ТОП просматриваемых книг сайта:
İliada. Гомер
Читать онлайн.Название İliada
Год выпуска 0
isbn 9789952240924
Автор произведения Гомер
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Homerin “İliada” əsəri məşhur Troya müharibəsi haqqındadır. Əsərdə bir çox qədim yunan şəhərlərinin, tayfalarının, qəhrəmanlarının adları çəkilir. Onların hər biri haqqında yunan mifologiyasında geniş məlumatlar tapmaq olar. Hər bir yunan oxucusu bu məlumatlara malik idi. Qoca Homer də öz əsərini, sözsüz ki, məlumatlı yunan oxucusu üçün yaratmışdı.
Bütün bunları nəzərə alaraq öz oxucumuza ünvanlanan bu kitaba ön söz yazıb “İliada”da adı çəkilən qəhrəmanlar, ilahlar, şəhər və tayfalar haqqında kiçik məlumat verməyi lazım bildik.
Qədim Yunanıstan müstəqil şəhər-dövlətlərdən ibarət idi. Bu şəhərlərdən hər birinin öz hökmdarı, ordusu və sərkərdələri var idi.
Ən məşhur şəhərlərdən biri indiki Yunanıstanın paytaxtı olan Afina idi. Bu şəhərin adı müharibə və müdriklik ilahəsi Afinanın şərəfinə qoyulmuşdu.
“İliada”nın əsas qəhrəmanları da müxtəlif yunan şəhərlərinin hökmdarları idi.
Aqamemnon Mikena və Tirinf, qardaşı Menelay isə Sparta şəhərinin hökmdarı idi.
Diomed Arqos şəhərinin hökmdarı idi. Bu şəhər-dövləti məşhur yunan qəhrəmanı Heraklın nəslindən olan hökmdarlar idarə edirdilər.
Odisseyin vətəni İon dənizində yerləşən adalardan biri – İtaka idi.
Axeylilərin müttəfiqi olan İdomeney Krit ada-şəhərinin hökmdarı idi.
Axeylilərin digər müttəfiqi – Nestor Pilos şəhərinin hökmdarı olmuşdur.
Troyalıların müttəfiqi Sarpedon Kiçik Asiyada, indiki Türkiyə Respublikasının ərazisində yerləşən Likiyanın hökmdarı idi.
Yunanıstanın ən qədim tayfaları olan axey, ion, dori və eollar bütün ölkəyə səpələnmişdilər. Onların nümayəndələrinə hər şəhərdə rast gəlmək olardı. Bu tayfalar arasında axeylilər daha məşhur idi. Məhz buna görə də Homer “İliada” poemasında bütün yunanları “axeylilər” adlandırır.
Axilles Yunanıstanın ən məşhur qəhrəmanı və mirmidonlar qəbiləsinin hökmdarı sayılırdı. Mirmidonlar axeylilərin bir hissəsi idi və Fessaliya vilayətində yaşayırdılar.
Öncə sərhədsiz, qaranlıq Haos vardı. Bütün dünya, ilahlar və insanlar Haosdan yaranıblar. Əvvəlcə Haosdan Geya – torpaq ilahəsi yaranır. Sonra torpaqdan çox-çox uzaqlarda yerləşən, sonu bilinməyən qaranlıq dünya Tartar yaranır. Bundan sonra Haosdan Eros – hər şeyi dirildən sevgi, Qaranlıq və İşıq, Uran – mavi səma yaranır. Uran Geya ilə ailə qurur və onların altı övladı olur. Bu övladlar qüdrətli, nəhəng və sarsılmaz titanlar idi. Uran onların gücündən qorxub övladlarını torpağın dərinliklərində zindana salır. Geya bu ağır yükü daşıya bilmədiyi üçün onların Urana qarşı çıxmağını istəyir. Lakin övladları ondan qorxurlar. Təkcə Kron hiylə ilə Urana qalib gəlir və baş ilah olur. Kron ilahə Reya ilə evlənir. Amma uşaqlarının onu devirəcəyindən qorxduğu üçün Reyanın həyata gətirdiyi bütün uşaqları udur. Sonuncu övladını Reya Krit adasında dərin bir mağarada dünyaya gətirir. Bu, Zevs idi. Reya onun əvəzinə Krona bələyə bükülmüş daş verir. Kron aldadıldığından duyuq düşmür.
Zevs isə doğulduğu mağarada böyüyür və boya-başa çatıb qüdrətli bir ilah olur. O, Krondan udduğu övladlarını geri tələb edir. Kron beş övladını bir-bir daxilindən çıxarır. Zevs onlarla birlikdə uca Olimpdə məskunlaşır. Zevs, bacı-qardaşları və onların tərəfində olan titanlar on il Krona qarşı mübarizə aparır, nəhayət, qalib gəlirlər. Bundan sonra onların arasında ən qüdrətli olan Zevs Hera ilə evlənir, Olimpdən bütün dünyanı və insanları idarə edir.
