ТОП просматриваемых книг сайта:
Erkən gələn durnalar, Ana tarla. Чингиз Айтматов
Читать онлайн.Название Erkən gələn durnalar, Ana tarla
Год выпуска 0
isbn 978-9952-8252-1-4
Автор произведения Чингиз Айтматов
Издательство JekaPrint
Aksay, Köksay, Sarısay – gəzdim hər yanı,
Fəqət sənə bənzər, sənə tay hanı…
İova bir çapar gətirdi xəbər:
«Xəncərlə doğrandı yeniyetmələr…»
Əkinçilər yer əkir yenə də dönə-dönə,
Torpağa dən atırlar yenə də dönə-dönə,
Göydən yağış süzülür yenə də dönə-dönə…
Torpaq əkər, becərər insanlar bir ümidlə,
Torpağa toxum səpər insanlar bir ümidlə
Dənizə sinə gərər insanlar bir ümidlə.
1
Əldə toxunma yun şala bürünən İnkamal müəllimə coğrafiya dərsində Seylondan – okeanın Hindistan sahilləri yaxınlığındakı o əfsanəvi adadan danışırdı.
– Məktəbli xəritəsində Hindistan yelinə, Seylon isə bu yelindən düşmüş damcıya bənzəyirdi. Bu damcı boyda yerdə də cürbəcür meymunlar, fillər varmış. Banan da (bu da bir cür meyvədir) burda yetişirmiş. Dünyada ən ətirli çay da, ən lətafətli meyvələr də burda hasilə gəlirmiş. İqlimi də ilboyu quru, isti; nə çəkmə lazım olar sənə, nə papaq, nə corab-filan, nə də isti kürk. Oduna isə heç ehtiyac da yoxdur. Bəli, madam ki, belədir, deməli çöllərə düşüb odun yığmaq, ağır çırpı şələsini əyilə-əyilə belində evə daşımaq da lazım deyil. Əcəb yaşamalı yerlərdir! Kefin necə istəyirsə, eləcə gəz, gün altında qızın, yox, gördün çox istidir – onda get kölgədə sərinlən. Seylonda gecəli-gündüzlü isticaq olur, aləmdir, elə bil yay ardınca yay gəlir: heydən düşənə kimi dənizdə çim, istəsən lap səhərdən axşamacan. Elə ki bezdin – onda get dəvəquşularını qov, oralarda çoxdur, hökmən çox olmalıdırlar, orda olmayanda bəs harda olmalıdır o nəhəng, səfeh quşlar?! Seylonda – əgər istəsən ağıllı quşlar da var, elə lap tutuquşunun özü. Ürəyindən keçsə – tutuquşunu tutarsan, ona oxumaq, gülmək, hələ oynamaq da öyrədərsən. Bəs nə bilmişdin – tutuquşu çox şey bacarır. Deyilənə görə, elə tutuquşular var ki, onlar yazı-pozu, oxumağı da bilirlər. Bir nəfər aul əhli Cambul bazarında yazı oxuyan tutuquşunu öz gözləriylə görübmüş. Qəzeti göstər tutuquşuna, düppədüz oxusun…
Qərəz, nələr varmış Seylonda, nə möcüzələr varmış. Ürəyin necə istəyir, eləcə də yaşa, heç nəyin fikrini eləmə, qayğı çəkmə. Ən başlıcası, plantatorun gözünə görünmə. Əlində şallaq gəzdirir. Seylonluları qul kimi döyür. Zülümkarın biri zülümkar! Hə, onun qulağının dibindən gərək elə vurasan ki, gözlərinə qaranlıq çökə. Şallağını əlindən alasan, özünü də o ki var işlədəsən. İstismarçılara heç bir güzəşt olmamalıdır. Axı, faşistlər də onlardan törəyirlər… Elə müharibənin baiskarı da onlardır. Auldan gör nə qədər adam gedib qırıldı davada. Anam da hər gün ağlayır, heç nə demir, eləcə gözlərinin qorasını sıxır, qorxur ki, atamı öldürərlər. Özü də hələ bizim qonşu arvada belə dedi: allah eləməsin, dörd züryətlə başıma nə çarə qılaram…
Soyuq sinif otağında büzüşə-büzüşə İnkamal müəllimə Seylondan, dənizlərdən, isti ölkələrdən danışırdı. Eşitdiklərinə gah inanan, gah inanmayan (o uzaq ölkələrdə hər şey necə də gözəl imiş) Sultanmurad Seylonda yaşamadığına o dəm ürəkdən bərk acıyırdı. Gözünün ucuyla pəncərəyə baxaraq düşünürdü: «Bax yaşamaq buna deyərəm!» Özünü elə göstərirdi ki, guya müəlliməyə baxır, əslində isə gözü pəncərədə idi. Pəncərədən o yanda isə baxılası bir şey yox idi. Hava tutulmuşdu. Çalpov, çobanyarması qar ələnirdi. Şüşələrə dəyən qar dənələri xırçıldayırdı. Pəncərə şüşələri sırsıra bağlamışdı. Şüşə-lərin kənarında köbələnmiş suvaq soyuqdan şişərək bir neçə yerdən qopmuşdu. «Seylonda, yəqin ki, suvağa ehtiyac yoxdur, – deyə oğlan düşünürdü. – Bir də, axı, kimin nəyinə gərəkdir? Hələ pəncərələr, evlər nəyə lazımdır. Özünə bir koma yapdın, üstünü şaxşəvərlə örtdün – di, get yaşa…»
