Скачать книгу

kəsmədi.

      – Mənim də.

      – Sən nə fikirləşdin?

      – O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu, o deməkdi ki, siz mənim əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu işlərə qarışma, get kitabını oxu. Bircə dayıma göndərdiyi qılıncı başa düşə bilmədim. Özü də deyir ki, bu qılıncı dosta bağışlayırıq.

      Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu qılıncın tiyəsi yox idi.

      – Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas atacaq. Ana, mən onunla vuruşmaq istəyirəm.

      – Oğul, cavansan, beynin hələ qandı. Hər şeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, yaxın adamlarını, ağsaqqalları məsləhətləşək. Sənin bu döyüşün dirigözlü ölümə getməkdir.

      – Dayı, mənim də bir məsləhətimə qulaq asın da.

      – Buyur, Şeyx. Cəddini köməyimizə çağır görək necə olacaq.

      – Biz ona kələk gəlməliyik. Biz buradan çəkilək. Qoy Əbu Səid Arazı keçsin. O, Arazı keçib Qarabağa gəlsə, işlər düzələcək. Onda biz Arazın o tayına keçərik. Qarabağda bu qış ot yoxdu. Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq mümkün deyil. Biz də Arazın o tayında yolları kəsərik. Əbu Səidin özü düşəcək o qolbağın arasına.

      Uzun Həsənin fikri harasa getmişdi. Şeyx Heydərin dediklərinin yarısını eşidə bilməmişdi. Ona görə də xahiş elədi ki, təkrar danışsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi.

      – Sən nə deyirsən?

      – Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.

      – Arazın o tayına keçsək, Ərdəbil də bizim olacaq. Qoşunu elə Dar-ül-irşaddan gələn ehsanla saxlayarıq. Hər gün yüzlərlə mürid gəlir. Onları silahlandırıb qoşunun sayını artırarıq. Xorasandan gələn yolları kəsib qoşununun bütün ərzaq yolunu bağlayarıq.

      Uzun Həsən gecənin bu vaxtı elə bildi günəş doğur. Onun düşdüyü zirzəmilər işıqlaşır, qapılar, pəncərələr taybatay açılır. O, bütün varının, dövlətinin hamısını bacısı oğluna bağışlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləşdilər. Sonradan Uzun Həsən özü hərəkət edəcəkdi.

      – Gedin, yatın. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır.

      Şeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləşdi. Hansı xatunun yanına getsin? Müqayisə elədi, ölçdü, biçdi. Ürəyi onu Dəspinə xatunun yanına çəkib apardı. Xəbər göndərdi ki, hökmdar onun yanına gəlir.

      Uzun Həsən başını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmışdı. Biri Dəspinə xatun, o birisi də anasını təkrar eləyən qızı Aləmşahbəyim. Onun kefi kök idi. Əvvəl qızının alnından öpdü. Əyildi, qızı başını onun çiyninə qoydu.

      – Mənim gözəl qızım gözümə bikef dəyir.

      – Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı?

      – Deyəydin qızıldandı da, a qardaş. Eyb eləməz.

      O, qızının başını qaldırıb gözlərinə baxdı. Aləmşahbəyim on beş yaşa keçmişdi. Birdən-birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baş tutsa, Aləmşahbəyimi ona verəcəyəm”.

      Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan Aləmşahbəyimdir.

      Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Üçüncü gün Araz daşıb bərəni də götürüb aparmış, Qaradonlu kəndindən neçə çovustanı yumuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi.

      Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuşdu.

      İş elə gətirmişdi ki, Sultan Əbu Səid Qarabağa keçmiş, Uzun Həsən isə Arazın sağ sahilinə adlamışdı. İşlər Şeyx Heydərin tökdüyü tədbir kimi gedirdi. Bu tərəfdən də yağış başlamışdı. Yağış da Uzun Həsənin köməyinə çatmışdı. Payızda Muğana, Milə yağış yağanda ot cücərir, göbələk də çıxırdı. Amma payızdan çox ötmüş, havalar soyumuşdu. Bundan sonra otun cücərməyinə ümid yox idi. Sultan Əbu Səid özünü çətin vəziyyətə salmışdı. Uzun Həsən alaçığında tək oturmuşdu. Xidmətçi onun qarşısında süfrə salmışdı. Çadırın yanında üstündə talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı. Qoyunu doğrayıb duzlamış, ədviyyə vurub təzədən dəriyə doldurmuş, tikib odun içinə basdırmışdılar. İndi oddan çıxartdılar. Dərinin tükü tamam yanmışdı. Yanan yunun kəskin iyi ətrafa yayılmışdı. Artıq dəri ütülmüşdü. İki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar.

      Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi.

      – Bəh-bəh, deyə aşpazları təriflədi.

      Süfrəyə yumşaq ağ lavaş qatlanıb yığılmış, şüşə qabda nar, heyva, sinidə qarpız kəsilib düzülmüşdü.

      O, çox vaxt yeməyi tək yeyərdi. Aşpazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.

      Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən gətirdi. Su tökdü, o, əllərini yudu.

      – Şükür sənə, ilahi, – dedi. Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni yığışdırmaqla məşğul oldu.

      O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, əyanlar onun ətrafına yığıldılar.

      – Yağış kefinizi pozmayıb ki?

      – Nur yağır, nur.

      – Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər…

      – Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.

      Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu, uzun boyunlu, nazik ayaqlı, sivri sağrılı

Скачать книгу