Скачать книгу

itirməmək üçün salavat gətirməyə başladı. Gördükləri, yaşadıqları, ona izah edilənlər, bu gözəl nemətlər yuxu idimi, deyə qəhr olarkən ocaqda hərarətlə yanan atəşə baxdı. Ocaq yanırdı. Yatmadan əvvəl sönən ocaq, Pir Həzrətlərinin az əvvəlki halda alovlandırdığı alov düz yanında idi. Yuxu deyildi bunlar, birdən əlini belinə atdı. Toxumların sarılı olduğu qurşaq üzərində idi. Xurma budağından Urcun da belində asılı idi. Həyəcanla, yüksək imanla qibləyə dönüb səcdəyə düşdü.

      Saatlar keçmiş, günəş xeyli yüksəlmişdi, amma Şərif qapandığı səcdədə ağlayaraq dua edirdi. İllərdir içinə yığılan bütün ağrısını orada tökdü, Rəbbinə sonsuz şükürlərini bildirdi. Qapandığı səcdədə dua edərkən birdən ağılına Xacənin əmri gəldi: Dəniz kənarındakı qoca. Ayağa qalxıb üz-gözünü sildi. Üst-başını düzəldərkən saatlar əvvəl qeybdən alovlandırılan atəşin şiddətlə yanmağa davam etdiyini fərq etdi. Kimsə gəlməmiş, odun da atan olmamışdı. Türkistandan, Yəsidən, bəxş edilən bu ocağın atəşi nəsib və hümmət olduğu üçün “uluların nəzərləri üzərimizdə olduğu müddətcə sönməz, inşallah” deyə dua etdi. Məscid qapısından çıxarkən heybətli cavanın belində asılı xurma budağının nə olduğu ilə maraqlanan kəndlilər maraqlarını gizləməyə çalışırdılar.

      “Şerif dahi ağzın açdı.

      Ağzına Hazreti Hızır ağzı yarın virdi,

      Eytdi:

      Korkma şimden girü, yüri, didi.

      Şerif bir ol kadar dahi kuvvet dutup

      Velayet ve keramete kadem basdı.”18

      Əhli Beytin əmanəti

      Günəş zenitə yaxınlaşsa da, növbaharda yaylalar çox sərt küləkləri qonaq etməkdəydi. Dənizdən yuxarı, dağın yamacına doğru əsən qüvvətli fırtına az qala ayaqlarını yerdən kəsəcək nöqtəyə gəlincə böyük bir çinarın altında dincini aldı. Əraziyə görə atı da əldən düşmüşdü. Haynupun19 bu dağ döşləri o qədər dikdi ki, heç keçi də rahatca gəzə bilməzdi. Monqolların qorxusundan qalalarda gizlənən yerli əhali, rumlar və ermənilər həmişə müdafiə halında yaşayırdı. Bu torpaqlar üzərində qanun və nizam qalmamışdı. Hər kəs kölgəsindən qorxurdu. Tekfurlar20 də özlərinə açıq müdaxilə sahəsi tapsa, əhalinin dinini, millətini ayırd etmədən soyub yağmalayırdı. Türklərin bu yalçın dağın başını özlərinə yurd etmələrinin səbəbi də bu idi.

      Dəniz kənarındakı torpaqlar, nə qədər gözəl olsa da, həm çox tənha, həm də bütün hücumlara açıq idi. Aylar əvvəl, döyüşə getməzdən qabaq sahilə uğramışdı. Burada sahildə yurd salan türkmən və Çepni əhalisinin təzə vətənlərini nə qədər böyük həyəcanla, imanla qucaqladığını görmüşdü. Onlara dağlar göstərilsə də, bu qorxusuz köçərilər inci kimi sahilləri buraxıb yaylaqlara çıxmamışdı. Dənizlə Zindan dağlarının arasındakı bu düzənlikdə üç yüz-beş yüz çadırlıq köçərilərin halıyla maraqlanmağa başlamışdı. “Başlarına bir şey gəldimi, görəsən?” – deyə, içi-içini yeyirdi.

      Düzənliyə enməsinə az qalmışdı ki, önünə ağac evlərdən qurulmuş kiçik meşə kəndi çıxdı. Uşaqlığından bəri bu kəndi tanıyırdı, yaxınından keçərkən kilsənin zəng səslərini eşidərdi. Yuxarıdan aşağıya enərkən ilk fərq edilən öz kəndlərindəki kimi burada da qayın, palıd ağacından evlər və məscidlərinin yerinə böyük kilsənin varlığı idi. Bu dik yamac üzərində qurulmuş kəndin kiçik-kiçik səkilər üzərindəki bağçaları o qədər gözəl təmizlənmişdi ki, elə bil meyvə ağaclarının altındakı otlar bir-bir yolunmuşdu.