Qədim yunanların sitayiş etdikləri əsas ilahlar aşağıdakılardır:
Zevs – baş ilah, səma ilahı.
Hera – nikah ilahəsi.
Poseydon – dəniz ilahı.
Aid – yeraltı səltənətin ilahı.
Hefest – dəmirçilik ilahı.
İrida – xəbər ilahəsi.
Afrodita – gözəllik və məhəbbət ilahəsi.
Afina – müdriklik və döyüş ilahəsi.
Artemida – ovçuluq ilahəsi.
Apollon – günəş ilahı.
Latona – Artemida və Apollonun anası, analığı qoruyan ilahə.
Nika – qalibiyyət ilahəsi.
Femida − ədalət ilahəsi.
Tanat – ölüm ilahı.
Eros – sevgi ilahı.
Ares – müharibə ilahı.
Hermes – oğurluq, yalan, hiyləgərlik və ticarət ilahı.
Erida – nifaq ilahəsi.
Asklepi – müalicə ilahı.
Demetra – məhsuldarlıq ilahəsi.
Dionis – şənlik ilahı.
Sparta hökmdarı Tindareyin arvadının adı Leda idi. Onun Helena adlı qızı var idi, lakin əsatirə görə, Helenanın əsl atası Zevs olmuşdur.
Helena evlilik yaşına çatanda bütün Yunanıstandan ona ən qüdrətli sərkərdələr elçi gəldi. Bunların arasında Menelay, Odissey, Diomed, Patrokl və başqaları vardı. Tindarey bu qədər məşhur qəhrəmanın arasından seçim edə bilmir, həm də qorxur ki, hər hansını seçsə, digərləri onunla müharibə aparar. Bu zaman Tindareyin köməyinə İtaka hökmdarı Odissey çatır. Bəzi əsatirlərə görə, Odissey Helena ilə evlənmək üçün deyil, Tindareyə kömək edərək, əvəzində onun qardaşı qızı Penelopa ilə evlənmək niyyəti ilə Spartaya gəlibmiş. Tindareyi çıxılmaz vəziyyətdə görən Odissey ona belə məsləhət verir:
− Qızına elçi düşən bütün qəhrəmanları bir yerə topla. Qoy onlar and içsinlər ki, Helenanın seçiminə hörmətlə yanaşacaq və onun seçdiyi adama həmişə kömək edəcəklər.
Tindarey Odisseyin məsləhətinə əməl edərək qəhrəmanları bir yerə toplayıb onların qarşısında bu tələbi qoyur. Hamı razılaşır. Daha sonra Tindarey Helenanın Menelayı seçdiyini deyir. Zənn olunur ki, Menelayın qardaşı Aqamemnon bu seçimi etməkdə Tindareyə təsir göstərmişdi. Belə ki, Aqamemnon Tindareyin digər qızı Klitemnestra ilə evli idi.
Beləliklə, Menelay və Helena evlənirlər, Tindarey öldükdən sonra isə Menelay Sparta hökmdarı olur. Helena dünyaya bir qız və üç oğul övladı gətirir.
Paris Troya hökmdarı Priamın oğlu idi. Parisi dünyaya gətirməmişdən öncə Priamın arvadı Hekuba yuxusunda Troyanın yandığını görür. Yuxuyozanlar deyir ki, bu uşaq böyüyüb Troyaya bəla gətirəcək. Buna görə də onu öldürmək məsləhət görülür. Lakin Hekuba övladının öldürülməsini istəmir. Priam öz baş çobanı Agelayı çağırıb uşağı ona verir və onu öldürməsini əmr edir. Agelay ürəyiyumşaq insan olduğundan bunu edə bilmir, körpəni İda dağında tərk edir. Beş gündən sonra həmin yerə gedən Agelay uşağın sağ olduğunu görür. Demə, bu günlər ərzində onu dişi ayı əmizdirirmiş. Agelay uşağı evinə gətirir və adını Paris qoyur. Paris böyüyür və öküzləri otarmaqda çobana kömək edir, həm də tez-tez öküz yarışları keçirir. Bir dəfə Paris deyir ki, onun öküzünə hansı öküz qalib gəlsə, qızıl çələngi onun buynuzlarına taxacaq. Bunu eşidən müharibə ilahı Ares öküzə çevrilir və Parisin öküzünə qalib gəlir. Paris isə bir an belə düşünmədən qızıl çələngi qalib öküzə verir. Bu döyüşü Olimpdəki bütün ilahlar izləyirmişlər. Parisin belə ədalətli olması onların çox xoşuna gəlir.
Troya müharibəsinin əsl səbəbi məhz Parislə bağlı olmuşdur. Belə ki, qəhrəman Peleylə ilahə Fetidanın toyunda bütün ilahlar və ilahələr iştirak edirdi, təkcə nifaq ilahəsi Erida toya dəvət olunmamışdı. Buna görə də Erida üstündə “Ən gözəl xanıma” yazılmış almanı gizlicə bayram masasının üstünə atır. Bu