ТОП просматриваемых книг сайта:
Dahi. Теодор Драйзер
Читать онлайн.Название Dahi
Год выпуска 0
isbn 978-9952-8245-8-1
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
Üç ay müddətində onların ehtirasının həddi-hüdudu olmadı. Yucin acgözlük, doymazlıq göstərdi, qız isə, ondan soyuq olsa da, öz sevgilisinin xatirinə dəyməmək üçün hər şeyə hazır idi. Onun coşğunluğu, qızın onda alışdırdığı qüvvətli ehtiras ona ləzzət verirdi, lakin qız tezliklə yorğunluq hiss etdi. Sonra təbiətlərin müxtəlifliyi, zövqlərin, görüşlərin, arzuların ziddiyəti özünü göstərməyə başladı. Əslində Yucin üçün Marqaretlə danışmağa bir mövzu yox idi. O bu qızda özünün daha incə olan duyğularına əks-səda tapa bilmirdi. Marqaret özünü məşğul edən şeylər – estradadan eşitdiyi zarafatlara, tanış gənc oğlan və qızların gülməli atmacalarına Yucin bir maraq görmürdü. Marqaret geyinməyi bacarırdı, lakin incəsənətə, ədəbiyyata, ictimai məsələlərə aid olan hər şeydən xəbərsiz idi. Halbuki Yucin, gəncliyinə baxmayaraq, dünyada olub keçən bütün məsələlər haqqında hərarətlə öz rəyini deyirdi. Böyük adamların – Karleylin, Emersonun, Uiltmenin adları və onların böyük şöhrətinin əks-sədası ona yaxın idi. O, qərb dünyasının səmasında ildırım sürətiylə ötüb keçən dahi filosoflar, rəssamlar, bəstəkarlar haqqında oxuyur və düşünürdü. Onu böyük bir iş üçün yaranmış olduğu haqqında qabaqcadan duyulan tutqun bir hiss həyəcanlandırırdı və o öz gənclik entuziazmı ilə inanırdı ki, bu iş tezliklə olacaqdır. O bilirdi ki,onun yaxınlıq etdiyi qız uzun müddət onu bənd edə bilməz. O, Yucini cəzb etmişdi, lakin cəzb olunduğu halda da Yucin ağa, münəqqid və hakim olaraq qalmışdı. Onda dəfələrlə belə bir fikir oyanırdı ki, Marqaret ona lazım deyil, ondan yaxşısını da tapa bilər.
Təbiidir ki, ehtirasdan doymaq belə fikirləri doğurmalı olduğu kimi, belə fikirlər də ehtirası öldürməli idi. Marqaret tədricən Yucindən soyuyurdu. Onun təkəbbürü, bəzən lovğa ahəngi Marqa reti acıqlandırdı. Onlar boş bir şey üstə savaşırdılar. Bir dəfə axşam Yucin adəti lovğalığı ilə dedi ki, Marqaret filan və filan şeyi etməlidir. Marqaret:
– Rica edirəm, əmr verməyi burax, – dedi. – Sən həmişə mənimlə elə danışırsan ki, guya mən sənin xüsusi malınam!
Yucin zarafatyana:
– Elədir ki, var, – dedi.
– Sən elə düşünürsən! – deyə qız alışdı. – Başqa həvəskarlar da tapılar.
– Nə vaxt kefin istəsə, onların yanına gedə bilərsən. Mən razıyam.
Yucin tərəfindən bu, qızı acıqlandırmaq üçün ancaq mənasız bir arzu olsa da, o, qızı incitmək istəmirdi, amma bu sözlər qızın qəlbinə toxundu.
– Elə isə mənim kefim bu saat istəyir! İstəmirsənsə, mənim yanıma gəlməyinin mənası yoxdur. Mən sənsiz də keçinə bilərəm.
O, meydan oxuyurmuş kimi başını dik tutdu.
Yucin onu necə acıqlandırdığını anlayaraq:
– Sakitləş, Marqaret, – dedi. – Sən heç də belə düşünmürsən.
