ТОП просматриваемых книг сайта:
Əyyaş. Ханс Фаллада
Читать онлайн.O səhər ağlımı başıma yığıb bir axşam əvvəl Maqda ilə aramızda yaranan isti havanı qorumağa, bir daha hər hansı bir incikliyə, ya da dava-dalaşa gətirib çıxarmamağa and içmişdim. Halbuki aradan sadəcə bir neçə gün keçmiş, biz yenidən davalarımıza başlamışdıq. Ağla sığacaq bir şey deyildi; evliliyimizin on dörd ili az qala heç bir dava-dalaşsız davam etmiş və indi on beşinci ildə çəkişmədən dura bilmirdik. Bəzən çox gülünc səbəblərə görə mübahisələrimiz olurdu. Sanki hansı səbəblə olursa olsun, müəyyən zamanlarda dava eləməyə məcbur idik. Dava da insanın tez alışdığı və artıq onsuz yaşaya bilmədiyi bir zəhər kimi idi. Əvvəllər vasvasılıqla nəzakətimizi qorumağa çalışır və əlimizdən gəldiyi qədər davaya səbəb olan mövzudan yayınaraq qarşılıqlı fərdi incitmələrdən çəkinməyə çalışırdıq.
Kiçik xidmətçi qız Elsenin varlığı da davranışlarımızın ifrat həddə çatmasına maneə törədirdi. Onun hər şeylə çox maraqlandığını və eşitdiklərini başqalarına da danışdığını bilirdik. O zamanlar şəhərdə hər hansı bir adamın problemlərimi və aramızdakı dava-dalaşları öyrənməsi mənim üçün təsəvvür edilməyəcək dərəcədə qorxunc bir şey olardı. Amma çox qısa müddət sonra insanların haqqımda danışmaları və düşüncələri mənim üçün heç dərd olmamağa başladı, daha pisi, özümə qarşı bütün hörmətmi itirdim.
Maqda ilə az qala hər gün dalaşmağa alışdığımızı demişdim. Əslində bunlar qoz qabığını doldurmayacaq qədər sadə şeylərə görə xırda-para mübahisələr, gərəksiz, qarşılıqlı sözatmalar şəklində olur və bu, durmadan aramızda meydana gələn gərginliyi bir az olsun azaldırdı. Bu qədər il Maqda ilə elə gözəl bir evlilikdən sonra bu cür davaların başlaması olduqca çirkin, təəccübləndirici bir vəziyyət idi. Sevərək evlənmişdik. O zamanlar ikimiz də kiçik bir məmurduq. Əllərimizdə bir çanta ilə işə gedib-gəlirdik. İndi düşünürəm ki, o yoxsulluq içində keçən ilk evlilik illərimiz necə də gözəl idi! Maqda evin idarə olunmasında tayı-bənzəri olmayan bir qadın idi. Bəzi həftələri on markla başa vurar, yenə də krallar kimi yaşayardıq. Daha sonra Maqdanın köməyi ilə təkbaşımıza bir iş qurmaq üçün cəsarət və böyük bir həyəcanla çalışdığımız illər başladı. Bacarırdıq, ilahi, o zamanlar hər şeyin öhdəsindən gəlirdik. Bir iş görmək istədikdə sadəcə ona əl atmağımız, iş və səylərimizi ona doğru yönəltməyimiz müvəffəqiyyətə çatmağımız üçün bəs edirdi; yaxşı baxılmış bir çiçək kimi açır, meyvələrini verirdi… O qədər istəməyimizə rəğmən uşağımız olmadı. Maqda bir uşaq salmışdı və bundan belə artıq heç uşağı olmayacaqdı. Amma buna görə bir-birimizə olan sevgimiz azalmadı. Evliliyimizin bir çox illəri boyunca bir-birimizə yenidən aşiq olurduq. Maqdadan başqa heç bir qadını istəyə bilmirdim. Məni hədsiz dərəcədə xoşbəxt edirdi, özü də ən azı mənim qədər xoşbəxt idi.
