ТОП просматриваемых книг сайта:
Ölü canlar. Николай Гоголь
Читать онлайн.Название Ölü canlar
Год выпуска 0
isbn 978-9952-8450-1-8
Автор произведения Николай Гоголь
Издательство JekaPrint
Çiçikov briçkadan düşəndə Manilov çığıraraq dedi:
– Pavel İvanoviç! Nə əcəb belə bizi yad etdiniz!
İki dost bərk-bərk öpüşdülər; Manilov öz qonağını otağa apardı. Onların dəhlizdən və yemək otağından keçib getməsi o qədər vaxt aparmayacaqsa da, biz bundan istifadə edərək bəlkə də ev sahibi haqqında bəzi məlumat verə bildik. Lakin müəllif burada etiraf etməlidir ki, belə məlumat vermək özü çox çətin məsələdir. Böyük xarakterləri təsvir etmək çox-çox asandır, orada əl-qol açmağa geniş imkan vardır: yaxıcı qara gözlər, sallaq qaşlar, qat-qat qırışıqlı alın, çiyinə atılmış qara, ya da od kimi alışıb yanan al plaş, – görürsünüzmü, portret hazırdır. Lakin bu cənablar ki, var, dünyada bunlardan çox-çoxdur, hamısı da üzdən bir-birinə oxşayır, amma diqqətlə baxdıqdan sən onlarda güclə nəzərə çarpan bir çox xüsusiyyətlər görəcəksən: bu cənabların portretini çəkmək son dərəcə çətindir. Onların gözdən yayınan bütün bu incə xüsusiyyətlərini lövhədə canlandırmaq üçün çox diqqət sərf etmək və ümumiyyətlə belə işlərdə böyük təcrübə sahibi olsan da məsələyə çox dərindən nəzər yetirmək lazım gəlir.
Yalnız allah deyə bilər ki, Manilovun xarakteri necə idi. Elə adamlar var ki, onlar haqqında belə deyirlər: nə Əli aşındandı, nə Vəli aşından, nə ondandı, nə bundan, heç bilmirsən necə şeydir. Manilovu da bəlkə bunların sırasına daxil etmək lazımdır. Üzdən o gözə gəlimli idi, sifətinin cizgilərində xoşa gələn cəhətlər də yox deyil, ancaq bu xoşluğa elə bil həddindən artıq şəkər qatılmışdı. Onun hərəkətlərində, danışığında elə bir şey vardı ki, bununla o sanki qılıq qataraq adamın hüsn-rəğbətini qazanmaq, adamı özünə dost etmək istəyirdi. O cəzbedici bir halda gülümsəyirdi. Sarışındı, gözləri mavi idi. Onunla söhbət edirkən ilk dəqiqədə: «Nə qılıqlı, nə xoş təbiətli adamdır» deməyə bilməzsən. İkinci dəqiqədə heç bir söz deməzsən, üçüncü dəqiqədə isə: «Əşi, bu necə adamdır!» deyib kənara çəkilərsən. Kənara çəkilməsən elə darıxarsan ki, az qalar lap bağrın çatlasın. Onun xoşuna gələn bir şeyə toxunsan ondan bircə kəlmə də canlı, ya da acıqlı bir söz eşitməzsən, lakin bunu sən başqalarından eşidə bilərsən. Hərənin bir şeyə həvəsi var: elə adam var ki, tazıbazdır; o birinə elə gəlir ki, musiqi həvəskarıdır, musiqinin bütün dərin yerlərini çox gözəl hiss edir; bəzi adam möhkəm nahar eləməyin lap ustasıdır; bəzi adam da onun üçün müəyyən edilən roldan bircə barmaq da olsa qabağa getməkdə ustadır; bəzisinin arzuları məhduddur: o ancaq bu arzu ilə yatıb durur ki, özünü dostlarına, tanışlarına, hətta tanış olmayan adamlara göstərmək üçün fligel-adyutantla seyrə çıxsın; bəzi adamın da əlində elə bir qabiliyyət var ki, o bir bubnı tuzun ya da ikiliyin qırağını qatlamağa olduqca hərisdir, lakin bəzi adamın da əli ora-bura soxulub nizam-intizam yaratmağa, stansiya nəzarətçisinin ya da faytoçuların şəxsiyyətinə bələd olmağa böyük həvəs göstərir, – xülasə, hərənin bir şeyə həvəsi var, lakin Manilovun heç bir şeyə həvəsi yox idi. Evdə o çox az danışırdı, çox vaxt düşünür, fikirləşirdi, lakin onun nə düşündüyünü yalnız allah bilirdi. Demək olmaz ki, o təsərrüfatla məşğul olurdu, o hətta heç tarlalara da getməzdi, təsərrüfat başlı-başına qalmışdı. Təsərrüfat müdiri gəlib deyəndə ki: «Ağa, yaxşı olar ki, filan-filan işlər görülsün», o, adəti üzrə çubuq çəkə-çəkə deyərdi: «Hə, pis olmaz», sonra da təkrar edərdi: «Hə, heç də pis olmaz!» Çubuq çəkməyə o orduda öyrəşmişdi; hərbi qulluqda o çox təvazökar, çox nəzakətli və çox bilikli zabit hesab olunurdu. Mujik onun yanına gəlib, peysərini qaşıya-qaşıya deyəndə ki: «Ağa, izin ver, töycü pulu yığmaq üçün gedim kənarda işləyim», o yenə çubuğunu çəkə-çəkə: «Get» – deyərdi, eyni zamanda onun heç ağlına da gəlməzdi ki, mujik əyyaşlıq eləməyə gedir. Bəzən o artırmadan həyətə və gölməyə baxaraq deyərdi: «Nə yaxşı olardı, evdən yeraltı bir yol düzəldəydin, ya da gölmənin üstündə bir daş körpü tikəydin, körpünün də hər iki tərəfində dükanlar olardı, bu dükanlarda da tacirlər oturub, kəndlilərə lazım olan cürbəcür mallar sataydı». Bu zaman onun gözlərində həddindən artıq bir şirinlik görünər, üzündə böyük bir məmnuniyyət ifadə olunardı. Lakin onun düşündüyü bu layihələr sözlə başlandığı kimi sözlə də qurtarırdı. Onun kabinetində həmişə on dördüncü səhifəsində əlfəcin qoyulmuş bir kitab olardı – bu kitabı o iki il idi ki, tədriclə oxuyaraq bu yerə gəlib çatmışdı. Onun evində həmişə bir şey çatışmazdı: qonaq otağında üzünə qəşəng ipək parça çəkilmiş çox gözəl mebel vardı və yəqin ki, bu ipək örtük ona çox baha qiymətə başa gəlmişdi, lakin kreslolardan ikisinin örtüyü yox idi; bunlar üzünə eləcə həsir çəkilmiş halda qalırdı; özü də bir neçə il idi ki, gələn qonağa hər dəfə deyərdi: «Bu kreslolarda oturmayın, onlar hələ hazır deyil». Elə otaq da vardı ki, orada heç mebel yox idi, amma o evləndiyi günün səhəri arvadına demişdi: «Əzizim, sabah çalışmaq lazımdır ki, müvəqqəti də olsa, bu otağa mebel qoysunlar». Axşam stola, antik dövrün gözəllik ilahələrinin üç heykəli və çox qəşəng sədəf süpəri olan qaralmış