ТОП просматриваемых книг сайта:
Minima Moralia. Теодор В. Адорно
Читать онлайн.Название Minima Moralia
Год выпуска 0
isbn 978-9953-8077- 9-2
Автор произведения Теодор В. Адорно
Издательство Alatoran yayınları
23
Plurale tantum (1) – Cəmiyyət əgər çağdaş bir fikirdə deyildiyi kimi müxtəlif “fırıldaqlardan” ibarətdirsə, onu ən yaxşı təmsil edən model də kollektivin ziddi olan şeydir; Fərd monada kimi. Hər fərdin tamamilə şəxsi maraqlarının izini axtarmaqla saxta bir cəmiyyətdə kollektivin təbiətinin necəliyini tapa bilərik. Fərqli instinktlərin həqiqət prinsiplərinə cavab verən bir eqonun rəhbərliyi altında təşkilatlanmasını da mənəviləşdirilmiş quldur dəstəsi kimi yozmaq mümkündür. Rəhbəriylə, üzvləriylə, mərasimləriylə, sədaqət andlarıyla, xəyanətiylə, maraq toqquşmalarıyla, intriqalarıyla və bütün girdi-çıxdısı ilə bir quldur dəstəsinin mənəviləşdirilmiş forması. Bunu başa düşmək üçün fərdin ehtirasla qarşı çıxdığı qəzəb anlarını, əsəb partlamalarını xəyal etmək kifayətdir. Qəzəbli insan həmişə öz eqosunun quldur başçısı kimi çıxış edir. Şüuraltına baltanı endirməmək əmrini verib. Gözləri içindəki dəstənin adına danışmaq ehtirası ilə alovlanmaqdadır. Şəxs öz təcavüzkarlığını nə qədər çox mənimsəyərsə, cəmiyyətin despotik prinsiplərini o dərəcədə yaxşı təmsil edər. Bəlkə də bu prinsip elə bu mənada düzdür: Ən şəxsi olan ən ümumi olandır.
24
Tough baby (1) – Müəyyən bir kişilik jesti var ki, istər özümüzdə, istəsə də başqalarında gördüyümüz an şübhələnməyi-miz lazımdır. Müstəqilliyinin, hakimiyyət gücünə inamının ifadəsidir – bütün kişilərin gizli həmgünahkarlığı. Əvvəllər bu jestə qorxulu bir hörmətlə “ağanın kaprizi” deyilirdi. Günümüzdə isə bu jest demokratikləşib və adi bank işçisi belə bu jesti film qəhrəmanlarından öyrənməkdədir. Ən əsas model gecə gec vaxtda özünün subay mənzilinə qayıdan və gizli işıqlandırmanı qoşaraq dərhal özünə viski-soda hazırlayan, smokinqli yaraşıqlı kişidir. Ədabaz dodaqların tələffüz etməkdən çəkindiyini mineral suyun diqqətlə qeyd edilmiş köpüklənmə səsi deyir bizə. Siqaret dumanı, dəri və təraş kremi qoxumayan hər şeyi, xüsusən də, qadınları xor görməkdədir. Onlar isə elə bu səbəbdən bu modeli dəhşətli dərəcədə cazibədar sayırlar. Onun üçün insan münasibətlərinin ideal forması kişi klubudu. Kişi klubu nəzakətli vicdansızlığın arenasıdır. Bu cür şəxslərin, daha doğrusu modellərin – çünki real həyatda bu cür tiplər çox nadirdir və insanlar həmişə öz mədəniyyətlərindən daha yaxşıdırlar – həzlərində, əyləncələrində gizli bir despotizm, vəhşilik sezilməkdədir. Bu zorbalıq başqalarını hədəfə götürən təhlükəyə bənzəyir, yəni kreslosuna yayxanmış şəxsin uzun müddətdir ehtiyac duymadığı şəxslərə qarşı yönəltidiyi təhlükəyə. Bu təhlükə əvvəllər özünə qarşı yönləndirdiyi təhlükədir. Əgər hər həzzin köhnə bir əzabı özündə qoruduğu və davam etdirdiyi doğrudursa, burda da əzab ona dözməyin qüruru formasında, yavaş-yavaş, tamam metamorfoza məruz qalmamış qəlib olaraq həzz kimi aliləşdirilmişdir. Şərabdan fərqli olaraq hər viski qurtumu, hər siqar nəfəsi orqanizmin bu qədər sərt şeylərə öyrəşmək və onları dəf etmək üçün məcbur qaldığı diksintini xatırlatmaqdadır. Həzz olaraq gözə çarpan da bunlardan başqa şey deyil. Deməli, sərt kişi, həqiqətən də fimlərdə təqdim edildiyi kimidir: mazoxist. Sadizmin kökündə yalan dayanır və şəxs ancaq yalan danışaraq həqiqi sadistə, despotluğun agentinə çevrilə bilər. Ancaq bu yalan özü də özünü əkscinsliliyin təsdiqlənəsi tək forması kimi təqdim edilmiş, içdə saxlanılmış homoseksualizmdən başqa bir şey deyil. Oksfordda iki növ tələbə fərqlənir: sərt kişilər və intellektuallar. İntellektuallar da sırf bu ziddiyyət səbəbiylə avtomatik olaraq qadınyanalıqla damğalanırlar. Bilməliyik ki, hakim təbəqə diktatorluğa tərəf istiqamətlənəndə bu iki ucda qütbləşmə meydan gəlir. Bu bölünmə bütünləşmənin sirrini də özündə daşıyır. Nəticədə, əsl qadınyana olanlar sərt kişilərdir, qadınyana olduqlarını qəbul etməmək üçün anauşağı qurbanlara ehtiyac duyurlar. Totalitarlıq və homoseksuallıq birlikdə addımlamaqdadır. Subyekt çökərkən öz cinsindən olmayan hər şeyi də inkar etməkdədir. Güclü kişi və onun əksi ağıllı uşaq obrazı despotizmin patriarxal prinsiplərini ən saf formada tətbiq edən bir cəmiyyətdə tamam qaynayıb qarışır. İstisnasız hər şeyi, məsələn, subyektləri belə özlərinin obyektlərinə çevirməklə bu prinsip bütünlüklə təsdiqlənir və qadınyanalıqdan zərrəcə fərqlənmir.
25
Zehnimizdə onlara yer yoxdur – Qaçqınların köhnə həyatlarının silindiyini bilirik. Əvvəllər həbs əmriydi, bu gün isə ölkədən ölkəyə daşına bilməyənn zehni yaşantıdır. Maddiləşməmiş olanın, nomeklaturlaşmayanın yaşamı da sona çatmaqdadır. Bununla belə maddiləşmə bununla da kifayətlənməyib öz ziddinə, bilavasitə feilləşməyən yaşama da yayılmaqdadır. Təkcə fikir və nostalgiya kimi yaşayan şeylərə. Bunlar üçün xüsusi termin də icad ediblər. “Curriculum vitae”. Cinsiyyət, yaş, iş – hamısı soruşulur. Yaşam, onun qətli davam etsin deyə, həmrəy statistiklərin qələbə maşınına bağlanıb süründürülməkdədir. Keçmiş belə bu gündən – onu xatırlamaqla növbəti unuduluşa təslim edəcək bu gündən – özünü qoruya bilməməkdədir.
26
English