Скачать книгу

canlandır. Yenidən Yaz gələndə qürub çağı rənglərin oyununa tamaşa et. Sən orada pərilərin qızıl kimi bərq vuran qəsrlərini görəcəksən. Payızda, Qışda və Yazda isə daha çox ulduzların gümüşü nağıllarını oxu. Onlar təbiətdə ən pak və ən əzəmətlidirlər. Bu ondan irəli gəlir ki, Tanrı Özü onları mavi axşam səmasında çəkib.

      Əzizim Məryəm! Bir bilsən əzəmətli, zəngin və gözəl təbiət sənə nə qədər nağıl söyləyə bilər! Mənim indi sənə dediklərimdən qat-qat çox. Bütün dağlar və daşlar, bütün ağaclar, kollar və xırdaca bitkilər, meşədəki, havadakı və dənizdəki heyvanların hamısının öz əhvalatı var. Təbiətdə hər şey canlıdır, nəfəs alır, hiss edir, düşünür və danışır!

      Sən dağları, daşları, kolları, xırdaca bitkiləri və meşədəki heyvanları dinləyə bilsən, ürəyinə və önlüyünə o qədər nağıl yığarsan ki! Əgər bir gün təbiət sussa və sən onun səsini eşitməsən, deməli, artıq qocalmısan və sənin qəlbin saçların kimi ağarıb! Qəlbini qocaltmaq nəyə lazımdır? Əzizim Məryəm, yellənən kresloda əyləşən nənən kimi yaşlı və ağ saçlı olsan belə, qəlbin həmişə cavan qalsın! O zaman sən daim təbiətin səsini eşidəcək, Yaradana mədhiyyələr oxuyan mələklərin səsini eşidəcək və heç vaxt məişət bataqlıqlarına enməyəcəksən. Hər şey bax belə baş vermişdi!

      DƏMİRÇİ PAAVO QATARI NECƏ NALLADI

      Bu nağılda dünyanın qurtaracağında yaşayan iki troll haqqında danışılır. Dünyanın qurtaracağının harada olduğunu heç kim bilmir. Amma o, həqiqətən olsaydı, yəqin, Berinq boğazı yaxınlığında, Köhnə Dünya ilə Yeni Dünyanın bir-birinə baxdığı yerdə olardı. Mən oralarda olmamışam, amma Nurdenşöld deyir ki, o yerlər çox uzaqdır.

      Deyirlər ki, orada bir-birinə bənzəməyən iki troll qardaş yaşayırdı. Burrebur adlı qardaş Asiyanın qurtaracağında Ostkap burnunda yaşayırdı. Burrebir adlı qardaş isə Amerikanın başlanğıcında Uels Şahzadəsi burnunda məskunlaşmışdı. Qardaşlar arasındakı məsafə elə idi ki, biri asqıranda digəri ona “Sağlam ol!” deyə bilirdi. Qardaşların gözləri pişik gözü kimi yamyaşıl idi.

      Qardaşlar üzdə mehriban idilər. Balinaya minib bir-birinə qonaq gedirdilər. Balinaları elə sürətlə idarə edirdilər ki, sular şahə qalxırdı. Hər biri dünyanın parasına sahib olsa da, bir-birinə paxıllıq edir və bir-birinin qanını qaraltmağa çalışırdılar. Hər biri hündür bir dağın zirvəsində əyləşib ölkəsini idarə edirdi və bir gözü də qonşusunun ölkəsində idi. Onlar bir-birinin gözünə qum və çınqıl tökməkdən ötrü boğazda fırtına yaradırdılar. Biri digərinin inəklərinə ağ ayıları qısqırdırdı. Belə zəngin ağaların mal-qarası olmasın, bəs kimin olsun! Donuz əvəzinə onların mamontları, inək əvəzinə balinaları, qoyun əvəzinə isə suitiləri var idi.

      Gözəl günlərin birində Burrebur və Burrebir başqa kiçik trollarla birlikdə Müqəddəs Lavrenti adasında ziyafət təşkil etdilər. Bu ada okeanın tən ortasında Berinq boğazından cənubda yerləşirdi. Ətrafda ucsuz-bucaqsız okean suları və bu sularda oynaşan balina sürüləri görünürdü. Trollara belə sakitlik darıxdırıcı gəldi. Belə aydın havada onlar necə əylənsinlər? Trollun biri fınxırdı və dərhal, fırtına uğuldadı, qatı duman ətrafı bürüdü. Görünür, hava dözülməz idi, çünki balinalar suyun altına enib yatışdılar. Trollar isə özlərini əla hiss edirdilər. Onlar oynamağa başladılar. Bir-birinə qaya parçalarını giləmeyvə kimi atır, ayaqları ilə ağacları aşırır, onlardan tonqal qalayır, ocaqdakı kösövlərlə bir-birinin saqqalını yandırırdılar. Sonra güclərini yoxlamaq istədilər. Çiyinləri ilə dağları yerindən oynadır, okeanın bütün suyunu içməyə cəhd edirdilər. Sonra ötüşməyə başladılar. Adada olduqlarını unutdular və şappıltı ilə suya düşdülər.