İşlərimiz elə gətirmişdi ki, yaşamaqda olduğumuz şəhərin və ətrafının böyüklüyü artıq bizə yetmirdi. Daha da genişlənməsi sadəcə həyat şəraitmizi yenidən dəyişdirmək, doğulub böyüdüyümüz bu kiçik şəhərdən ayrılıb daha böyük bir yerə köçməklə mümkün olacaqdı. İş məsələsinə olan həddindən artıq marağımız əvvəlki sürətini itirdiyindən, bu əksikliyi aradan qaldırmaq üçün şəhər kənarında torpaq sahəsi alıb villa tikdirdik; bağça saldıq, evimizi döşədik. Bunlar geri gedən həyatımızdakı evlilik əlaqələrimizdə ortaya çıxan soyuqluqları bizə sezdirtməyəcəkdi. Artıq əvvəlki kimi bir-birimizi sevməməyimizi, bir-birimizi əvvəlki qədər tez-tez və həyəcanla istəməməyimizi bir itki deyil, özbaşına gəlişən bir şey kimi görürdük. Artıq get-gedə yaşlı bir ər-arvad olmuşduq və bu başqalarının da başına gələn təbii bir vəziyyət idi. Evimizin planlaşdırılması, tikilməsi, döşənilməsi əsnasındakı yoldaşlığımız itirdiklərimizin yerini tuturdu; iki sevgili indi iki yoldaş olmuşdu, itirdiyimiz bir şey yox idi.
Bu aralarda işlərimdə indiyə qədər mənə həmişə kömək edən Maqda artıq ticari işlərlə maraqlanmamağa qərar vermişdi. İkimiz də bu davranışı çox adi hesab etmişdik. Evin işləri çoxalmışdı, bağça və ev heyvanlarımız baxım istəyirdi. Amma Maqdanın iş həyatından çəkilməsinin təsirləri gələcəkdə özünü göstərəcəkdi. Onun ayrılması təkcə ortaq maraq dairəmizin böyük bir hissəsinin yoxa çıxmasına gətirib çıxarmaqla qalmamış, onun necə əvəzedilməz bir köməkçi olduğunu da ortaya qoymuşdu. Məndən daha təsirli, daha təşəbbüskar idi, insanlarla olan münasibətlərdə məndən daha ağıllı idi; onlardan istədiklərini çox böyük bir asanlıq və rahatlıqla əldə edə bilirdi. Ortaq işimizdə mən diqqətli, müəyyən bir ölçüdə çox sürətli bir gedişi dayandıran, işi zəmanət altına alan bir işçiydim. Ticarət əlaqələrində də əlimdən gəldiyi qədər kimsəni məcbur etməməyə və kimsədən hər hansı bir şey istəməməyə çalışırdım. Maqdanın ayrılmasından sonra işlərim əvvəlki kimi irəliləyə bilmədi. Yeni əlavə olunan şeylər çox az idi, daha sonra yavaş-yavaş, ildən-ilə işimin əhatə dairəsi daraldı. Bütün bu geriləmələrin çox sonralar fərqinə vara bildim; lakin artıq çox gec idi, xilas edilə biləcək bir şey qalmamışdı. O zamanlar Maqdanın işdən ayrılması məni rahatlaşdırmışdı. Öz firmasını təkbaşına təmsil edən bir kişiyə, əlbəttə, daha çox önəm verilirdi, halbuki daha əvvəl firmanın idarə edilməsində arvadımın da söz haqqı vardı.
3
Maqdanın ev işləriylə məşğul olduğu, mənim də təkbaşıma firmanın başına keçmiş olduğum illərdə bir-birimizə nə qədər yadlaşdığımızı ancaq davalarımız başladığı zaman anladım. Özümüzü bütünlüklə buraxmağımızdan, bədbinliyimizdən əvvəllər bir az utanırmış kimiydim və Maqdanı incitdiyim zamanlar ağlamaqdan şişmiş gözlərlə gəzməsindən mən də az qala onun qədər əzab çəkmiş, vəziyyəti düzəltməyə and içmişdim. Amma insan hər şeyə alışır; zənnimcə, ən tez alışdığı şey də alçaldıcı vəziyyətdə yaşamasıdır.