Скачать книгу

rəb və ümumən müsəlman dünyasında qadınların içində bulunduqları bədbəxtliklər bir çox feminist müsəlman qadın yazar və araşdırmaçı tərəfindən qələmə alınmışdır. Lakin qadınların yaşadığı bu bədbəxtlikləri sosial həyatın dərinliklərinə enərək incələyən yazarlar və araşdırmaçılar az olmuşdur. O az olan və həyatını müsəlman ölkələrində əzilən, döyülən və aşağılanan qadınların haqqını savunmağa adayan yazarlardan biri Nəval əl Səədavidir.

      1931-ci il doğumlu Nəval əl Səədavi feminist olmanın yanı sıra bir yazıçı olduğunu dilə gətirər. 1955-ci ildə Qahirə tibb universitetini bitirən yazar cərrahlıq üzərinə uzmanlığını New York´un Kolombiya universitetində tamamlayır. Qahirənin “Eyn-uşşəms” universitetində psixoloji sahəsində araşdırmalarla məşğul olur. Qadınların toplumun dışında qalması Nəval üçün hər zaman önəmli bir sorun olaraq görülmüşdür. Misirdə demokratiyanın olmamasını yurddaşlarının, özəlliklə qadınların başlıca sorunu olaraq görmüşdür. Ərəb oxucuları Nəvalla ilk dəfə onun “Doktor bir qadının xatirələri” adlı romanını oxuyaraq tanış olmuşlar. Bu, Nəvalın ilk romanı olmuşdur. “Sıfır nöqtəsində qadın” onun ikinci romanıdır. Daha sonra “İki qadın bir qadında”, “Petrol çağında sevgi” kimi romanları və digər kiçik öyküləri işıq üzü görmüşdür. Ədəbiyyatşünasların təsbitinə görə Nəval ərəb dünyasının ən böyük qadın roman yazarıdır. Nəvalın on yeddi romanı yayımlanmışdır.

      Oxucuların mütaliəsinə sunulan bu əsərdə müsəlman ölkələrində bir qadının kənd və şəhərlərdə yaşadığı dəhşət çətinliklər təsvir edilmişdir. Ataların qızlarına olan sərt münasibətləri, kişimərkəzli toplumda qadınların yaşadıqları fəlakətlər ələ alınmışdır. Müsəlman ölkəsində qız olaraq dünyaya gəlmənin bir suç kimi görüldüyü anladılmaqdadır. Öylə ki, hətta yoxsulluq üzündən ölən qızlar üçün sevinən ataların var olduğu bəyan edilir. Bu əsərdə Nəval əl Səədavi, ölüm zindanında misirli fahişə Firdovsla danışır. Firdovsun anlatdığı yaşam öyküsünü bizə açıqlayır. Bu dünyada qadın olmanın, hələ bir “fahişə” olmanın bu yaşam öyküsündə nə anlama gələ biləcəyini oxuyuruq. Sıfır nöqtəsi nədir? Kitabın sosial yaşam biçimlərinə dayanaraq açıqladığına görə, sıfır nöqtəsi toplum, törələr və erkəkmərkəzli sosial şərtlər tərəfindən hazırlanan kor bir nöqtədir. Müsəlman ölkələrindəki qadınlar bu nöqtənin içində həbs həyatı yaşayır və qurtuluşlarına da imkan yoxdur. Necə ki, romanın baş şəxsiyyəti “Firdovs” nə qədər çabalayıb çalışsa da, azadlığını əldə edə bilmir, çünkü toplum onu fahişə görmək istəyir, orada qalması üçün hər kəs və polis kimi “güvənilir” qurumlar əlindən gələni əsirgəmirlər. Bir sosial gerçək ortaya çıxır: Qadın ya bir erkəyin köləsi olmalı, erkəyi tərəfindən döyülməyi də nemət olaraq görməli, ya da döyülməyərək, aşağılanmayaraq bir həyat yaşamaq istərsə, fahişəlik etməlidir. Müsəlman ölkələrinin tarixi və törələri bu istiqamətdə və qadın düşmənliyi əsasında formalaşmışdır.

      Bir qadın aydınlanaraq modern dünyagörüşünə sahib olarsa, bu, kəndiliyindən toplum törələri və yasa dışı yollarla qazanılan sərmayə üçün təhlükə olaraq görünər və bu zehniyyət susdurulmalı, bu görüş sahibi fahişəliyə zorlanmalı, öldürülməlidir. Kitabın içində bu kimi gerçəklər oxucunu çox etkiləyir. “Yurdsevərlik yoxsul sinfin zənginlərin torpağını qoruması, onların mülklərini savunaraq ölməsi anlamında idi, çünkü yoxsulun torpağı yox idi.” Bir fahişənin vardığı bu gerçək, əslində tarixi və cahanşümul bir problem deyilmi?

      Ölkənin güvənlik və şərəfini qorumaqla görəvli olan polis sistemi, əslində sərmayənin, əxlaqsızlığın qoruyucu düzəni kimi mövcuddur. Polis sistemi iqtidar sahibləri tərəfindən qurumsaqlıq düzəni kimi təsis edilmişdir. Aşağı sinif qadınların eşqinə də ehtiyac olmadıqdan sonra sistemə bağlı olmadan azad insan kimi yaşaya bilmək üçün fahişəlik tək yol olaraq ortaya çıxır. Lakin fahişəlikdə azadlıq varmı? Bir qadının bədənini sataraq, kimsəyə möhtac olmadan həyatını təmin etməsinə imkan verilərmi? Qadın bədəni üzərindən sərmayə qazanan və dövlətlə bu məsələdə əməkdaşlıq edən mafiya üzvləri buna izn verərlərmi? Fahişəlik yoluyla olsa belə, bir qadın öz qazandığı sərmayəyə sahib ola bilərmi? Bu sualların cavabını kitabda görəcəksiniz. Əsərin fahişə qəhrəmanı sonunda bu görüşə varacaqdır: “Gerçəklər də insanı öldürdüyü üçün, ölüm kimidir. Mən bir insanı öldürdüyüm zaman, onu bıçaqla deyil, gerçəklə öldürərəm. Bu üzdən məndən qorxur və məni yox etmək üçün tələsirlər.”

