik qazanmaq üçün qayğı göstərmirdi. O az-maz yazırdı, lakin on altı yaşlı oğlanın bu təşəbbüsləri uşaqlıq idi. O, şəkil çəkirdi, lakin onun çəkdiklərinin bir qiyməti olduğunu ona deyəcək kimsə tapılmırdı. Bir qayda olaraq, bütün məişət məsələlərinin onun üçün əhəmiyyəti yox idi, eyni zamanda bir məsələ onu qorxudurdu ki, həyat insanın qarşısında – onun atası kimi – almaq və satmaq, ticarət kitabları aparmaq, müəssisəni idarə etmək kimi əməli məsələlər qoyur. Bütün bunlar Yucini karıxdırırdı və o, gələcək həyat haqqında çox tez düşünməyə başlamışdı. Atasının onun üçün seçdiyi işə etiraz etməsə də, bu iş onu maraqlandırmırdı. O düşünürdü ki, bu onun üçün bir tikə çörək ardınca mənasız və darıxdırıcı sürüklənmək olacaqdır, sığorta işi də bundan yaxşı deyildir. O yəqin ki, sığorta vərəqəsini təşkil edən intəhasız axmaq paraqraflardan heç bir zaman baş çıxara bilməyəcəkdir. Axşamlar, yaxud şənbə günü dükanda atasına kömək etmək lazım gəldiyi zaman bu, ona cəza kimi gəlirdi. Çünki iş onun ürəyinə yatmırdı.

      Yucin on üç yaşına girdiyi zaman mister Vitla anlamağa başladı ki, onun oğlu ticarət işləri üçün doğulmamışdır. Yucinin on beş yaşı tamam olduqda isə buna tamamilə əmin oldu. Uşağın qapıldığı kitablardan, onun məktəbdə aldığı qiymətlərdən ata görürdü ki, Yucini məktəb məşğələləri də maraqlandırmır. Qardaşından iki yaş böyük olan, lakin məktəbdə bəzən eyni müəllimdən dərs alan Mirtl danışırdı ki,Yucin dərslərinə çox az fikir verir, gözünü pəncərədən çəkmir.

      Yucinin məhəbbət aləmində təcrübəsi də zəngin deyildi. Onun nəsibinə ancaq bizim ilk gənclikdə duyduğumuz ötəri təəssürat düşürdü; bu zaman biz qızları gizlində öpürük, yaxud onlar bizi gizlincə öpürlər, – Yucinə axırıncısı aid idi. O müəyyən bir qıza bağlanmamışdı. O, on dörd yaşında ikən bir gənc məktəbli qız onu axşam əyləncəsinə yoldaş seçmişdi, “poçt” oyunu zamanı qaranlıq otaqda qız əlləri onun boynuna sarıldığı və qız dodaqları onun dodaqlarına toxunduğu zaman o unudulmaz bir duyğu hiss etmişdi; lakin onlar bir daha görüşməmişdilər. Bu ilk təəssüratı xatırlayarkən Yucin məhəbbət xülyasına düşür, lakin həmişə cəsarətsiz olurdu. O, qızlardan qorxurdu, düzünü desək, qızlar da ondan çəkinirdilər. Onlar Yucini başa düşə bilmirdilər.

      Lakin həyatının on yeddinci ilində, payızda, Yucin ona dərin təsir bağışlayan bir qıza rast gəldi. Onun özü yaşda olan Stella Eplton əsl gözəl idi. Sarışınsaçlı, tünd mavi gözlü, incə, düzgün fiquralı bu qız elə şən, elə sadə məlahətə malik idi ki, bu məlahət sahibi özü də adi, müdafiəsiz kişi qəlbi üçün nə qədər təhlükəli olduğunu bilmirdi. O, oğlanlara naz edirdi, lakin bunu oğlanlardan kiminsə onun çox xoşuna gəldiyi üçün deyil, əylənmək üçün edirdi. Bu naz etməklə o, xırda məqsədlər güdmürdü, sadəcə belə hesab edirdi ki, oğlanların hamısı çox sevimlidir, həm də daha təvazökar olanlar özlərini ağıllı təsvir edənlərdən daha artıq onu cəlb edirdi. Yucin öz utancaqlığı ilə qızın xoşuna gəlmişdi.

