ТОП просматриваемых книг сайта:
Cəmilə. Чингиз Айтматов
Читать онлайн.Название Cəmilə
Год выпуска 0
isbn 9789952243307
Автор произведения Чингиз Айтматов
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ayıla1 getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir.
Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarım ayıldan yanıma gəldikdə də onu gizlətməyə çalışıram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət nümunəsi olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir.
Şəklin dərinliyində boz payız səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. İlk planda tünd-qırmızı yovşanlı step uzanır. Yenicə tökmüş yağışdan sonra hələ də qurumamış qara yol da görünür. Yolun kənarında quru, sındırılmış çiya kolları bir-birinin böyrünə girmişdir. Araba çarxlarının açdığı yolboyu iki yolçunun ayaq izləri görünür. Uzaqlaşdıqca bu izlər zəifləyir, yolçuların özləri isə elə bil bir addım atan kimi haşiyədən çıxacaqlar. Yolçulardan biri… Belədə mən bir az qabağa qaçıram.
Bu əhvalat mənim ilk gənclik illərimdə olmuşdu. Müharibənin üçüncü ili idi, ata və qardaşlarımız uzaq cəbhələrdə – Kursk və Oryol ətrafında vuruşurdular. O zaman biz on-onbeşyaşlı yeniyetmələr idik, kolxozda işləyirdik. Gündəlik kəndli əməyinin ağırlığı hələ möhkəmlənməmiş çiyinlərimizin üzərinə düşmüşdü. Biçin günləri daha ağır keçirdi. Həftələrlə evdə olmurduq, bütün günü və gecəni çöldə, xırmanda, ya da taxılın daşındığı stansiya yollarında keçirirdik.
Taxıl biçməkdən sanki oraqların da qızdığı belə qızmar günlərdən birində mən boş araba ilə stansiyadan geri qayıdırdım. İstədim, bir evə dəyim.
Dərənin lap böyründə, küçənin qurtardığı təpənin üstündə möhkəm saman hasara alınmış iki həyət durur. Həyət-bacanın yanında söyüd ağacları ucalır. Bunlar bizim evlərdir. Ta keçmiş zamanlardan bizim iki ailə bir yerdə yaşayır. Mən özüm Böyük evdənəm. İki qardaşım var, hər ikisi məndən böyükdür və hər ikisi subaydır. İkisi də cəbhədədir və çoxdandır ki, heç birindən xəbər yoxdur.
Atam köhnə dülgərdir. Sübhün gözü açılan kimi namaz qılıb kolxoz həyətindəki dülgərxanaya yola düşür, bir də axşamdan xeyli keçmiş qayıdırdı.
Evdə anamla bacım qalırdı.
Qonşu həyətdə, ya da ayılda Kiçik ev adlandırılan həyətdə bizim yaxın qohumlarımız yaşayırlar. Vaxtilə ulu babalarımız, ya da onların ataları doğma qardaş olmuşlar. Lakin mən onları ona görə yaxın qohum adlandırıram ki, biz bir ailə kimi yaşayırıq. Hələ babalarımızın köçərilik etdiyi, birgə köçəbə saldıqları, birgə qaramal otardıqları zamanlardan belə olmuşdur. Bu adəti biz də saxlayırdıq. Ayılda kollektivləşmə təşkil ediləndə atalarımız qonşuluqda ev-eşik saldılar. Nəinki təkcə biz, bəlkə də, iki çayın arasında ayılboyu uzanan Aral küçəsi başdan-başa bizim nəsildəndir. Biz hamımız bir qəbilədən çıxmışıq.
Kollektivləşmədən çox keçməmişdi ki, Kiçik evin yiyəsi öldü. Arvadı və iki kiçikyaşlı oğlu qaldı. O zaman ayılda hələ də kök salmış köhnə qəbilə adətinə görə, dul qadını oğulları ilə birlikdə ayıldan kənara buraxmaq olmazdı. Buna görə də bizim qəbilədən olan adamlar atamı dul qalmış qadınla evləndirdilər. Ulu babalarımızın ruhu da onu bu işə məcbur edirdi, çünki atam mərhumun ən yaxın qohumu idi.
Beləliklə, bizim ikinci ailəmiz yarandı. Kiçik ev öz həyət-bacası, öz qaramalı ilə müstəqil hesab olunurdu. Lakin əslində isə bir yerdə yaşayırdıq.
Kiçik ev də iki oğlunu orduya göndərmişdi. Böyük oğlu Sadıq elə evlənən kimi getmişdi. Gec-gec olsa da, onlardan məktub alırdıq.
Kiçik evdə mənim “kiçi apa”, yəni kiçik ana adlandırdığım anam və onun gəlini – Sadığın arvadı qaldı, hər ikisi səhərdən axşamadək kolxozda işləyirdi. Kiçik anam xeyirxah, üzüyola, fağır bir qadındı, hər işdə: arx qazılmasında, ya da suvarmada cavanlardan geri qalmırdı. Bir sözlə, kətməni əlində möhkəm tuturdu. Bəxtindən də gəlini çox işlək idi. Cəmilə qayınanası kimi yorulmaq bilməyən bacarıqlı bir qız idi. Ancaq xasiyyəti bir az başqa idi.
