ТОП просматриваемых книг сайта:
.
Читать онлайн.Musiqinin də bu böyük dəyişiklik dövründə dəyişməsi təsadüfi deyildir. Kapitalizm, ən geniş yayılmış və populyar sənət sahəsi olan musiqini də dəyişdirmiş, çox səsli və fərqli səslərin harmoniyasına əsaslanan yeni bir musiqi anlayışı meydana gəlmişdir. Formalaşmağa başlayan yeni cəmiyyət statik deyil, əksinə dinamikdir. Bu yeni cəmiyyətdə təməl dəyər insandır və insan həqiqətlərini, insan problemlərini çatdırmaq sənəti əks etdirmə baxımından əsasdır. Bu dəyişiklik, musiqi sahəsində yeni, çox səsli və “klassik” musiqinin meydana gəlməsində özünü göstərmişdir. XVII əsrdən etibarən klassik musiqi geniş yayılmağa başlamış, xüsusilə XVIII və XIX əsrlərdə böyük sənətkarlar yetişməyə başlamışdır. Klassik musiqidə bildiyimiz kimi insana aid hansısa gerçəklik əks olunur. Təbiət yaxud mövsümlər və s. də musiqi ilə çatdırılarkən insana yönəlir və insanın dərrakəsini oyadacaq şəkildə qurulur.
Klassik sənətin estetika anlayışına görə sənət əsəri ilə çatdırılan, təsvir olunan obyekt (bu təbiət yaxud cəmiyyətə aid nəsnə ola bilər) eyni olmalıdır. Bu estetikanın təməlində realizm durur. Realizmdə sənətkarın eynilə bir güzgü kimi həqiqəti əks etdirməsi istənilir. Belə bir estetika anlayışı içində sənətkarın əlavəsinə, subyektivizmə yer yoxdur. Sənətkarın öz subyektiv yanaşmasından kənar olan gerçəyi əslinə uyğun bir şəkildə yaratması lazımdır. Şübhəsiz ki burada əsas məsələ yaradılacaq gerçəyin nə olduğudur. Qarşıdakı bölmələrdə təfsilatlı şəkildə üzərinə qayıdacağımız gerçəkliyin, xüsusilə insan və ya cəmiyyətin gerçəkliyinin daha çox kültürəl olmasıdır. Klassik sənət anlayışında qeyd olunan bu kültürəl gerçəklik önə çıxarılmaqda idi.
Bu prizmadan yanaşanda romantik sənət anlayışını da estetika baxımından klassik sənətə daxil etmək mümkündür. Romantizm, əsasən sənətkarın xəyal gücünü, başqa sözlə düşüncəsindəki gerçəkliyi güzgü kimi əks etdirməsi kimi də başa düşülə bilər. Yəni düşünülən mövzunun həqiqətdən ayrılmaması lazımdır. Məsələn, Ejen Delakrua, Fransa inqilabını, David, Napoleonu mədh edən tabloları çəkəndə təxəyyülündəki həqiqətləri təsvir etmişdi. Delakruanın məşhur “azadlıq xalqa liderlik edir” adlı tablosunda azadlıq yarıçılpaq və çox gözəl bir qadın olaraq təsvir olunur. Bununla azadlığın cəlbediciliyi çatdırılmaq istənmişdir. Davidin Napoleon Akrol Körpüsündə tablosu da tamamilə təxəyyüldə canlandırılıb çəkilmişdir. Amma bütün bu sənət əsərlərində, qadın, at və at üstündəki komandir həmişə obyektiv həqiqətə uyğun olaraq dizayn edilmişdir. Buna görə də romantik sənət məktəbinin estetika anlayışının da realist estetika anlayışı üzərində formalaşdığı deyilə bilər.
Modern sənət və modern sənətə aid estetika anlayışı klassik estetika anlayışından köklü surətdə ayrılır. XIX əsrin son iyirimi beş ilinin sənət anlayışı və çevrəsinə hakim olan modernist estetika anlayışı, o vaxta qədər qüvvədə olan sənət anlayışını inkar etmişdir. Modernist sənət estetikasını müdafiə edən sənətçi və tənqidçilərə görə əks etdirmə estetikası passivdir, sənətkara subyektiv yanaşma imkanı vermir. Belə vəziyyətdə də sənətkarın yaradıcılığında özünəməxsusluğu olmur. Modern sənət tərəfdarları belə əsərləri içi boş surət olmaqdan xilas etməyin vacibliyini irəli sürmüşlər. Sənətkarlar, yaradıcılıq qabiliyyətlərini ancaq oturuşmuş anlayış və formalar üzərində işləyərək, dəyişdirərək və öz subyektiv yanaşmalarını əlavə edərək meydana gətirə biləcəkdilər.
