Скачать книгу

ƏDƏBIYYAT VƏ TƏBLIĞAT HAQQINDA

      İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.

Atalar məsəli

      Desəm ki, Çarlz Dikkensin həyat və yaradıcılığına dərindən bələdəm, rəsmən ağ yalan söyləmiş olaram. Dikkensin cəmi üç əsərin oxumuşam: “Oliver Tvistin məcaraları”, “İki şəhər” və təbii “Böyük ümidlər”.

      Bilmirəm, nədənsə Dikkens elə əvvəldən bir yazıçı kimi mənə o qədər də maraqlı, cəlbedici görünməyib. Əgər Dikkens bir yazıçı kimi mənə maraqlı, cəlbedici görünsəydi, onun bütün yaradıcılığını su kimi içərdim. Dikkensin yaradıcılığına, həyatına əvvəldən xüsusi marağım olmamasının səbəbləri haqqında düşünməmişəm. Bu barədə düşünməyə heç ehtiyac belə hiss etməmişəm…

      Müğənnilər demişkən, yaxından tanıyan adamlar yaxşı bilirlər ki, zaman-zaman müxtəlif əsərləri təkrar-təkrar oxumaq kimi bir mərəzim var. Yaxınlarda Dikkensin “Büyük ümidlər” əsərini bir daha oxudum. Dedim bir baxım görüm Dikkens indi mənə necə təsir bağışlayacaq. Dikkens əvvəlki vaxtlarla müqayisədə bir yazıçı kimi mənə daha zəif təsir bağışladı. Əsəri oxuduqdan sonra bu yazını yazmaq qərarına gəldim.

      Bir çox ədəbiyyat kitablarında Dikkensin adı Balzak, Mopassan, Tolstoy, Viktor Hüqo kimi yazıçılarla yanaşı çəkilir. Ola bilsin Dikkens ingilislər üçün əziz və qiymətli yazıçıdır. Ola bilsin Dikkens ingilis ədəbiyyatı üçün çox iş görüb, amma sırf ədəbiyyat nöqteyi-nəzərindən Dikkensin Balzak, Mopassan kimi yazıçılarla yanaşı dayanması hardasa böyük ədalətsizlikdir. Öz aramızdır, Balzak, Mopassan hara, Dikkens hara. Mən hələ Tolstoydan, Viktor Hüqodan danışmıram. Dikkens Tolstoy, Hüqo kimi divlərin yanında sadəcə cırtdan kimi görünür.

      Dikkensin özünü əsərlərində olduğundan daha ağıllı, hazırcavab göstərmək istəməsi adamı olmazın dərəcədə əsəbləşdirir. Bir insanın özünü olduğundan daha ağıllı, hazırcavab kimi göstərmək istəməsi çox pis haldır. Əksinə, düşünürəm ki, insan özünü olduğundan daha da ağılsız, daha da savadsız göstərməlidir.

      Bəs yaxşı, Dikkens zəif yazıçı olduğu halda (təbii, nəhəng yazıçılarla müqayisədə) necə olur onun adı Mopassan, Balzak, Tolstoy kimi yazıçılarla yanaşı çəkilir. İsa Qəmbər demişkən, hesab edirəm ki, Dikkensin dünya ədəbiyyat meydanında belə at oynatmasının, lotuluq etməsinin, məşhur olmasının arxasında ingilis gücü dayanır. İngilis gücü olmasaydı Dikkens öz hesabına bir yazıçı kimi dünya ədəbiyyatında bu qədər məşhur ola bilməzdi. Dikkens hər hansı üçüncü bir ölkənin yazıçısı olsaydı, onu öz ölkəsindən kənarda çox az adam tanıyardı. Xülaseyi-kəlam, Dikkens bu mənada çox şişirdilmiş yazıçıdır.

      Şərif Ağayar yaxınlarda bir yazısında maraqlı, aktual bir sual qaldırmışdı:

      “Görəsən, ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürmü?”

      Şərif qaldırdığı suala belə cavab vermişdi: “Əgər belədirsə (yəni ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürsə. S. B. ), o, ədəbiyyat ədəbiyyat olmaz axı!

      Sonralar bir balaca səhv elədiyimi anladım. Sən demə, təbliğat müəyyən zaman dilimində olsa da öz işini görür. Sovet quruluşunda da, kapitalist cəmiyyətində də təbliğat və reklamla ictimai rəyə oturdulan imzalar olub. Onların bəziləri qısa ömürlü, bəziləri uzun ömürlü, bəziləri hardasa əbədi davam edib.”

      Şəriflə birmənalı olaraq razıyam. Hələlik uzağa getməyək, elə özümüzünkülərdən misal gətirək. Anar Rzayev, Elçin Əfəndiyev kimi istedadsız, ədəbiyyata yaxından və uzaqdan dəxli olmayan adamlardan ataları zorla yazıçı düzəldib cəmiyyətə soxuşdurdular. Öz istedadlarına qalsaydı Anar Rzayev, Elçin Əfəndiyev uzaqbaşı, maksimum hansısa ədəbiyyat jurnalında redaktor ola bilərdilər. Amma təbliğat öz işini görüb. Anar Rzayev, Elçin Əfəndiyev bir yazıçı kimi tanınıblar. İndi də özlərin elə aparırlar ki, guya həyatda hər şeyi özləri əldə ediblər, bunların yazıçı kimi tanınmaqlarında atalarının heç bir rolu olmayıb.

