Скачать книгу

idarə edə və bunun üzərindəki hakimiyyəti necə saxlaya bilər. Mən ondan başlayacağam ki, hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş olan hökmdara, hansı ki, təbəələr artıq bu nəslin idarəçiliyinə öyrənib, hakimiyyəti saxlamaq təzə adamdan daha asandır, axı bundan ötrü o, sadəcə olaraq əcdadlardan qalan adətləri pozmamalıdır, daha sonra tələsmədən yeni şəraitə keçməlidir. Bu cür hərəkət etsə, yaxşı hökmdar olmasa da belə hakimiyyəti itirməz, bunu yalnız o təqdirdə itirə bilər ki, daha güclüsü və qüdrətlisi onu devirsin, lakin bu halda da o, qəsbkarın ilk uğursuzluğundan sonra hakimyyəti özünə qaytara bilər.

      Bizim İtaliyada 1484-cü ildə venetsiyalılara və 1510-cu ildə Papa Yuliyə məğlub olduqdan sonra hakimiyyəti özündə saxlamış Ferraranın hersoqunu buna misal göstərmək olar. Bu isə yalnız onun soyunun uzun müddət Ferraranı idarə etməsinə görə idi. Axı hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdarın öz təbəələrini incitməsinə səbəb və ehtiyac daha azdır, buna görə də əgər onun vətəndaşlarda nifrət doğura biləcək dərəcədə bir qüsuru yoxdursa, o da öz əməlinə görə onların rəğbətini qazanacaqdır. Bir soyun uzun müddət idarəçilikdə bulunması haçansa baş verən çevrilişlərin və bunları doğuran səbəblərin unudulmasına gətirib çıxarır, baxmayaraq ki, hər hansı dəyişiklik yeni dəyişikliklərə səbəb olur.

      III FƏSİL

      QARIŞIQ DÖVLƏTLƏR HAQQINDA

      Təzə, habelə hakimiyyəti vərəsəlik yolu ilə əldə etmiş hökmdar öz ərazisinə yeni ərazi birləşdiribsə, və bunun nəticəsində dövlət bir növ qarışıq olubsa, onun üçün hakimiyyəti saxlamaq daha çətindir. Belə yerdə hakimiyyəti saxlamaq hər şeydən öncə ona görə çətindir ki, bütün təzə dövlətlərdə bu, çevrilişlə nəticələnir. Məsələ ondan ibarətdir ki, xalq təzə hökmdarın yaxşı olacağını güman edərək könüllü surətdə əvvəlkinə qarşı qiyam edir, təcrübə tezliklə göstərir ki, o, yanılıb, axı təzə hökmdar həmişə əvvəlkindən pis olur. Bu həm də təbii və qanunauyğundur, çünki istilaçı öz yeni təbəələrini istismar edir, onların üzərinə müxtəlif mükəlləfiyyətlər qoyur, ordusunu vətəndaşların evlərində yerləşdirməklə onları zəhmətə salır, belə ki, istila zamanı bunsuz keçinmək mümkün deyil. Beləliklə də o, incitdikləri arasında özünə düşmən qazanır və istila zamanı ona kömək edənlərin dostluğundan məhrum olur, çünki bu adamların gözlədiyi mükafatı onlara vermək iqtidarında deyil, həmçinin də onlara borclu olduğu üçün bu şəxslərə qarşı ciddi tədbirlər görə bilmir, ona görə ki, ordusu nə qədər güclü olsa da belə onların köməyi olmadan ölkəyə soxula bilməzdi. Məhz buna görə Fransa kralı XII Lüdovik Milanı tez zəbt etdiyi kimi tez də itirmişdi. Elə bu səbəb üzündən hersoq Lyudoviko Milanı öz gücü ilə geri qaytarmağa müvəffəq olmuşdu. Axı qapını kralın üzünə açan xalq tezliklə özünün mülahizə və ümidlərinin puça çıxdığına əmin olub, təzə hökmdarın yaratmış olduğu sıxıntılara dözməkdən imtina etdi.

      Lakin qiyam etmiş ölkə əgər ikinci dəfə fəth olunarsa, hökmdar üçün burda öz hakimiyyətini möhkəmləndirmək asan olar, axı qiyam ona günahkarları şərtsiz olaraq cəzalandırmağa, şübhəli bilinənləri üzə çıxarmağa, yerlərin, hər şeydən öncə də zəif yerlərin müdafiəsini təşkil etməyə imkan verir. Birinci dəfə hersoq Lyudoviko Milanın sərhədlərində yalnız hay-küy salmaqla onu Fransadan geri almışdısa da, ikinci dəfə yuxarıda göstərilən səbəblərə görə İtaliyanın bütün dövlətləri Fransanın üzərinə hərblə gedib, onun qoşunlarını qovana qədər o, Milanı özündə saxlamışdı.