– Düşünürəm! Baxarıq!
Marqaret ondan kənara çəkildi. Yucin onun arxasınca getdi, lakin qızın qəzəbi onda yenidən əsəbilik oyatdı.
O qətiyyətsiz halda duraraq:
– Bir də ki, kefinə bax, – dedi. – Yaxşısı budur, mən gedim.
Marqaret heç bir cavab vermədi, heç bir təmənnada olmadı, heç bir şey təklif etmədi. Yucin palto və şlyapasını götürmək üçün getdi.
O qayıdaraq:
– Vidalaşarkən məni öpmək istəmirsən? – deyə soruşdu.
– Yox, – deyə qız soyuq cavab verdi.
O:
– Gecən xeyrə qalsın, – dedi.
– Xeyrə qarşı, – deyə qız laqeyd cavab verdi.
Onların münasibətləri hələ bir müddət davam etdi, lakin yenə də tamamilə barışmadılar.
BEŞİNCİ FƏSİL
Bu qızla əlaqəsi Yucində qadınlara qarşı demək olar ki, qarşısıalınmaz bir maraq oyatdı. Əksər kişilər özlərinin sevgi müvəffəqiyyətləriylə gizlincə fəxr edirlər və onların qadını maraqlandırmaq və saxlamaq bacarığını sübut edən hər şey onlarda özlərinə inam və cəsarət doğurur. Bəzi, müvəffəqiyyətlə korlanmamış kişilərdə bu cəsarət olmur.
Bu, Yucin üçün bu qəbildən olan ilk qələbə idi və ona böyük ləzzət verirdi. O özündə daha çox inam hiss edir və qətiyyən utancaqlıq duymurdu. O düşünürdü ki, Aleksandriyadakı uşaq-muşaq Yucinin burda keçirdiyi həyat haqqında nə bilir? O, Yucin, Çikaqoda yaşayır. Bu tamamilə başqa aləmdir. O artıq kişidir, müstəqil adam olmuşdur, başqaları üçün maraqlı olan fərdiyyətə çevrilmişdir. Marqaret Daff Yucinə onun haqqında çox təriflər deyirdi. Marqaret onun zahiri görünüşündən, ədalarından, zövqündən heyrətə gəlirdi. Yucin qadına malik olmağın nə demək olduğunu dadmışdı. Bütün bunlar onun başını gicəlləndirirdi. Hətta kobudcasına verilən istefa belə ona heç bir təsir buraxmırdı, axı o bu istefanı qəbul etməyə hazır idi. İndi o öz işindən usanmağa başlamışdı, çünki həftədə on dollar almaq özünə hörmət edən gənci, xüsusən ilk imkan ələ düşəndə yenicə pozulmuş əlaqə kimi yeni bir əlaqə düzəltməyi qarşısına məqsəd qoymuş bir gənci qane edə bilməzdi. Yucin bundan yaxşı iş yeri axtarmağı qərara aldı.
O, Uorren-Avenyüdə yaşayan bir qadına paltar daşıyırdı. Bir dəfə həmin qadın ona belə bir sual vermişdi:
– Siz arabaçılar, həftədə neçə dollar alırsınız?
Yucin:
– Mən on dollar alıram, – dedi. – Lakin bəziləri bəlkə də artıq qazanırlar.
– Sizdən yaxşı inkassator çıxardı, – deyə qadın davam etdi. O ucaboylu, zahirən sadə, ağıllı və açıq qadın idi. –Siz belə bir işə keçmək istərdinizmi?
Paltar daşımaq Yucini tamamilə iyrəndirmişdi. İş günü hədsiz dərəcədə uzun idi. Məsələn, şənbə günü gecə saat birdə qurtarırdı.
– Necə ki, istəmirəm! – deyə Yucin səsləndi. – Mən bunun nə cür iş olduğunu bilmirəm, lakin mənim indiki işim də ürəkaçan bir şey yoxdur.
– Mənim