      Yucin onu ilk dəfə son sinifdə olduğu zaman görmüşdü. Stella bir az əvvəl onların şəhərinə gəlmiş və orta məktəbin sonuncudan əvvəlki sinfinə daxil olmuşdu. Onun atası İllinoys ştatının Molin şəhərindən gəlmiş və burada təzəcə açılan intial qayışları fabrikində müdir vəzifəsini almışdı. Qız tezliklə Mirtl ilə dostlaşdı – görünür, Mirtlın yumşaq təbiəti onu cəlb etdiyi kimi, Stellanın da şənliyi Mirtlı cəlb edirdi.

      Bir dəfə gündüz rəfiqələr poçtdan evə qayıtdıqları zaman Baş küçə ilə gedərkən, öz yoldaşının yanına gedən Yucinlə qarşılaşdılar. Yucin çox utancaq olduğundan onları uzaqdan görərkən qaçmaq istədi, lakin onu artıq görmüşdülər və Stella maraqla onu başdan-ayağa kimi süzdü. Mirtl qəşəng rəfiqəsini qardaşına təqdim etmək məqsədilə Yucini saxlayaraq:

      – Evdən gəlirsən? – deyə soruşdu. Bu zaman Stellanı qardaşı ilə tanış etməyə imkan verirdi, – indi o heç cür qaça bilməzdi.

      – Miss Eplton, bu mənim qardaşım Yucindir.

      Stella ona şən, təqdiredici gülümsədi və əlini uzatdı. O qızın əlini qorxa qorxa sıxdı.Yucin özünü tamamilə itirmişdi.

      O, üzr istəyirmiş kimi:

      – Mənim dəhşətli görünüşüm vardır, – deyə mızıldandı. – Mən şarabanı təmir etmək üçün kömək edirdim.

      Mirtl:

      – Bunun əhəmiyyəti yoxdur, – dedi. – Sən hara gedirsən?

      – Harri Morrisgilə.

      – Niyə gedirsən?

      – Fındıq yığmağa gedəcəyik.

      Stella:

      – Mən də bu fındıqdan imtina etməzdim, – dedi.

      Yucin nəzakətlə:

      – Mən sizin üçün gətirərəm, – dedi.

      Stella yenə gülümsədi.

      – Çox şad olaram.

      Stella təklif etmək istəyirdi ki, Yucin onları özü ilə aparsın, lakin cəsarət etmədi.

      Yucin dərhal onun füsünkarlığına məftun oldu. Stella əvvəllər də onun üfüqündə zahir olmuş əlçatmaz məxluqlardan birinə oxşayırdı. Stella da yenicə yetişmiş sünbül rəngli saçları olan qızı xatırladırdı, ancaq o qızda bəşərilik, dünyəvilik daha artıq idi. Stella qəşəng idi. Kiçik mərmər heykəl kimi zərif və çəhrayı olan bu qız çox zəif görünürdü, halbuki əslində sağlam və qüvvətli idi. Yucinin nəfəsi tutuldu, qızın qarşısında o nə isə bir qorxu duyurdu. Buna baxmayaraq qızın onun haqqında nə düşündüyünü bilmək istəyirdi.

      Mirtl:

      – Hə, gedək evə, vaxtdır, – dedi.

      – Mən Harri ilə sözləşməsəydim, sizinlə gedərdim.

      – Yaxşı, – deyə Mirtl cavab verdi. – Biz incimirik.

      Yucin yaxşı təsir buraxmadığını hiss edərək vidalaşdı. Stella sualedici nəzərlərlə onu süzdü. O getdiyi zaman Stella arxasınca baxdı.

      O,

Скачать книгу