ТОП просматриваемых книг сайта:
Varlıq və Yoxluq Arasında. Xancan Kərimov
Читать онлайн.Название Varlıq və Yoxluq Arasında
Год выпуска 0
isbn 978-9953-8066-5-9
Автор произведения Xancan Kərimov
Издательство Alatoran yayınları
Anasının və xəstə bacısının ölümündən sonra daha yaxşı anlamışdı, bağlanmaq, bir insanı çox sevmək olmazdı. Yoxluğu da bir o qədər ağrı verəcəkdi çünki. Hər an hər kəsi və hər şeyi itirməyə hazır olmalısan. Elə o günlərdə qərar vermişdi: heç vaxt uşaq sahibi olmayacaqdı. Bağlanmaq olmazdı. Bəlkə də anasının və bacısının ölümü idi onu bu qədər uzaqlara aparan. Mümkün qədər uzağa qaçmağa çalışmışdı ağrını unutmaq üçün. Diqqətini dağıtmağa çalışmışdı. Ölümün və həyatın absurdluğu ilə ilk dəfə onda üz-üzə qalmışdı, hər gün birlikdə olduğun insan durduq yerdə birdən birə ölə bilər. İlk başda qəbullanmaqda çətinlik çəkirsən, başa düşmürsən, sonra qəbullanırsan. Əsl ağrı ilə baş-başa və yalnız qalırsan, birini anidən itirməyin və onun yoxluğunun ağrısı. Və içində heç vaxt yoxa çıxmayacaq bir yara peyda olur. Ömrünün sonuna qədər sinən də özünlə gəzdirəcəyin bir göynərti. Həmişə göynəyəcək, göynəyəcək və göynəyəcək. Həmişə içində qalacaq bir əksiklik hissi, saudade, həmişə hər nə olursa olsun, bir şeylər natamam və əksik olacaqdı. Heç vaxt gəlməyəcək birini pəncərə qarşısında illərcə gözləmək kimi. İçindəki göynərti heç vaxt yoxa çıxmayacaq, sadəcə bəxtin gətirsə bəzən diqqətin dağılacaq və unudacaqdın. O, son illərdə diqqətini dağıtmaqla məşğul idi.
Bəlkə də qadınlara olan hərisliyinin səbəbi də bu idi, diqqətini dağıdırdı. Dilini belə bilmədiyi ölkələrə getmiş, dilini belə bilmədiyi qadınlara vurulmuş və sevişmişdi. Sonra onları tərk etmişdi. Bağlanmaq olmazdı. Tək qayda bu idi. Sanki onu oturaq həyata vadar edəcək hər detaldan şüuraltı olaraq qaçmış, çəkinmişdi. Yanında gəzdirdiyi tək sevgilisi var idi, sağ cibindəki ölüm.
Bəlkə də uşaqlığında həsrətlə izlədiyi o hər payızda uçub gedən qaranquşlardan keçmişdi ona bu getmə alışqanlığı. İçində həmişə bir şeylər əksilmişdi onların gedişini hər gördüyündə. Və baharı gözləmişdi bütün qış. Bəlkə də ona görə qışları sevmirdi. Anasına hər dəfə “hara gedir qaranquşlar hər payızda?” demiş, “isti ölkələrə” cavabını almış və təkrar soruşmuşdu: bəs biz niyə getmirik?
Onları gözləmişdi bütün qış və baharın ilk günlərində onları axtarmışdı gözləri. Gəzib gəldikləri yerlər haqqında suallar vermişdi onlara, kaş ki o da onlarla gedə bilsəydi demişdi. Kaş ki sizin kimi qanadlarım olsaydı mənim də demişdi onlara.
Bir gün uçub gedəcəkdi o da. Qaranquşlardan fərqli olaraq o geri dönməyəcəkdi. Hər qış başqa bir yerə uçacaqdı, ta ki yorulanadək. Ta ki o qışların birində ilişib qalıb, bir daha bahar görməyəcəyi o qışa qədər.