      Beləliklə, Fransa Milanı hər iki dəfə itirdi. Mən kralın birinci uğursuzluğunun buna bənzər hadisələrdə səciyyəvi olan səbəbini göstərdim, indi ikinci səbəbi göstərmək qalır, araşdırmaq lazımdır ki, Lüdovik və ya onun yerində ola biləcək hər hansı bir adam fəth etdiyi ərazinin Fransanın etdiyindən daha etibarlı müdafiə olunması istiqamətində nə kimi imkanlara malik olmuşdu. Ondan başlamaq lazımdır ki, fəth edilmiş və miras qalmış torpaqlar ya əhalisi eyni dildə danışan bir ölkənin ərazisi, ya da əhalisi müxtəlif dillərdə danışan müxtəlif ölkələrin ərazisi ola bilər. Birinci halda fəth edilmiş torpaqları, xüsusən də yeni təbəələr əgər əvvəlki vaxtlarda da azad deyildilərsə, saxlamaq asandır. Bunlar üzərində hakimiyyəti gücləndirməkdən ötrü əvvəlki hökmdarın nəslini kəsmək kifayətdir, axı adətlərin ümumi olduğu, əvvəlki qaydalarınsa saxlandığı yerdə təhlükə yalnız ondan gələ bilər. Bizə məlum olduğu kimi belə bir şey Fransanın tərkibinə çoxdan daxil olan Bretanda, Burqundiyada, Normandiyada və Qaskonda baş vermişdir; onların dilləri bir-birindən azca fərqlənsə də, adətləri bir-birinə bənzədiyindən mehriban yaşayırlar. Belə halda istilaçı iki ehtiyat tədbiri görməlidir: hər şeydən öncə onun qeydinə qalmalıdır ki, əvvəlki hökmdarın nəsli kəsilsin, sonrasa əvvəlki qanun və vergilərin saxlanılmasına göz olmalıdır, belə də fəth olunmuş ərazilər istilaçının uzun müddət hökmdar olduğu məmləkətlə qısa bir vaxt ərzində vahid bir dövlət təşkil edəcəkdir.

      Fəth edilmiş, həm də miras qalmış ölkələrdə əgər əhali dilinə, adət-ənənəsinə və qanun-qaydalarına görə bir-birindən fərqlənirsə, belə yerdə hakimiyyəti saxlamaq olduqca çətindir: burda həm böyük uğur, həm də bacarıq lazımdır. Buna yetmək üçün ən doğru və düzgün vasitə yaşayış yerini bura köçürməkdən ibarətdir. Bu, fəth edilmiş ərazilərin müdafiəsini gücləndirər və bu yerləri təhlükəsiz edər, türk sultanı Yunanıstanla əlaqədar məhz bu cür hərəkət etmişdir, zira öz paytaxtını əgər ora köçürməsəydi, bütün gücünü işə salsaydı belə Yunanıstanı öz hakimiyyəti altında saxlaya bilməyəcəkdi. Axı yalnız ölkədə yaşamaqla orada başlanacaq qiyamı duymaq və bunun qarşısını vaxtında almaq olar, əks təqdirdə bu barədə xəbər o vaxt gəlib çatacaqdır ki, vəziyyət olduqca ciddi xarakter alacaq və buna qarşı tədbir görmək artıq gec olacaqdır. Fəth etdiyi ölkəyə köçməklə hökmdar həm də onu məmurların soyğunçuluğundan qoruyar, çünki təbəələr bilavasitə öz hökmdarlarının məhkəməsinə müraciət etməyə imkan qazandığından, daha bir səbəb yaranacaq ki, itaətdə bulunanlar onun hörmətini gətirsin, boyun əyməyənlər isə ondan qorxsun. Əgər qonşu dövlətlərdən hər hansı biri hücum etmək fikrinə düşsə, onda o, daha ehtiyatlı olacaq, çünki hökmdar əgər ora köçübsə, çətin ki, fəth etdiyi ölkəni asanlıqla əlindən versin.

      İkinci yaxşı vasitə istilaçının öz dövləti ilə yeni əraziləri əlaqələnlirmək üçün bir neçə yerdə koloniyalar təşkil etməkdir. Bundan əlavə bu, ölkədə böyük miqdarda atlı və piyadaları yerləşdirməkdən ötrü yaxşı imkandır. Koloniyalar böyük xərc tələb etmir, bunların təşkili və saxlanılması praktiki cəhətdən hökmdara heç nəyə başa gəlir, bu yalnız zəmiləri və evləri köçkünlərin əlinə keçən sakinləri müflis edir, yəni müflis olub, ölkə boyu dağılışan çox az miqdarda adam heç vəchlə hökmdara zərər yetirə bilməz, toxunulmaz qalan digərləri isə tezliklə sakitləşəcəklər, eyni zamanda da sözə baxmasalar, müflis olanların taleyini yaşamaqdan ehtiyat edəcəklər. Beləliklə, koloniyalar hökmdara baha başa gəlmir, ona sədaqətlə xidmət edir, həm də sakinlərin yalnız çox az qismini müflisləşdirir, onlar isə yoxsullaşıb dağılışdıqdan sonra hökmdara zərər yetirmək halında olmurlar. Buna onu əlavə etmək olar

Скачать книгу