      Ölkə sərhədlərindən kənara çıxaq, xarici yazıçılardan misallar gətirək. Etqar Keret adında bir yəhudi yazıçısı var. Çox səviyyəsiz bir yazıçıdır. And olsun bizi yaradana, onun hekayələrini mən yazsam, o hekayələri Azərbaycan oxucuları büküb məmnuniyyətlə gözümə soxarlar. Amma nə deyirsən, yəhudi mafiyası bu səviyyəsiz yazıçını inadla, peşəkarcasına, uğurla dünyada məhşurlaşdırmaqla məşğuldur. Yaxın illərdə babat bir mükafat verib, edəcəklər dünya şöhrətli yazıçı.

      Yaxud götürək Xalid Hüseyni. Xalid Hüseyn Amerikanın proyektidir. Orta səviyyədən də aşağı bir yazıçıdan dünya şöhrətli yazıçı düzəldiblər. Bütün bunlar bəzi yoldaşlara cəfəngiyyat, sayıqlama kimi görünə bilər. Görünsün, problem yoxdur. Lakin bilin ki, bütün bunlar adi və banal həqiqətlərdir. Bəs bu əməlliyyatlar necə həyata keçirilir? Çox asan yollarla. Hərçənd şeytan çox vaxt təfərrütlarda gizlənsə də, burada təfərrüatlara girməyə zərrə qədər də ehtiyac yoxdur. Yaxşısı budur gəlin bir rəvayətin məzmununa diqqətlə nəzər salaq.

      Belə rəvayət edirlər ki, qədim zamanlarda bir şahın bir pəhlivanı varmış. Bu pəhlivan ya zəlzələdən, ya vəlvələdən hamını yıxırmış. Deyilənə görə pəhlivanların bəziləri şahın qorxusundan, bəziləri də sırf şaha yaltaqlanmaq üçün onun pəhlivanına qəsdən uduzurmuşlar. Buna baxmayaraq şahın pəhlivanı fəxr edirmiş ki, onun kürəyini yerə vuran adam yoxdur və beləcə xoruzlana-xoruzlana, xurma yeyə-yeyə kef içində yaşayırmış. Bir gün qurd ürəyi yemiş bir nəfər şahın pəhlivanına deyir ki, çox da xoruzlanma, filan yerdə bir pəhlivan var, sən onu heç cürə yıxa bilməzsən. Bu söz şahın pəhlivanının qüruruna toxunur. Çünki, belə bir pəhlivanın mövcud olduğu haqda o heç nə eşitməmişdi. Heç kimin tanımadığı bir pəhlivan onu necə yıxa bilər? Şahın pəhlivanı özünə, gücünə arxayın halda gedib həmin pəhlivanı tapır. Görür həmin pəhlivan bostançılıqla məşğuldur. Yəni, qarpız, yemiş, pomidor, xiyar, badımcan yetişdirir. Şahın pəhlivanı deyir ki, gəl güləşək. Adsız-sansız pəhlivan güləşməyə razı olmur. Deyir xatanı məndən uzaq elə, başımı aşağı salıb əlimin qabarı, alnımın təri ilə bir tikə çörək qazanıram, güləşmək istəmirəm. Şahın pəhlivanı çox dirəşir. Axırda adsız-sansız pəhlivan bezir, güləşməyə razı olur. Şahın pəhlivanının kürəyini asanlıqla yerə vurur. Şahın pəhlivanı vəziyyətlə razılaşmır. Deyir bu kov deyil, gəl bir dəfə də güləşək. Bu dəfə də adsız-sansız pəhlivan şahın pəhlivanının kürəyini asanlıqla yerə vurur. Şahın pəhlivanı mat qalır. Deyir, ay qardaş, sən ki, belə güclü pəhlivansan, bəs niyə sən məşhur deyilsən, niyə sənin adın it dəftərində də yoxdur. Adsız-sansız pəhlivan şahın pəhlivanına əla cavab verir. Deyir ki, sənə aslanım deyən, mənə pişiyim desəydi, mən səndən yüz dəfə çox ad-san qazanardım.

      Əlbəttə, bu rəvayətdə böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

      18,6 SM HAQQINDA

      Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.

Atalar məsəli

      Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?

      Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

      Son vaxtlar insan təbiəti haqqında çox düşünürəm. Baş verən hadisələr də istər-istəməz adamı insan təbiəti haqqında düşünməyə vadar edir. Şəraitdən asılı olaraq arta və azala bilər, lakin fikrimcə bəzi şeylər var ki, o axıra qədər bu və ya digər formada insanla qalır, insanla qəbirə qədər gedir. Necə deyərlər, südlə girən, sümüklə çıxar.

      Heç vaxt ağır-ağır suallara cavab axtarmamışam. Bünövrəm belə qoyulub. İllər əvvəl Eynşteynin bir yazısını

Скачать книгу