Скачать книгу

Bu kitabı Suzi və Klara Klemenslərin atası mehriban və tərbiyəli uşaqlarına böyük məhəbbət hissi ilə həsr etmişdir.

      Bu povesti mən sizə bir adamdan eşitdiyim kimi söyləyəcəyəm. O adam da öz atasından eşitmişdi, atası da babasından, babası da öz atasından eşitmişdi. Demək, üç yüz il, bəlkə də, daha artıq bir vaxtda bu povest atalardan oğullara keçmiş, beləliklə, nəsilbənəsil saxlanmışdır. Bəlkə də, bu, tarixi faktdır, bəlkə də, dastandır, bəlkə də, rəvayətdir. Çox güman ki, belə bir əhvalat olmuşdur…

      Şahzadə və dilənçinin doğulması

      Bu əhvalat on altıncı əsrin ortalarında baş vermişdir.

      Payız günlərinin birində, qədim London şəhərində, yoxsul Kentinin ailəsində bir oğlan uşağı doğuldu. Onun adını Tom qoydular. Uşağın doğulması heç kimi sevindirmədi, çünki o, yoxsul ailənin qayğılarını daha da artıracaqdı.

      Elə həmin gün İngiltərə kralı Tüdorun ailəsində başqa bir uşaq dünyaya gəldi. İngiltərə çoxdan bəri onun həsrətini çəkir, ondan ötrü Allaha dua edirdi. Həmin gün xalq İngiltərə vəliəhdinin doğulmasını bayram edirdi. Yoxsullar da, varlılar da şənlik edir, şərab içirdilər.

      İngiltərənin hər tərəfində ancaq körpə Uels şahzadəsi Eduard Tüdorun söhbəti gedirdi. Cır-cındıra bürünmüş Tom Kenti isə heç kimi maraqlandırmırdı.

      Tomun uşaqlığı

      Bir neçə il keçdi.

      London artıq on beş əsr ömür sürmüşdü və o zamanın böyük şəhəri idi. Burada yüz min, bəlkə də, daha çox ailə yaşayırdı. Şəhərin Tom Kenti yaşayan hissəsində, London körpüsünün yanında küçələr dar, əyri və palçıqlı, evlər taxtadan idi.

      Tomgilin yaşadığı ev üfunətli bir dalanda yerləşirdi. Dalana "Tör-töküntülər həyəti" deyirdilər. Yoxsul adamlarla dolu olan bu köhnə, sınıq-salxaq evdə Kenti ailəsi üçüncü mərtəbədə bir otaqda yaşayırdı. Otağın küncündə Tomun atası ilə anasının çarpayıya oxşar bir şeyləri var idi; Tomun, nənəsinin, Bet və Nen adlı iki bacısının isə müəyyən bir yeri yox idi, bütün döşəmə onların ixtiyarında idi, kefləri istəyən yerdə yatırdılar.

      Bet və Nen on beş yaşında, əkiz, mehriban qızlardı. Paltarları cır-cındır, özləri də çox pinti və avam idilər. Ana da onlardan geri qalmazdı. Lakin ata ilə nənə lap pis idi. Onlar harada oldu içib keflənər, bir-biriylə, ya da qabaqlarına çıxan hər kəslə dalaşar, həmişə söyüş söyərdilər. Con Kenti oğru, ana isə dilənçi idi. Onlar uşaqlara da dilənməyi öyrətmişdilər, oğurluğu isə öyrədə bilmirdilər.

      Bu evdəki otaqlardan birində mərhəmətli, qoca bir keşiş yaşayırdı. O tez-tez uşaqları öz otağına aparır, ataanalarından gizli onlara yaxşı şeylər öyrədirdi. Toma yazmaq və oxumaq, hətta bir az latın dilini də öyrətmişdi.

      Tör-töküntülər həyəti arı yuvasına bənzəyirdi. Burada sərxoşluq, savaşmaq, baş yarmaq adi hal idi. Bununla belə, balaca Tom özünü bədbəxt hiss etmirdi, axı bu həyətdə bütün uşaqlar belə yaşayırdılar. Ona elə gəlirdi ki, elə belə də olmalıdır. Axşam evə əliboş qayıdanda bilirdi ki, atası onu söyəcək və kötəkləyəcək. Gecəyarısı anası xəlvətcə onun yanına gələr, özü yeməyib xəlvətcə onun üçün saxladığı quru çörək qırığını və ya süfrə artığını ona verərdi.

      Tom yalnız döyülməkdən yaxasını qurtarmaq üçün dilənirdi. Əslində isə bu işə heç həvəsi yox idi. Vaxtının çoxunu keşiş Endrünün yanında keçirir, onun divlər və cırtdanlar, sehrbazlar və pərilər, tilsimli saraylar, əzəmətli krallar və şahzadələr haqqında söylədiyi nağıllara böyük maraqla qulaq asırdı. Onun xəyalı bu cür gözəl nağıllarla dolu idi. Gecələr bəzən ac və yorğun halda xəyala dalar, kral sarayında bir şahzadənin gözəl həyatını təsəvvür edər, təhqirləri və ağrıları yaddan çıxarardı.