      Aradan onillər keçsə də, dünyada ən çox oxunan kitablardan biri bu əsər olmuşdur.

Güntay Gəncalp

      Yazarın ön sözü

      Bu romanı Qənatir zindanında bir xanımla tanış olduqdan sonra yazdım. Bu görüşdən bir neçə ay öncə Misir qadınlarının “nevroz” xəstəliyinə tutulmaları haqda araşdırma aparmışdım. O zaman işsiz olduğumdan bütün diqqət və fikrimi bu mövzu üzərində mərkəzləşdirə bilirdim. 1972-ci ilin sonlarında sağlıq baxanlığı məni sağlıq eyitimi bölümünün başqanlığından və “Sağlıq” dərgisinin baş redaktorluğundan uzaqlaşdırdı. Qadınların qurtuluşuna, azadlığına inanan bir yazar kimi, davranışlarım və görüşlərim dövlət görəvliləri tərəfindən qəbul edilmirdi. Fəqət var olan çətinliklərə baxmayaraq, daha çox düşünür, yazır və qadınlarla olan toplantılarıma davam edirdim. 1973-cü ildə həyatımda yeni olaylar meydana çıxdı. Bu il “Sıfır nöqtəsində qadın” və ya “Firdovs” adında romanım yayımlandı. Çeşidli dərəcədə ruhi xəstəliklərdən əziyyət çəkən bir çox qadınla görüşdən sonra bu araşdırma ideyası ağlımda baş qaldırdı. Nevroz xəstəliyinə yaxalanmış bir neçə qadını bu iş üçün seçmək qərarına gəldim. İşim uğurla yürüsün deyə xəstə qadınlara uğramalı idim.

      Mənim üçün hər zaman zindanın bir cazibəsi olmuşdur. Zindanda həyatın özəlliklə qadınlar üçün necə keçməsiylə maraqlanırdım. Bəlkə də ölkəmdə düşüncə adamlarının “siyasi suç” üzündən sürəkli yaxalanmaları bu marağı məndə doğurmuşdu. Ərim on üç il siyasi tutsaq olaraq Misirin çeşidli zindanlarında həbs həyatı yaşamışdı. Bu üzdən Qənatir zindanının doktorunu görər-görməz səbirsizliklə onunla fikir mübadiləsinə başladım. Hər görüşdə dartışmalarımız olurdu. Dartışmalarımızın mövzusu müxtəlif bəhanələrlə həbs edilən qadınlar idi. Özəlliklə zindanda nevroz xəstəliyinə tutulmuş qadınları yaxından görmək, onların ruh hallarını və davranışlarını araşdırmaq istəyirdim. Zaman keçdikcə mövzuya daha da ciddi yanaşır və qadın tutuqluları yaxından görmə istəyi məndə daha da şiddətlənirdi. İlk dəfə olaraq zindanın içini “siyasi” bir filmdə görmüşdüm. İndi isə gerçək bir zindanı və zindandakıları görmə fürsətini yaxalamışdım.

      Bir dostum var idi. O, bir qadının bir kişini öldürdüyü üçün edama məhkum edildiyi haqda mənə bilgi vermişdi. Vicdanımda bu araşdırma ilə ilgili böyük bir sorumluluq hiss edirdim. O günə qədər qatil bir qadını görməmişdim. Zindanın doktoru məni o və digər qadınlarla görüşdürəcəyinə söz verdi. Onun yardımı ilə psixoloq həkim olaraq tutuqlularla görüşmə izni ala bildim. Araşdırmalarıma rəğbət göstərən doktor xəstələrlə görüşmə imkanını asanlaşdırdı.

      Zindana girdiyimdə qaranlıq və dar hücrələri, dəmir barmaqlıqlarla hörülmüş kiçik pəncərələri görüb çox kədərləndim. Sanki hər tərəfdən; qapıdan, pəncərədən və divarlardan şiddət yağırdı. Qorxunc bir titrəmə bədənimi sardı. Bir gün özüm də gəlib burada həbs həyatı yaşayacağımı heç təsəvvür etməzdim. Lakin bir həkim kimi deyil, Ənvər Sadatın əmri üzərinə 1035 suçlulardan biri kimi tutuqlanıb həbs ediləcəkdim. 1974-cü ilin payızında tutuqlularla görüşmək üçün zindana girdiyimdə gələcəkdə burada özüm də bir tutuqlu kimi yatacağımı heç ağlıma gətirməmişdim. Zindanın həyətindən keçərkən dəmir pərdələri barmaqları ilə sarıb mənə baxan qadınları gördüm. Qadınların qorxunc baxışları onlarla heyvanlar kimi davranıldığını açıqca göstərirdi.

      Firdovs öncə mənimlə danışmaqdan çəkindi. Daha sonra nə düşündüsə söhbətləşməyə razı olaraq öz yaşam öyküsünü yavaş-yavaş mənə anlatmağa başladı. Firdovs öz yaşamının pərdələrini aralayıb danışdıqca, onunla daha çox maraqlanır, onu daha dərindən tanımağa çalışırdım. Bu qədər bədbəxt qadınların içində Firdovs

Скачать книгу