Скачать книгу

ion>

      Əgər iyirmi il ərzində minlərlə mil məsafə qət etdikdən və yaşın qırxa çatdıqdan sonra hələ də uçuşdan həzz alırsansa, afərin sənə. Təyyarəni yerə məharətlə, dəqiq endirdiyinə hələ sevinə bilirsənsə, bir daha afərin. Əlini sükandan yüngülcə çəkirsən, bir balaca toz qaldırırsan və təkərləri torpaqdan ayıran son düymü rahatca fəth edirsən. Xüsusən də qarın üstünə enəndə ləzzət edir. Sıx qar eniş üçün çox münasibdir. Qarın üstünə oturmaq mehmanxanada yumşaq xalçanın üstündə ayaqyalın gəzmək kimi bir şeydir.

      Lakin “DS-3” təyyarələrinin kitabı artıq qapanmışdı. Elə olurdu ki, bu köhnə maşınları hava şəraitindən asılı olmayaraq göyə qaldırıb harada gəldi meşələrin üzəri ilə uçmaq lazım gəlirdi. Kanadada işlədiyi müddətdə o çox bərkdən-boşdan çıxmışdı və buna görə də öz təyyarəçi həyatını “Feyrçayld”ın sükanı arxasında, Qırmızı dənizin səhraları üzərində başa çatdırması təəccüblü deyildi. Bu təyyarə Misir sahilləri boyunca bütün ərazidə neft yataqlarının kəşfiyyatını aparmaq hüququna malik olan “Teksyegipto” şirkətinə məxsus idi. “Feyrçayld”la maşın dağılıb tamamilə sıradan çıxana qədər səhraların üzəri ilə uçdu. Təyyarənin qalxıb-enməsi üçün meydançalar yox idi. Maşını geoloq və hidroloqların ürəkləri istədikləri hər yerdə – qumun, kolun, qurumuş kiçik çayların yerində əmələ gəlmiş daşlığın və Qırmızı dənizin üfüqədək uzanan ağ saylarının üstündə yerə endirirdi. Ən pisi də elə bu saylar idi. Qumluğun ilk baxışdan hamar səthi daim iri ağ mərcan parçaları ilə dolu olurdu. Onların ülgüc kimi olduqca iti ucları var idi. “Feyrçayld”ın mərkəzə uyğunlaşdırma sistemi alçaqda olmasaydı, təkərlərinin deşilməsi nəticəsində çoxdan aşmışdı.

      Amma bütün bunlar keçmişdə qalmışdı. “Teksyegipto” “Aramko”nun Səudiyyə Ərəbistanında qazandığı qədər gəlir əldə etmək imkanı verə biləcək iri neft yataqları tapmaq cəhdlərindən əl çəkdi. Çünki bu çox baha başa gəlirdi. Beləliklə, “Feyrçayld” qalın toz layı basmış vəziyyətdə Misir anqarlarının birində dayanmışdı. Aşağı tərəfində nazik, uzun çapıqlar görünürdü. Sanki kimsə qarnını xəncərlə doğramışdı. Sürtülmüş burazlarına, bərbad vəziyyətdə olan mühərrik və cihazlarına baxanda onun nə vaxtsa təyyarə olduğuna inanmaq çətin idi. Bir yığın metal tullantısını xatırladırdı.

      Hər şey bitmişdi. Onun qırx üç yaşı tamam olmuş, arvadı onu qoyub Massaçusets ştatının Kembric şəhərində Linnen-stritdəki evinə yollanmış və kefi istəyən kimi yaşamağa başlamışdı. Qadın tramvayla Harvard-skverə qədər gedir, mağazadan ərzaq alır, atasının taxtadan inşa edilmiş yaraşıqlı evində qonaq qalırdı. Bir sözlə, ləyaqətli qadına yaraşan, ləyaqətli həyat sürürdü. O, arvadının yanına gəlməyə hələ yazda söz vermişdi. Amma bilirdi ki, bunu etməyəcək. Bu yaşda artıq təyyarəçi kimi heç yerdə iş tapa bilməyəcəyini də bilirdi. Xüsusən də indiyədək öyrəşdiyi işlərə bənzərini. Heç Kanadada da tapa bilməyəcəkdi. Oralarda təklif tələbi üstələmişdi. Hətta təcrübəli təyyarəçilər də iş tapa bilmirdilər. Saskaçevan fermerləri özləri təyyarə idarə etməyi öyrənir və “Payperkeb”, eləcə də “Oster”lərinin sükanı arxasına keçirdilər. Həvəskar aviasiya bir çox qocaman təyyarəçini çörəksiz qoymuşdu. Onlar sonda ya mədən idarələrində, ya da hökumət təşkilatlarında işə düzəlirdilər. Amma həmin işlər həddən artıq ləyaqətli və təmiz idi. Bu yaşında onları özünə uyğun bilmirdi.

      Beləliklə də, əgər arvadını və onyaşlı oğlunu nəzərə almasaq, əliboş qalmışdı. Düzdür, o heç arvadına da lazım deyildi. Dünyaya gec gələn oğlunun isə hər ikisi üçün yad olduğunu Ben qəlbinin dərinliyində hiss edirdi. On yaşındakı bu tənha və özünə yer tapa bilməyən uşaq anlayırdı ki, anası onunla maraqlanmır, yad, sərt xasiyyətli və azdanışan atası isə birlikdə olduqları çox nadir dəqiqələrdə onunla söhbət etməyə söz tapmır.