      – Yox, – Burrebir dedi və saqqalını silkələdi, – burada ötüşmək olmaz, çox darısqallıqdır. Gəl görək hansımız Günəşə çata bilər!

      Bütün trollar bunun əsl oyun olduğunu dedilər. Günəşə çatıb yaxasından yapışmaq və kisəyə basmaq lazım idi. O zaman ətraf əla zülmətə qərq olacaq və gün işığından gözlərini qıymalı olmayacaqlar.

      – Gəl dünyanın yarısından mərc gələk! – Burrebir dedi. – Günəş dağın arxasından qalxanda mən ona çatacam.

      – Bundan asan heç nə yoxdur! – Burrebur razılaşdı. – Dağın başında yatmaq lazımdır ki, gün qalxan kimi yaxasından yapışasan. Mən gün batanda onu tutmağı söz verirəm, çünki bu, daha çətindir.

      Onlar dünyanın yarısından mərc gəldilər. Qardaşlar hərəsi öz evinə gedib sehrli çəkmələrini geyindilər.

      “Mən Şərqə Şimali Amerikadan qaçacam, – Burrebir fikirləşdi. – Günəşə Alyaska dağlarında çata bilməsəm, Qayalı dağlarda dəqiq tutacam”.

      “Mən Qərbə Asiyadan qaçacam, – Burrebur qərara gəldi, – ona Böyük Sibir düzənliyində çata bilməsəm, axmaqlıq olar…”

      Qardaşlar hərəsi bir tərəfə götürüldü. Yalnız çəkmələrinin cırıltısı eşidildi.

      Var gücü ilə qaçmaq necə də ləzzət edirdi! Əvvəl sizə Burrebir haqqında danışacağam. O, böyük Alyaska düzənliyindən Şimali Amerikaya qaçdı və dağa çıxıb pusquda dayandı. Düzənlikdə qaçmaq boş şey idi, amma dağa dırmanmaq qat-qat çətin idi…

      – O…o...f! – Burrebir dağın zirvəsinə qalxıb nəfəsini dərdi. – Bura qalxmaq çətin oldu. Bir az dincəlib Günəşi güdəcəm.

      Və o, dağın zirvəsində əyləşib əli ilə altına şibyə yığdı. Axı dağ çox sərt idi. Bundan sonra yuxuya getdi. Orada nə zəngli saat, nə də səhər qəhvəsi var idi. Burrebir oyananda Günəş artıq zirvədə idi və onun gözünü qamaşdırırdı.

      – Məni ələ salırsan? – Burrebir mızıldandı. – Darıxma, sabah səni Qayalı dağlarda yaxalayacam.

      Burrebirin Şərqə qaçmaqdan və birnəfəsə ən yüksək zirvəyə qalxmaqdan başqa çarəsi qalmamışdı.

      “Daha yatmayacam, – Burrebir fikirləşdi. – Saqqalıma arı yuvası, çəkmələrimin hər birinə isə qarışqa topası atacam…”

      Dediyi kimi də etdi. Burrebir bütün gecəni gözünü yummadı. Səhər səması Şərqdə qızaranda Burrebir kisəsinin ağzını açıq tutub pusquda dayanmışdı.

      – Bir, iki, üç!.. – Burrebir ona qədər sayınca Günəş göründü. – Ay səni!

      Birrebir cəld Günəşdən yapışdı.

      – Ay ay ay!

      Burrebirin barmaqları, saqqalı, burnu və gözləri yandı. Bütün bədəni kömürə döndü. Burrebir yumaq kimi dağdan uzuaşağı yuvarlandı və var gücü ilə qaçmağa başladı. Böyük Ayı gölünə düşənə qədər qaçdı. Bu gölü sən xəritədə tapa bilərsən. Amerikalı bir həkim bədbəxt trollu tapıb ucqar xəstəxanaların birinə apardı. Bəlkə də Burrebir hələ də həmin xəstəxanada yatır. O, yanmış saqqalının uzanmasını gözləyir, çünki bu vəziyyətdə kiçik trolların gözünə görünməkdən utanır.

      Bəs Burreburun başına nə gəldi? İndi

Скачать книгу