Аннотация

Аннотация

Səməd Vurğun 1937-ci ildə mətbuatda belə yazmışdı: «Son zamanlar mən „Azərbaycan“ adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır». Şair bu epopeyanın 30 poemadan ibarət olacağını bildirirdi. Şairin şəxsi arxivində qırmızı cildli bir albom var. Albomun titul vərəqində yazılıb: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. Bakı». Əlyazmadan görünür ki, şair 30 poemanın hamısını yazmayıb və buna görə də «Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməyib. Bu poemalardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunub. Səməd Vurğun həmin epopeyaya daxil etdiyi «Aslan qayası» poemasını ilk dəfə «İnqilab və mədəniyyət» jurnalında (1938, № 4-5) çap etdirib. Poemada təsvir olunan hadisələrin konkret tarixi məlumdur. Bu, Azərbaycanın çar Rusiyasına birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması tarixidir. Əsərin məzmununu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən işğal olunması təşkil edir. 1806-cı ilin fevral ayıdır. General Sisyanovun başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə alıbdır. Tələb aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi Rusiya təbəəliyini qəbul etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl Bakı xanının qızı Mahniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri çəkilir… Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniyarla birlikdə Xəzər dənizinə atılır… Göründüyü kimi, poema Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk illərindən bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Şair poemada Rusiyanı təmsil edən iki surət yaradıb. Bunlardan biri general Sisyanov, digəri sıravi rus əsgəridir. Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir. Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general obrazı yaradıb. O, Hüseynqulu xana belə bir ultimatum göndərir: Bakının hakimi Hüseynqulu xan Səhər, yuxusundan ayılan zaman Bütün dövlətini, bütün varını, Şəhər qalasının öz açarını Knyaz Sisyanova təslim verməli! Yoxsa, ordumuzun dağıdan əli Sizin də ölkəni yandıracaqdır, Yerdə padşahların dediyi haqdır. Bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır. Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür: Dərdini söyləyir ötən dillərə: “Mən niyə gəlmişəm bu yad ellərə?” Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə olunub. “Aslan qayası” poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınıb. Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın yaratdığı əfsanələrə böyük məhəbbət duyulur. Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilib.

Аннотация

Vaqif – Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramdır. Bu əsər S.Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzudadır. «„Vaqif“» ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. «„Vaqif“» 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. «„Vaqif“» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan S.Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes S.Vurğunun yazdığı ilk səhnə əsəridir. «„Vaqif“» dramına görə Səməd Vurğun 1941-ci ildə «„Stalin mükafatı“»na layiq görülmüşdür. Əsərin əsas mövzusu görkəmli şair M.P.Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm etdiyi məzlum təbəqələrin səbr kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir. Lakin «„Vaqif“» – həm də şair və onun taleyi barədə dramdır. Pyesdə «„şairin taleyi“»– elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif- İbrahim xan, həm də Vaqif Qacar xətlərində qoşa davam etdirilir.

Аннотация

Səməd Vurğunun 1933-cü ildə yazdığı poemadır. Əsər Azərbaycanda dağ kəndlərində fəaliyyət göstərən yeddi nəfərlik komsomolçu gəncdən, onların mübarizəsindən bəhs edir. S.Vurğun 1920-ci illərdə daxil olduğu Komsomol hərəkatına aid olan təsüratlarını məhs bu əsərdə təsvir etmişdir. Poemə heca vəznində yazılmışdır. Poema müəyyən bir dövrü, tarixi hadisəni əks etdirir amma, əsərdəki obrazlar konkret tarixi şəxsiyyətlər deyillər. Bu əsərin təsiri altında Komsomol nəsli (film, 1938) və əsərin motivləri əsasında Yeddi oğul istərəm… (film, 1970) filmləri çəkilmişdir.