      Bu dəfə də vəziyyət həmişəkindən yaxşı deyildi. Ben uşağı özü ilə Qırmızı dənizin sahilləri üzərində iki min fut hündürlükdə dəlicəsinə çalxalanan “Oster”ə mindirmişdi. Hər an oğlanın ürəyinin bulanacağını gözləyirdi.

      – Əgər qusmaq istəsən, – Ben dedi, – mümkün qədər aşağı əyil ki, bütün kabinəni bulamayasan.

      – Yaxşı. – Oğlanın çox bədbəxt görkəmi var idi.

      Balaca “Oster” qızmar havada amansızcasına otərəf-butərəfə tullanırdı. Amma oğlan qorxsa da, yenə özünü itirmir, ağzındakı nabatı coşqunluqla soraraq kompasa, naviqasiya cihazlarına baxırdı.

      – Qorxursan?

      – Bir az, – oğlan kobud amerikalı uşaqlardan fərqli olaraq olduqca sakit və utancaq bir tərzdə cavab verdi. – Bəs bu təkanlardan təyyarə qırılmaz ki?

      Ben oğluna ürək-dirək verə bilmirdi, düzünü dedi:

      – Əgər maşına vaxtlı-vaxtında qulluq etməsən, hər şeyi yoxlamasan, mütləq qırılar.

      – Bəs bu… – oğlan sözə başlasa da, ürəyi bərk bulandığından davam edə bilmədi.

      – Bu, qaydasındadır, – atası əsəbiliklə dedi. – İşə tam yararlı təyyarədir.

      Oğlan başını aşağı saldı və yavaşca ağlamağa başladı.

      Ben oğlunu özü ilə götürdüyünə peşman oldu. Ailələrində alicənab təşəbbüslər daim uğursuzluqla yekunlaşırdı. Onların ikisi də belə idi – quru, ağlağan, geridəqalmış ana və sərt, özündən tez çıxan ata. Çox nadir alicənablıq tutmalarından biri zamanı Ben oğluna təyyarə sürməyi öyrətmək fikrinə düşmüşdü. Oğlunun hər şeyi tez anlayaraq çox qısa bir müddətdə əsas qaydaları öyrənməsinə baxmayaraq atası hər dəfə səsini yüksəldəndə gözündən yaş axmağa başlayırdı…

      – Ağlama! – Ben bu dəfə ona əmr etdi. – Nə ağlayırsan? Başını qaldır, eşidirsən, Devi! Bu saat başını qaldır!

      Ancaq Devi başını aşağı salıb oturmuşdu. Ben isə onu özü ilə götürdüyünə daha çox peşman olur və məyus-məyus Qırmızı dənizin təyyarənin qanadları altında sərilmiş boş sahillərinə, qurunun incə çalarlarını suyun solğun-yaşıl rəngindən ayıran və minlərlə mil məsafəyə uzanan zolağa baxırdı. Sanki heç nə tərpənmirdi, hər şey ölmüşdü. Günəş burada bütün həyatı yandırırdı. Baharda isə külək minlərlə kvadrat mil ərazidə qum kütləsini havaya sovurur və əbədi olaraq dənizin dibinə məhkum etmək üçün Hind okeanının o tayına aparırdı.

      – Əgər enişə necə getmək lazım olduğunu öyrənmək istəyirsənsə, – o, Deviyə dedi, – düz otur.

      Ben haradasa sərt və kobud tərzdə danışdığını bilirdi və həmişə oğlu ilə niyə normal danışa bilmədiyinə təəccüblənirdi. Devi başını qaldırdı. Atası əlləri ilə idarəetmə lövhəsindən tutub qabağa əyildi. O, ayağını qazdan çəkdi və sürətin azalmasını gözlədi. Sonra var gücü ilə trimmerin dəstəyini özünə çəkdi. Bu balaca ingilis təyyarələrində həmin dəstək çox narahat yerdə, sol tərəfdə, yuxarıda, demək olar ki, adamın başının üstündə quraşdırılmışdı. Gözlənilməz təkandan uşağın başı aşağı əyildi, lakin o, tez başını qaldırıb maşının yerə əyilmiş burnunun üstündən bu kimsəsiz sahilə atılmış qoğala bənzəyən körfəz boyunca uzanan ensiz ağ qumluq zolağa tamaşa etməyə başladı. Atası təyyarəni düz ora sürürdü.

      – Bəs sən küləyin haradan əsdiyini nədən bilirsən? – oğlan soruşdu.

      – Dalğalardan, buludlardan, hissiyyatımdan! – Ben bərkdən dedi.

      Amma təyyarəni idarə edərkən nəyə əsaslandığını artıq heç özü də bilmirdi. Fikirləşmədən, tam dəqiqliyi ilə maşını harada yerə endirəcəyini bilirdi. O, dəqiq olmalı idi, çılpaq qumsal zolaq artıq bir qarışını da vermirdi və onun üstünə ancaq çox kiçik təyyarə enə bilərdi. Buradan yerli əhalinin yaşadığı ən yaxın kənd yüz mil məsafədə yerləşirdi. Ətraf ölü səhra idi.

      – Əsas odur ki, hər şeyi düzgün hesablayasan, – Ben dedi. – Təyyarəni tarazlaşdıranda gərək yerə qədər olan məsafə altı düym olsun. Nə bir, nə də üç fut, düz altı düym! Əgər bir az yuxarı götürsən, eniş zamanı

Скачать книгу