      Tom keşişin qədim kitablarını oxuyar, anlamadığı cümlələrin mənasını ondan soruşardı. Yavaş-yavaş bu kitablar və xəyallar onun həyatında böyük dəyişikliklər əmələ gətirməyə başladı. Onun şirin xəyallarının qəhrəmanları o qədər gözəldilər ki, o öz cındır paltarından sıxılmağa başladı. Təmiz olmaq və yaxşı geyinmək istədi. Doğrudur, o indi də tez-tez palçıqda oynayır və bundan çox ləzzət alırdı. Lakin indi Temzada yalnız əylənmək üçün çimmirdi; artıq Tom üçün təmiz olmağın böyük əhəmiyyəti var idi.

      Oxuduğu kitablar və saray haqqındakı xəyalları Toma o qədər təsir etmişdi ki, özünü şahzadəyə oxşatmağa başlamışdı. Onun danışıq və hərəkətləri çox ədalı idi. Tom saray əyanlarının təmtəraqlı danışıqlarını və hərəkətlərini məharətlə təqlid edirdi. Həyətin uşaqları buna təəccüblənirdilər və getdikcə Tomun nüfuzu artırdı. Onlar Tomun bu hərəkətlərini valideynlərinə danışırdılar. Nəhayət, böyüklər də Tom Kentinin istedadlı və qeyri-adi uşaq olmasına inandılar. Onlar çətin hallarda Tomla məsləhətləşməyə başladılar və çox zaman onun dərrakəsinə, ağıllı hökmlərinə heyran qalırdılar.

      Çox keçmədi, Tom özü üçün bir "kral sarayı" düzəltdi. O özü şahzadə olmuşdu; yaxın yoldaşları isə gözətçilər, saray əyanları, mehtərlər, saray xanımları idilər. Hər gün onu saray qaydaları ilə qarşılayırdılar, dövlət əhəmiyyətli məsələlər həll edirdilər. Yalançı şahzadə orduya, donanmaya, vəzirlərə fərmanlar verirdi.

      Sonra da öz cındır paltarında dilənməyə gedir, güclə bir neçə fartinq1 dilənir, axşamlar da öz kötək payını almaq üçün evə qayıdırdı. Lakin gecələr şah sarayı və şahzadələr haqqında xəyallar ona kötəklərin ağrısını unutdururdu.

      Tomun şahzadəyə rast gəlməsi

      Bir gün Tom yuxudan ac qalxdı və ac da evdən çıxıb getdi. O hara getdiyini, ətrafında nələr olduğunu hiss etmədən şəhəri dolaşırdı. Bəziləri onu itələyir, bəziləri söyürdü, lakin o, xəyala elə dalmışdı ki, heç bir şey görmür, heç nə eşitmirdi. Özü də hiss etmədən şəhərdən kənara çıxdı. Tom heç vaxt evdən bu qədər uzaqlaşmamışdı. Tənbəl-tənbəl dolaşaraq bəzəkli və əzəmətli Vestminster sarayının yanına gəlib çatdı. O, gözəl imarətlərlə əhatə olunmuş daş binaya, möhtəşəm bürclərə, qüllələrə heyranlıqla baxırdı. Bura kralsarayı idi. Əgər bəxti gətirsə, təsadüfən əsl şahzadəni görə bilərdi.

      Zərli darvazanın hər iki tərəfində heykəl kimi hərəkətsiz əsgərlər dayanmışdı. Bunlar başdan-ayağa par-par parıldayan polad geyim içində idilər. Qəşəng geyimli ağaları gətirən faytonlar saray həyətinin darvazalarından girib-çıxırdı.

      Zavallı balaca Tom cındır paltarda yavaş-yavaş, qorxa-qorxa gözətçilərə yaxınlaşdı. Birdən zərli məhəccərin arasından gördüyü mənzərədən o qədər həyəcanlandı ki, az qaldı çığırsın. Hasarın o tayında ipək və atlaz geyinmiş, bahalı daş-qaş içində parıldayan, gözəl, biçimli bir oğlan durmuşdu. Belindən bəzəkli bir qılınc asılmış, kəmərinə isə xəncər taxılmışdı; ayaqlarında qırmızı dabanlı qəşəng çəkmə, başında lələkli gözəl papağı var idi. Yanında çox dəbdəbəli geyinmiş bir neçə adam durmuşdu, yəqin, bunlar onun xidmətçiləri idi.

      Hə, bu, əlbəttə, şahzadənin özü idi, əsl canlı şahzadə idi. Buna heç bir şübhə ola bilməzdi. Nəhayət, dilənçi uşağın arzusu yerinə yetmişdi.

      Tomun nəfəsi təngimişdi, heyrətdən gözləri bərəlmişdi. Bu dəqiqə onun qəlbində yalnız bir istək vardı: şahzadəyə yaxınlaşmaq və ona doyunca tamaşa et-mək. Nə etdiyini düşünməyə macal tapmadan darva-zanın məhəccərinə sıxıldı. Lakin gözətçi əsgərlərdən biri onu kənara çəkib elə itələdi ki, uşaq fırfıra kimi fırlanıb yerə yıxıldı.

      – Öz yerini bil, avara!

      Elə bu zaman kiçik şahzadə darvazaya yaxınlaşdı. Onun gözlərindən qəzəb yağırdı. Şahzadə çığırdı:

      – Sən nə cürətlə bu zavallı uşağı incidirsən? Nə cürətlə atamın təbəələri ilə bu cür kobud rəftar edirsən? Darvazanı aç, burax gəlsin!

      Sarayın yaxınlığında bu mənzərəni seyr edən avara kənd camaatı sevinclə

Скачать книгу


<p>1</p>

Fartinq- az dəyərli mis pul vahidi