      Hələ kəndə girmədən nələrinsə yolunda getmədiyini hiss etdi. Bu qədər insanın yaşadığı yerdə bu cür səssizlik çox da xeyrə əlamət deyildi. Nə səs, nə hərəkət vardı. Evlərin arasında irəliləməyə başlayanda əvvəlcə burnuna kəsif qoxu gəldi. Bir az da irəliləyəndə həm meyit, həm də yanıq qoxusu hər yeri bürüdü. Küçələrdə uzanan cəsədləri görəndə qorxuyla atını saxladı. Günlərdir elə ağrılar yaşamış, ruhu o qədər sarsılmışdı ki, bunun xəyal olub-olmadığını anlaya bilmədi.

      Buranın xristian kəndi olması narahatlığını daha da coşdurdu. Nə olmuşdusa, olmuşdu, amma bu qədər murdar işin üstündə qalacağı qorxusunu lap artırdı. Atının başını çevirib kənddən tələsik çıxmağa qərar verdi. Qəfil üstü-başı cırılmış rum qızı özünü atın önünə atdı. Onu tapdamamaq üçün atını son anda necə çevirdisə, cığırdan çıxıb atqarışıq ağacların arasında diyirləndi.

      Allahdan Şərif atdan yıxılanda ağaca dəymədi, yoxsa bu sürətlə mütləq harasısa qırılardı. Dəliyə dönən at da diyirlənib özündən bir neçə arşın kənarda atılıb ayağa qalxdı. Axınçı instinktiylə tez qaçıb atının biləklərini, boynunu və gözlərini yoxladı, – “çox şükür, bir şey olmayıb,” – dedi. Əlində və üzündə bir neçə kiçik sıyrıq vardı. Döyüşdə aldığı yaralarını yoxladı. Yerdəki cəsədlər, bir anda önünə çıxan gənc qız… Bütün bunların günahkarı Şərif ola bilərdi. Bir an heç arxasına baxmadan aşağıya doğru qaçmağı düşündü. “Nə olubsa, olub mənim günahım nədir? Onsuz da, xristian kəndidir, bundan mənə nə?!” – deyə bilməzdi. O, Səlcuqlu axınçısı idi. Atın cilovundan yapışıb yuxarı dırmandı. Gözəl rum qızı ona baxırdı. Əvvəl özü tullanıb yola çıxdı, sonra qızın da köməyilə atını cığıra çıxardı. Ömründə ilk dəfə gördüyü qız əlindən tutub onu harasa aparmağa çalışır, ağlayaraq nə isə izah edirdi.

      Xıdır bir çox duyğunu eyni anda yaşamağa başladı. Əvvəlcə bunun tələ olduğunu düşündü, onu pusquya çəkmiş ola bilərdilər. İkincisi, bu qədər böyük müşkülatın içinə xilaskar kimi girə biləcək vəziyyətdə deyildi. Aydındı ki, kənd hücuma məruz qalmışdı, yanındakı qız da xilaskar axtarırdı. Daha əvvəl gözəl, ya da çirkin heç bir qızı belə saçları, üstü-başı açıq görməmişdi. İçində olduğu vəziyyətdən çıxmaq üçün doğru-dürüst düşünə bilmirdi. Yalnız əllərindən tutub məchula sürüyən gözəl qızın arxasınca yellənə-yellənə gedirdi. Bir qismi yanmış kilsənin önünə çatanda lap narahat oldu.

      İçəridən inanılmaz fəryad səsləri gəlirdi. Bilmədiyi, anlamadığı dildə insanlar ağlayır, yalvarır, çırpınırdılar. Böyük ehtimalla bir monqol dəstəsi buradan keçərkən evləri, bağ-bağçaları yandırmış, tuta bildiyi gənc oğlan və qızları götürüb getmişdi. Yaralıları kilsəyə yığmışdılar, nə edəcəklərini bilmədən ağlaşırdılar. Uzun müddət ona nə isə izah etməyə çalışdılar. Xıdırdan nə isə istədilər, amma o heç birini anlamırdı. Gözləməklə nəyinsə həll edilməyəcəyini anlayıb yanındakı qızıl və çörəklərdən bir qismini onlara verib qaçaraq uzaqlaşdı. Adını belə bilmədiyi gözəl gözlü, gözəl saçlı rum qızı nə qədər yalvarsa da, orada dayanmasının mənası qalmamışdı. Heç bir zaman rumların dilini öyrənmək üçün çalışmamışdı. Dikdirdəki meşənin içində yıxılmadan irəliləməyə çalışarkən “Kaş, kaş bir neçə söz də olsa, dediklərini anlaya bilsəydim. Bəlkə, qızdan adını soruşar, öz adımı söyləyərdim.

Скачать книгу