Modern sənət və estetika anlayışı yuxarıda da qeyd olunduğu kimi XIX əsrin ikinci yarısında meydana gəlmişdir. 1870-ci illərdən etibarən bu mövzu ətrafında geniş mübahisələr açılmış, 1960-cı illərə qədər əsas anlayış olmuşdur. Sosioloqlar tərəfindən meydana atılan bu təşəkkülü təsadüf olaraq izah etmək mümkün deyil. Məsələn Kommunist Partiya Manifestinin dərc olunduğu 1848-ci ili yeni bir eranın başlanğıcı olaraq qəbul eləmək mümkündür. 1859-1979-cu illər arasındakı müddət, böyük inqilablar, müharibələr dövrü olaraq dəyərləndirilə bilər. Bu dövrün ictimai siyasi mühiti fövqəladə bir aktivlik göstərmişdir. Sənaye inqilabı ortaya yepyeni və son dərəcə dinamik bir cəmiyyət çıxarmışdır. Sənaye cəmiyyəti əvvəlki cəmiyyətlərdən çox fərqlidir, dərin qarşıdurmaları, ziddiyətləri ilə zəngindir. 1917-ci il Oktyabr İnqilabı və sosializmin bir dünya sistemi şəklində inkişafı, dünya müharibələri, üçüncü dünyanın meydana çıxması, ard-arda gələn texnoloji inqilablar və son dərəcə parlaq elm dövrünün başlanması, feminizm hərəkatları, envayronmentalizm (ətraf mühit, təbiət) hərəkatları kimi böyük və dərin iz buraxan hadisələrə nümunə ola bilməkdədir. Bütün bu hadisələrin sənət və estetika anlayışına köklü şəkildə təsir etməməsi imkansızdır.
Şübhəsiz ki, hər bir sənətkar əsər yaradarkən yaşadığı cəmiyyəti yaxud aldığı təəssüratlar nəticəsində topladığı düşüncələri müəyyən qədər mənbə olaraq istifadə edəcəkdir. Klassik estetika anlayışı, dünyəvi və obyektiv gerçəklikləri əks etdirmək qanununa söykənir və bu çərçivədə sənətkarın subyektivliyinə müsbət yanaşmır. Belə estetika anlayışının siyasi baxışlarla üst-üstə düşərək sənətkarlara necə ağır təzyiq göstərdiyinə aid minlərlə misal var. Məsələn, 1950-ci ilin ortalarıda Çexislovakiyada ilk elektron musiqi nümunələri siyasi hakimiyyət tərəfindən xoş qarşılanmamışdır. Çünki orada elektron musiqi ilə ifa ediləcək obyektiv gerçəklik yox kimi idi. Ancaq, qısa zaman sonra SSRİ-də ilk süni peyk qaldırıldıqdan, ardınca Qaqarin ilk insan olaraq aya uçandan sonra bu elektronik musiqi rejim tərəfindən alqışlanmış və təşviq edilmişdir.
Sənətkar əsərini yaradarkən şübhəsiz ki, hansısa gerçəklik ona təsir etməlidir. Bundan başqa bu gerçəklik yalnız bir formada təsir etməyə bilər. Daha açıq desək, sənətkarın gerçəkliyi idrak etməsində misal üçün, psixoloji, bioloji, fikri, ictimai formalardan biri daha çox ön plana çıxa bilər. Artıq burada sənətkarın subyektiv idrakı mütləq şəkildə iştirak edir. Bundan əlavə sənətkar istifadə edəcəyi materialları və əsərinin estetik standartları haqqında özü qərar verəcəkdir. Bu, əsərin yaradılmasın-da sənətkarın subyektivliyinin iştirakı deməkdir.
Subyektivlik məsələsi sadəcə sənətkarla əsəri arasındakı əlaqə ilə məhdudlaşmır. Tamaşaçı üçün də kainatı izah edən yeni bir dəyərləndirmə və mənalandırma formasıdır. Bir tamaşaçının hansısa sənət əsərini şüurlu yaxud şüursuz dərk etməsi bir deşifrə prosesi olaraq qəbul oluna bilər (Pyer Burdye, 1968, s. 89). Bir sənət əsərinin yaradılması və ictimailəşməsi daimi şifrələmə və deşifrələmə prosesi deməkdir. Bəzi sənətkarlar əsərlərini mümkün qədər asan başa düşüləcək şəkildə yaratmışlar.