Pəncərədən sinif otağına aramsız külək dolurdu, hətta vıyıltısı da eşidilirdi, özü də oğlanın sağ böyrünə pəncərədən bərk soyuq vururdu. Dözmək lazım idi. İnkamal müəllimə onu pəncərə tərəfdə bilə-bilə oturtmuşdu. «Sən, – deyirdi, – Sultanmurad, sinifdə ən güclü oğlansan. Soyuğa-sazağa dözə bilərsən». Soyuqlar düşməzdən əvvəl burda Mırzagül otururdu, onu Sultanmuradın yerinə keçirmişdilər. Oranı isə külək tutmurdu. Qızı elə burda, bu partanın arxasında saxlasaydılar, daha yaxşı olardı. Onsuz da külək birinci növbədə Sultanmuradı vururdu. Heç olmasa yanaşı oturardılar. Yoxsa, fasilədə ona yanaşan kimi, qız qızarır-pörtür, uzaqlaşırdı. Dalınca qaçmayacaqdı ki. Məsğərəyə qoyardılar. Bu qızlar ki var, adamı bəzəməyə hazırdırlar. O saat yazışma başlanacaqdı, deməzsənmi: Sultanmurad + Mırzagül = iki aşiq. Amma yanaşı otursaydılar, heç bir söz-söhbət olmazdı…
Eşikdə boran qopmuşdu. Qar yağırdı, nə yağırdı… Aydın günlərdə sinif otağından baxanda, dağlara əl uzatsaydın çatardı. Məktəb də yamacdaydı, aulun başı üstündə. Aşağıda aul, yuxarıda məktəb. Ona görə də məktəbdən baxanda hər yan aydın görünürdü. Uzaqdakı qarlı dağlar göz önündə canlı lövhə kimi seyr edilirdi. İndi isə onların zabitəli cizgiləri elə bil zülmətdən sezilirdi.
Əlləri, ayaqları buza dönmüşdü. Kürəklərinin arası qovuşmuşdu. Sinif otağı yaman soyuq idi! Müharibədən qabaq məktəbi quru qoyun təzəyi ilə isidərdilər. Yananda kömür kimi közərirdi o təzək, təndir kimi isti verərdi. İndi isə samana möhtac qalıblar. Saman da sobalarda bir az gurultu salıb sönür, xeyri nədir. Bir-iki gündən sonra saman da tükənir. Təkcə zibili qalır samanın, vəssalam.
Heyif ki, Talas dağlarının iqlimi isti ölkələrdəki kimi deyil. İqlim burada ayrı cür olsaydı, həyat da ayrı cür olardı. Bizim də öz fillərimiz olardı buralarda. Öküz əvəzinə filləri sürərdik orda. Bəs necə, heç qorxub-eləməzdik də! Birinci özüm dırmaşardım filin belinə, dərsliyimizdəki şəkildə olduğu kimi, onun lap başında oturardım, qulaqlarının arasında, sonra da aul boyu gəzərdim. Onda aul camaatı elliklə heyrətlənərdi: «Ora baxın, tez qaçıb ona baxın – Bekbayın oğlu Sultanmurad fil boynunda gəzir!» Onda gör Mırzagül necə heyran olardı, peşmançılıq çəkərdi… Gözəl olanda nə olar! Yaxın düşmək də mümkün deyil. Hə, onun öz meymunu da olardı. Hələ qəzet oxuyan tutuquşusu da. Onları da filin belində tərkinə alardı. Yer tapılardı, filin belinə sinfin bütün uşaqları yerləşə bilərdi. Bu, doğrudu. Ağız sözü deyil, öz bildikləridir…
Canlı fili o öz gözüylə görüb, bunu hamı bilir, hələ əsil meymun və müxtəlif vəhşi heyvanlar da görüb. Bu, aulda hamıya məlumdur, dəfələrlə özü danışıb. Hə, onda bəxti gətirmişdi tale üzünə gülmüşdü…
Müharibədən qabaq, elədir, bu əlamətdar hadisə onun həyatında davadan düz bir il əvvəl baş vermişdi. Yenə yay vaxtıydı. Ot biçini başlamışdı. Atası Bekbay həmin il ordakı MTS-in neft anbarına Cambul şəhərindən yanacaq gətirirdi. Hər kolxoz yanacaq daşımaq üçün nəqliyyat ayırmalı idi. Atası özünü o yerə qoymayaraq, zarafatla qürrələnirdi: mən, deyirdi, elə-belə yox, qızıl arabaçıyam – mənə görə, mənim atlarımın, arabamın sayəsində kolxoz məvacibi dövlət xəzinəsindən alır. Mən, deyirdi, kolxoza bank pulu qazanıram. Ona görə də kolxoz mühasibi məni görəndə salamlaşmaq üçün atdan düşəsi olur…
Atasının arabası məxsusi neft daşımaq üçün düzəldilmişdi. Kuzovu yox idi, eləcə dörd təkər üstündə yasdıqların ortasına iki dəmir çəllək bəndlənmişdi, lap qıraqda, qozlada isə – oturacaq yeri. At arabası vur-tut, beləcəydi. Qozladakı oturacağa iki adam sığışırdı, amma üçüncüyə yer çatmırdı. Orası da var ki, atlara söz ola bilməzdi. Atasının qoşumundakı bir cüt ata iki göz istəyirdi tamaşa etsin.
Axta çal Çabdar və axta kəhər Çontoru. Onların yaraşıqlı qoşqusu, qayış-qantarğası da elə bil boylarına biçilmişdi. Xamutların üzü, yan qayışlar qısır mal dərisindən