Скачать книгу

yardım. Vahid süjet xəttinə malik, fantastik varlıqların iştirak etdiyi bu qəribə oyunu özüm yaratmışdım. Şpilkaların hər növü başqa bir irq idi mənim üçün. Hətta bazarlarda, xırdavat dükanlarında balaca karton kağızı hər tərəfdən dişləyən rəngbərəng şpilkaları tamamilə yeni məxluqların qeyri-adi, fövqəltəbii güclərə malik orduları kimi görürdüm. Qırmızı ninzalar sarı, mavi və ağ ninzalardan daha güclüydülər. Uzun, arıq, taxtadan yaradılmış amansız meşə ordusu, gombul və qolları dəmirdən olan kiborqlar… Bu varlıqların arasında gedən amansız müharibələrin tam mərkəzində plastilindən hazırladığım kapüşonu başından çıxarmayan xüsusi bir döyüşçü var idi. O digərlərindən seçilirdi. Adı Vancan idi. Uşaqlığımdakı iki ən məşhur döyüş filmi ulduzu olan “Vandam” və “Cekcan”-ın adlarının miksiydi bu ad. Əlbəttə ki, uşaq ikən bu adlar mənim üçün birləşik yazılır və bir vurğu altında tələffüz olunurdu.

      Seçilmiş döyüşçüm digər şpilka ordularından qisas alırdı. Sevdiyi qızı öldürmüşdülər çünki. Nə ninzalardan idi, nə meşə ordusundan, nə də kiborqlardan. O, tək və yenilməz idi. Ancaq ayaqlarıyla döyüşərək bütün düşmənlərinə qalib gəlirdi hər zaman. Ən sonda isə çətinliklə də olsa, kiborqların başçısını öldürüb qisas andını tamamlayırdı.

      Bu oyunu hər gün təkrar-təkrar oynadığıma görə oyuncaqlar istəmirdim heç vaxt. Oyuncaq barədə düşünmürdüm də. Anam hər dəfə yeni şpilkalar aldıqca Vancanın düşmənlərinin artdığına görə üzülsəm də, yaratdığım oyuna yeni-yeni macəraların əlavə olunacağına görə də sevinirdim. Ağzından alov çıxaran sürünənlərin, şəffaf parıltılı ruhların, kibrit çöplərini plastilinlə bədənlərinə bərkidib ölümcül katanaya çevirən balacaboy, papaqlı samurayların heç birinin mənim seçilmişimlə ulduzları barışmadı. Amma bütün uşaqlığım boyu nə bir ordu bu tənhagəzərə qalib gəldi, nə bir irq, nə bir tayfa. O, həmişə necəsə ən sonda sağ qalmağı bacarırdı. Beləcə illər keçdi. Rəngbərəng düşmənlər, fantastik varlıqlar yavaş-yavaş öz reallıqlarına qayıdaraq adi şpilkalara çevrildilər. Mən böyüdükcə oyun dünyam balacalaşdı.

      Nəticədə, illər sonra bu kitabda oxuyacağınız dünya yarandı. Hekayəmiz Alqarad adlanan planetin bütün tarixini əhatələyəcək. Beş kitablıq uzun bir marafonun ilk hissəsi olan “Qızılbaşlar: Oyanış”-ı əlinizdə tutursunuz. Əvvəlcədən hamıdan üzr istəyirəm. Bu üzr heç də əfsanəvi fentezi əsərlərdən sonra bu janra müraciət etməyimin mədəni cəsarətinə görə deyil. Yalnış anlamayın! Bədii çatışmazlıqlara və təcrübəsiz yazıçının bəzən hətta bayağı sayılabiləcək bəsit yazı üslubuna görədir bu üzr. Oxuduğunuz başqa bütün kitablardan da zəif olacağına əminəm. Qarşılaşacağınız hadisələrin maraqlılıq qədərini gözünüzdə çox da böyütməyinizi qətiyyən istəməzdim. Çünki maraqlı olmaya da bilər. Hətta elə ilk səhifələrdən sıxılıb rəflərin künc-bucaqlarında gözünüzə görünməməyi üçün gizlədə də bilərsiniz. Sonra “demədi” deməyin.

      Bircə xahişim var oxuculardan. Öncə öz səmimiyyətimə, daha sonra sizin anlayışınıza sığınaraq deyirəm bunları. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların düşüncə tərzini qətiyyən bizim dünyamızla müqayisə etməyin. Bu fentezi janrı oxuyucusunun qarşısına qoymalı olduğu ilk qanundur, mənim fikrimcə. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur. Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmağa çalışmaqla kifayətlənməyib bütün qüvvəsiylə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan mistik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Bu baxımdan, mənim bəxtim bir az gətirib. Çünki siz hələ birbaşa müəllifin özü tərəfindən yazılan bu kiçik hissəyə başlayarkən mən artıq çap olunmuş və çap olunacaq bütün hekayəni dəfələrlə və bezmədən oxumuşam. Açığı, mənə elə də pis kitab kimi gəlmədi, amma sizi deyə bilmərəm.

      Əslində, bu dünyanın kitab yox, film olmağını istəyərdim. Bu istəyi çörəyini filmdən qazanan həvəskar kinomanın lenti vərəqə satmağı kimi deyil, ədəbiyyat dünyasının uğursuz yazıçıları arasında çətinlik çəkmədən gizlənib, heç bir diqqət çəkmədən axına qarışan və öz maraqsız kitabından utanan etirafçının məsum arzusu kimi qiymətləndirin. Oxuduqca səhnələr gözlərinizin önündə film kimi canlanarkən, məni daha yaxşı başa düşəcəyinizə ümid edirəm.