Mən Cəmiləni çox istəyirdim. O da mənim xətrimi istəyirdi. Çox dostlaşmışdıq, ancaq bir-birimizi öz adımızla çağırmağa cəsarət etmirdik. Əgər başqa-başqa ailədən olsaydıq, əlbəttə, mən onu adı ilə çağırardım. Mən onu böyük qardaşımın arvadı kimi “cene”, o da “kiçinə bala” çağırırdı. Hərçənd ki mən kiçik deyildim və aramızdakı yaşca fərq də çox deyildi. Ancaq ayıllarda bu bir qayda idi ki, gəlinlər ərinin kiçik qardaşlarını “kiçinə bala”, yaxud “mənim qaynım” çağırmalıdırlar.
Hər iki həyətin ev işləri ilə mənim anam məşğul olurdu. Hörüklərinə sap bağlayan gülməli bacım da ona kömək edirdi. Çətin günlərdə bacımın nə cür səylə işlədiyi heç zaman yadımdan çıxmaz. O, bostanın dalında hər iki həyətin quzu və buzovlarını otarır, ev həmişə isti olsun deyə təzək-çırpı yığırdı. Anamın tənhalığını ona unutduran və onu itkin düşmüş oğulları haqqında düşündürməkdən yayındıran mənim bu fındıqburun bacım idi.
Evdə asayişə və firavanlığa görə bizim böyük ailəmiz anama minnətdardır. O hər iki həyətin külli-ixtiyar sahibəsi, ailənin sirdaşı idi. O çox cavan ikən bizim köçəri babalarımızın ailəsinə gəlmiş və sonra ailələri ədalətli idarə etməklə onların xatirəsini müqəddəs tutmuşdur. Ayılda hamı onunla hörmətli, insaflı, ağıllı, təcrübəli ev sahibəsi kimi hesablaşırdı. Evdə hər şeyi anam idarə edirdi. Düzünü deyim ki, ayıl sakinləri atamı ailə başçısı kimi tanımaq istəmirdilər. Adamların bu və digər münasibətlə dedikləri bu sözləri az eşitməmişdim: “Eh, yaxşısı budur ki, heç ustanın yanına getməyəsən (bizdə sənətkarları hörmətlə usta adlandırırlar). Onun işi-gücü ancaq balta işlətməkdir. Onlarda böyük ana hər şeyin başıdır. Onun yanına getsən, yaxşı olar…”
Onu deməliyəm ki, gənc olmağıma baxmayaraq tez-tez təsərrüfat işlərinə qarışırdım. Bu mənə ona görə müyəssər olmuşdu ki, böyük qardaşlarım cəbhəyə vuruşmağa getmişdilər. Məni də tez-tez zarafatla, bəzən də lap ciddi tərzdə iki ailənin cigiti, ailənin müdafiəçisi və dolandıranı adlandırırdılar. Mən bununla fəxr edirdim və məsuliyyət hissi heç zaman məni tərk etmirdi. Anam da çalışırdı ki, mən müstəqil olum. O istəyirdi ki, mən hər gün dinib-danışmadan taxta yonub mişarlayan atam kimi deyil, təsərrüfatçı və fərasətli olum.
Hə, mən arabanı evin yanında söyüdün kölgəsində saxlayıb yan qayışları boşaltdım və darvazadan içəri girdim. Briqadirimiz Orozmatı həyətdə gördüm. O, həmişəki kimi, atın üstündə oturmuşdu, qoltuqağacı da yəhərə bağlanmışdı. Anam da onun yanında durmuşdu. Nə barədə isə mübahisə edirdilər. Yaxınlaşanda anamın bu sözlərini eşitdim:
– Bu baş tutan iş deyil! Allahdan qorx, harada görünüb ki, arvad araba ilə kisə daşıya? Yox, əzizim, mənim gəlinimdən əlini çək, qoy bu vaxtadək necə işləyibsə, eləcə də işləsin. Onsuz da gecəm-gündüzüm yoxdur. İki həyəti idarə etmək sənə zarafat gəlməsin. Yaxşı ki, qız böyüyüb… Bir həftədir ki, düzələ bilmirəm, belim ağrıyır, elə bil keçə döymüşəm: qarğıdalı isə bax, yanır, su istəyir. – O, sinəsinə düşmüş çalmanın ucunu ara-sıra içəri salaraq yanıqlı-yanıqlı danışırdı. O hirslənəndə, adətən, belə edərdi.
– Siz necə adamsınız? – deyə Orozmat atın üstündə yırğalanaraq özündən çıxmışdı. – Əgər mənim ayağım olsaydı, sizdən heç xahiş edərdim? Əvvəllər olduğu kimi, kisələri arabaya özüm doldurub aparardım!.. Mən də bilirəm ki, bu, arvad işi deyil. Bəs kişini haradan tapım? Buna görə də qərara gəldik ki, əsgər arvadlarından xahiş eləyək. Siz öz gəlininizə qadağan edirsiniz, böyüklərimiz isə bizim abrımızı tökürlər… Əsgərlərə çörək lazımdır, biz isə planı pozuruq. Belə də şey olar, heç yaraşan işdir?
Mən qamçını yerlə sürüyə-sürüyə onlara yaxınlaşdım.
1