Kimliyini unudanadək uçacaqdı, hər ölkədə yeni bir adla başlayacaqdı həyata. Hər ölkədə yeni bir şəxsiyyətə bürünəcəkdi. Uşaqlıqda həsrətlə oturub izlədiyi o göylə yerin birləşdiyi, dünyanın sonu sandığı yerlərə gedəcəkdi. Evin pəncərəsindən oturub izləmişdi o səma ilə yerin birləşdiyi uzaqda görülən həmin düz xətti. Daha da hündürə çıxmışdı daha da uzağı görə bilmək üçün. Hər dəfə daha hündür ağaclara çıxmış və baxmışdı. Dünyanın sonunu görə biləcəyini sanmışdı. İlk dəfə dənizi gördüyü həmin gün daha da əmin olmuşdu. Bir gün gedəcəkdi. Əslində çox yaxın amma çox uzaq görünən o səma ilə dənizin kəsişdiyi düz xəttin oyatdığı maraq hissinin iziylə gedəcəkdi. Heç vaxt unuda bilməyəcəyi insanlar tanıyacaq, hadisələrə şahid olacaqdı. Bu möhtəşəm həyəcanlar onu daha da uzaqlara aparacaqdı. Eyni şəhərdə qocalmaqdansa Konqo cəngəlliklərində itib ya And dağlarında saçını küləyə verməyi istəyirdi. Yazmağı yeni öyrəndiyi vaxtlarda kiçik bir dəftər tutmuşdu özünə, yarı rəngli televizorlarında hər gün izlədiyi heyvanlar haqqındakı filmlərdən qeydlər yazdırdı. Tam olaraq niyə yazırdı bilmirdi. Kenquru balasının uzunluğu: 3sm, Avstraliya çölləri, tundralar, iynəyarpaqlılar, adalar və yarımadalar. Nəyin harda olduğunu qeyd edirdi bir-bir. Bir gün gedəcək və öz gözüylə görəcəkdi. Rəngli və canlı olaraq.
Hekayələri sevirdi. Bir həyatın gözəl keçmiş olması ona görə həm də sahib olduğu, yaşamış olduğu hekayələr idi. Kasıb ya zəngin olması əsas deyil. Əsas yaşanmışlıqlardır. Hekayələrindir. Səni sən edən hekayələrin. Hekayələr həmişə onu cəzb etmişdi. Hekayələri olan adamlar. Həmişə hekayələrin içinə soxurdu özünü və həyatını. Əgər qarşısına bir seçim çıxırdısa, maraqlı hekayəsi olan yolu seçirdi. Hekayələr yaşamış olduğunu göstərirdi, oturub tamaşa etmədiyini. Kimisi tamaşa etməyi sevirdi, kimisi hekayənin içində olmağı, o içində olmağı sevən tərəf idi. Magellanı sevmişdi o, səyyahları və onların həyatlarını, hekayələrini. Bir yelkənli gəminin gövdəsinə dırmaşıb heç gedilməmiş torpaqlar kəşf etmək istəmişdi həmişə. Kaş ki bir yelkənli gəmisi olsaydı diləmişdi həmişə.
Bir çox insan dünyanı gəzmək ya olduqları yerdən qaçmaq istəyərdi ancaq onlar qalmağın təhlükəsiz və rahat zonası ilə getməyin təhlükəli və narahat edici tərəfləri arasında seçim etməli idilər. O seçimini etmişdi. Ona görə sadəcə iki variant var idi: Maraqlı və maraqsız.
Bir çox insan əlbətdəki dünyani gəzmək ya olduqları yer dən qaçmaq istəyərdi, ancaq onlar təhlükəsiz və rahat zona ilə olası təhlükəli və narahat şeylər arasında seçim etməli idi. O seçimini etmişdi.
Tanımadığı küçələrdə özünü azdırmaq kimi adəti var idi onun ta uşaqlıqdan, indi tanımadığı ölkələrdə özünü azdırdığı kimi. Oliver Tvist, Kiçik Şahzadə, Dəfinələr adası nağılları ilə böyüdəcəkdi özünü. Və onlar kimi getmək istəyəcəkdi, uzaqlara. O da bir başqa macərapərəst olacaqdı. Böyüdüyü o balaca şəhərdə, gedə bildiyi qədər uzaqlara getmişdi balaca ayaqları ilə. Hər dəfə yeni küçələr, tərk edilmiş yerlər kəşf etmişdi o balaca şəhərində. Geri dönüb həyəcanla danışmışdı dostlarına, o gün tapdığı tanrının belə unutmuş olduğu yerlərdən.
Bəlkə də buna görə o qədər çox sevinmişdi ilk velosipedinə sahib olarkən. Daha da uzaqlara aparmışdı deyə onu. Səkkiz velosipedi olan bir uşaqdan, təkərləri deşik ilk və son velosipedini almışdı. Heç vaxt o qədər sevinməmişdi, baxmayaraq ki velosipedi balaca idi, boyuna uyğun deyildi və gülünc görüntü yaradırdı. O qədər kiçik idi ki pedalı hər çevirişində dizləri sükana çarpmışdı. Bu onu saxlamamış, hər səhər dizləri sükanı döyə-döyə başqa bir küçəyə getmişdi. Bir nöqtədən sonra getdiyi hər küçə bildiyi bir küçəyə çıxmış və məyus olmuşdu. O balaca şəhər artıq ona bəs etmirdi. Maraq hissi doyumsuzlaşır və daha artıq dozaya ehtiyac duyurdu.
Bildiyi tək şey var idi, yetəri qədər böyüdükdən sonra, bir daha geri dönməmək üzrə gedəcəkdi oralardan. Hər küçəsini əzbərləmiş olduğu o balaca və darıxdırıcı şəhərdən çox uzaqlara gedəcəkdi.
Bilmədiyi tək şey var idi, bağlanmaqdan nə qədər qaçsa da, xatirələr