      Odur ki, əziz izləyicilərim… Hamımıza, xoş seyirlər!

      I

      Qeybolma

      “Heç şübhəsiz,

      Tükənməkdədir Şərin zamanı.

      Nə O əbədidir, nə başqa yaradılan.

      Yalnız xeyir qalib gələr, yalnız inam.”

“Alqarad hekayələri: İlk işıq və yaradılış” kitabından.

      Oriana şəhəri. “Qızıldan hazırlanan” şəhər. Daha dəqiq desək, Orta Dakaraqasın zibilxanası. Metal bataqlıq və ya robot ölüxanası. Burada hamı nə isə satır, nə isə alır, durmadan qiymət öldürür, dar küçələrdəki izdihamın arasından keçmək üçün yol istəyir, qışqırır, bağırır, söyüş söyür, nədən hazırlandığı bilinməyən yapışqan yaşıl xırt-xəşil yeməklərdən doyunca yeyib möhkəmcə gəyirirdi. Başqa planetlərdən gələn qonaqların ilk ayaq basdıqları şəhər idi bura. Uzun yoldan sonra öz gəmiləri və ya silahları üçün azsaylı etnik azlıqların tullantı kimi baxdıqları dəmir-dümürdən əsl möcüzə yarada biləcək elmə sahib olduqlarını hamı bilirdi. Ona görə də, hər hansı dəmir buynuzlu keçisifət yadplanetli ən xırda bir detalı almağa maraq göstərərdisə, Oriana zibilçiləri nə işə yarayacağını təsəvvür belə etmədikləri bu lazımsız və paslanmış robot hissəciklərini bacardıqları qədər dəyərə mindirər, “indiki vaxtda belələri tapılmır” söhbətlərinə girərdilər. Axtardıqlarını ucsuz-bucaqsız səs-küylü bazarlarda tapa bilməyənlər isə, Oriana rəhbərliyindən pulla icazə aldıqdan sonra dağlarda axtarışa başlayırdılar. Dağlar deyərkən, ağlınıza əsl dağlar gəlməsin. Oriana heç də Orta və Sol Dakaraqasın sərhəddindəki Beirova və ya cənubdakı Boreas kimi dağlıq ərazi sayılmazdı. Əvvəllər səhralıq və quraqlığın hökm sürdüyü şəhərdə dağlar bir yana qalsın, heç kiçik təpələrə belə rast gəlməzdin. Son bir neçə yüz ildə isə bu səhra zibilxanaya, daha sonra isə metal xırdavatının ən böyük mərkəzinə çevrildi. İndi şəhər dörd bir tərəfdən böyük dağlarla əhatələnmişdi. Lakin bu coğrafi aktivliyə görə yox, elmi-texniki aktivliyin sayəsində baş vermişdi.

      Bir neçə kilometr uzaqdan dağlara bənzəyən qaraltıların yaxınlaşdıqca tullantı dəmir-dümür yığını olduğunu görə bilərdin. Küçə mucidləri axtardıqları hər şeyi buradan toplayırdılar. Onların işinə yarayacaq milyardlarla işləməyən, çoxdan sıradan çıxmış, paslanmıs, amma qızıla bərabər mexanizm hissələri bu dağların dərinliklərində bir yerdə gizlənirdi. Yaşayış yerləri isə balaca, çox da hündür olmayan, divarları ən yüngül küləklərdə belə durmadan yellənən nazik dəmir lövhələrdən ibarət olan birmərtəbəli daxmalar idi. Əhali sayına görə Orta Ölkədə, bəlkə də ən axrıncı yerdə olardı. Bura yalnız bu xarabalığın fanatları aylarla dözə bilərdi. Buna baxmayaraq, Kron patrulları, bütün şəhərlərdə olduğu kimi Orianada da nəzarəti əllərində saxlayırdılar. Şəhərin yeganə hündür binası, onmərtəbəli saat qülləsi idi. Daş bina nazik, uzun mayakı xatırladırdı. Saatsa, təbii ki, gündə yalnız iki dəfə doğru zamanı göstərirdi. Bu qüllənin nə vaxt, kim tərəfindən, hansı məqsədlə tikildiyi yaşayan heç kəsin yadına gəlməzdi. Əzəldən buradaymış kimi qoca və belibükük vəziyyətdə dayanıb, nə vaxt uçulub-dağılacağını səbirsizliklə gözləyirdi.

      Oriananın ən böyük bazarı olan Sarı Bazar metal dağların ətəkləri boyunca uzanırdı. Burada il boyu əllərinin qapqara yağı ağarmayan metal satıcıları nə vaxtsa istifadəyə yararlı olabiləcək ən xırda hissələri belə zibilxanalardan axtarıb tapır və bəlkə də illər sonra satacaqları ümidiylə az qala dəmirdən dağa çevrilmiş dükanlarına toplayırdılar. Hərdən yağlı müştərilər də çıxırdı. Məsələn, hansısa bir reaktiv hava gəmisinin motorxanasındakı hansısa tapılmayan kömür hissəciyi qramla satılırdı. Hansısa süni intellektli robotun yüzlərlə metr uzağı optik linzalarla yaxınlaşdıra bilən gözləri, demək olar ki, su qiymətinə

Скачать книгу