Аннотация

S.Vurğunun ən yaxşı əsərlərindən biri «Aygün» poemasıdır. Janrına görə mənzum roman hesab olunan bu əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə verilir, qəhrəmanlar, onların mühiti ətraflı göstərilir. Əsərdə Aygünün həyatından yalnız bir hadisə təsvir olunmur, onun sənətkar kimi yetişməsi, ailə münasibətləri bütün təfərrüatları ilə əks etdirilir, qəhrəmanların həyatı geniş epik planda göstərilir. Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlayır. Təzəcə evlənən gənclər bir-birini sevir, xoşbəxt günlərini yaşayırlar. Bu səadətli günləri müəllif hər iki gəncin bir-birinə olan saf məhəbbəti ilə bağlayır. Lakin Əmirxanın təsvirində biz şairin bir qədər qorxunu xatırladan münasibət və fikirlərinə rast gəlirik. Onun xarakterində uşaqlıq həyatından irəli gələn bir ərköyünlük və bir qədər də köhnəfikirlilik vardır. İnstitutu bitirdikdən sonra Muğan sovxozlarından birinə təyinat alan Əmirxan yalnız özünü düşünərək Aygünü təhsilini yarımçıq qoymağa məcbur edir. Aygün nə qədər konservatoriyada təhsilini davam etdirmək arzusu ilə alışıb yansa da, Əmirxanı sındırmır. Ona güzəştə gedərək əri ilə birlikdə Muğana yollanır. Əmək fəaliyyətinə başladıqdan sonra Əmirxanın yeni mənfi keyfiyyətləri üzə çıxır. Əvvəlcə işə həvəslə başlayan Əmirxan getdikcə işdən soyuyur, əhli-kef həyat keçirməyə meyil göstərir. Daha sonra kəndin xoşuna gəlmədiyini, burada mədəniyyətin zəif olduğunu bildirərək şəhərə qayıdır. Əmirxanın şəhərə qayıdışı ailənin vəziyyətini yaxşılaşdırmır, əksinə, ər-arvad münasibətləri daha da kəskinləşərək son həddə çatır. Əmirxan şəhərdə də ictimai-faydalı bir işlə məşğul olmur, günlərini içki məclislərində keçirir, tez-tez evə gecə keçəndən sonra qayıdır. Bütün bunlara dözməyən Aygün körpəsini də götürərək evdən gedir. Bundan sonra Aygünün yüksəlişi başlayır. O, konservatoriyada təhsilini davam etdirir, musiqi əsərləri bəstələyir, Dövlət mükafatına layiq görülən bir simfoniya yaradır. Əmirxan isə ağır günlər, mənəvi sarsıntılar keçirir, düşdüyü vəziyyətin çirkinliyini dərindən dərk edərək yenidən öz əvvəlki sənətinə qayıdır. Aygün evdən ayrılsa da, öz ilk eşqinə sona qədər sadiq qalır, ilk məhəbbətini sona qədər qoruyaraq heç kimə könül vermir. Müğənni Elyarın ona qarşı olan sevgi duyğularını qiymətləndirsə də, bu sevgini qəbul edə bilmir, heç kimi sevməyi bacarmadığını söyləyir: Yalnız sənətimlə yaşayıram mən, Bir də ki, gözümün işığı Ülkər… Niyə gizlədim ki… bəzən qəlbimdən isti bir nəfəs də keçir müxtəsər. Fəqət sevməyirəm mən heç bir kəsi, Xəyalım bir yerdə qərar tutmayır. Üzümə dəydikcə övlad nəfəsi Ürəyim ilk eşqi heç unutmayır. Bu anlarda müəllif ər və arvadı qarşılaşdırır və Aygünün iradə möhkəmliyini, mənəvi saflığını nümayiş etdirir. Aygün qısqanclıq hissləri keçirən Əmirxana heç kimi sevmədiyini, ailənin dağılmasında ancaq Əmirxanın özünün təqsirkar olduğunu bildirir. Bundan sonrakı səhnələrdə Əmirxanın məhəbbətin təsiri ilə yüksəlişi, saflaşma və inkişafı əks olunur. O, Muğana əvvəlki işinə qayıdaraq elə bir həvəslə işləyir və elə bir bağ salır ki, şöhrəti hər tərəfə yayılır. Məhəbbətin sarsılmaz gücü yenidən ailəni birləşdirir. Şair bununla saf və təmiz məhəbbətin insanın xoşbəxtliyində, ailə səadətində oynadığı yüksək rolu qabarıq bir şəkildə açıb göstərir. «Aygün» mənzum romanı müasir ailəni, bu ailənin problemlərini, ailənin möhkəmliyində qarşılıqlı məhəbbətin yüksək rolunu açıb göstərən bir əsər kimi bu gün də aktualdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.

Аннотация

Kitaba Səməd Vurğunun seçilmiş şeirləri və “Vaqif” dramı daxil edilmişdir.