Скачать книгу

daşı olduğunu söylədi.”

Muraltın Albrecht von Hallerə yazdığı 21 İyun 1760 tarixli məktub

      Kazanova, dünya ədəbiyyatı tarixində özəl bir yeri olan, bənzəri görünməmiş bir uğurun simvoludur, çünki bu məşhur şarlatan, eynilə Ponti Pilat (Pontius Pilate: İsa Peyğəmbərin məhkəməsində oynadığı rolla tanınan Roma Valisi. Məhkum edəcək bir səbəb tapa bilmədiyini açıq söyləməsinə baxmayaraq Hz. İsaya qamçı vurdurur və çarmıxa çəkdirir. Bir rəvayətə görə, daha sonra Xristian olur və övliya dərəcəsini qazanır – red.) haqsız yerə Kredoya (Credo: Xristian andı. – Latınca, “inanıram” anlamına gəlir – havarilər tərəfindən təsbit edilmiş ilk və təməl dini qaydalar – red.) necə girmiş və inam simvolu titulunu qazanmışsa, Kazanova da haqqı olmadığı halda yaradıcı şəxsiyyətlər Panteonuna girmişdir. Həqiqətən də, bir şair olaraq onun istedadı, hərfləri həyasızcasına yan-yana düzərək uydurduğu “Seinqalt Cəngavəri” əsəri qədər boşdur: Hər hansı bir xanımın şərəfinə, yataqla qumar masası arasında tələsik qaraladığı bir neçə misrası xoşa gələn söz oyunu olmaqdan uzağa gedə bilməmişdir. “İkozameron” adlı utopik romanını axıra qədər oxuya bilmək üçün, eşşək dərisinə bürünmüş quzu qədər səbirli olmaq lazımdır və bizim bu əziz “Giacomo”muz (Cakomo Kazanova nəzərdə tutulur – italyanca: Giacomo Casanova – red.) fəlsəfə uydurmağa başladığı zaman da əsnəməmək üçün, insanın çənəsini bağlamaqdan başqa çarəsi qalmır.

      Bəli, Kazanova, şeirin ülviyyətindən o qədər uzaqdır ki, “Gotha”da (1763-1944 illərı arasında, “Gotha”da, Fransızca və Almanca olaraq yayımlanan Almanax – red.) olduğu kimi şeir sahəsində də parazitdən başqa bir şey deyildir: Hər hansı bir haqqı və ünvanı olmadığı halda şeir yazmağa girişmiş biridir, başqa heç nə. Amma həyatı boyunca göstərmiş olduğu cürət sayəsində, səfil bir komedyenin oğlu, sabiq bir keşiş, bir dizertir, kart oyununda hiyləgərlik edən və məşhur arvadbaz olan bu adam (Paris polis müdürü onun xarakter özəlliklərini bu şəkildə tanımlayır – red.), imperatorlar və krallarla cici-bacı olmağı və həyatının sonunda da aristokratların ən aristokratı olan şahzadə Lignenin qollarında ölməyi bacarır; yenə eyni cürətlə, sərsəri xəyal, gendən baxıldığı zaman balaca xoşagələn bir ruhdan, bir unus ex multisdən (adi bir insandan), zamanın qasırğası içərisində dağılıb gedəcək bir parça küldən başqa bir şey olmadığı halda, ölümsüzlərin arasına girməyi bacarır.

      Ancaq çox qəribədir ki, Arkadiyanın bütün o məşhur və böyük şairləri, onun yerlisi olan müqəddəs Metastasio, aristokrat Parini və bütün o biri şairlər, kitabxanaların qarmaqarışıq yığını içərisində filoloqlara yem olarkən, onun adı, sayqılı bir gülümsəmə ilə, bu gün ağızlarda yaşamağa davam edir. Və bir eşq İliadası olan əsəri də böyük bir ehtimalla, Gerusalemme liberataPastor fido kimi artıq heç kimsənin oxumadığı o əski sayqıdəyər əsərlər kitabxanalarda tozlar altında unudulub getdikdən çox sonra belə yaşamağa və ona pərəstiş edən oxucular tapmağa davam edəcəkdir.

      Bu mahir oyunçu, cürətli bir həmlə ilə, Dante və Bokkaçiodan bu yana, İtalyanın bütün şairlərini mat etmişdir.

      Daha da qəribə olanı, belə bir böyük qazanc əldə edə bilmək üçün Kazanovanın heç nəyini təhlükəyə atmamış olmasıdır; ölümsüzlüyün bədəlini birbaşa ondan qopartmışdır. Bu qumarbaz adam, həqiqi bir sənətçinin sözlə anladılması mümkün olmayan sorumluluğunu, qaranlıqlar içində, toplumdan uzaq, bütün günü, alın təriylə çalışmanın mədən ocağında yapılan o ağır işi heç bir zaman ağlına gətirməmişdir. Bir şey yaratmanın verdiği həyəcanlı zövqü tanımadığı kimi, onun acı bir parçası olan və heç vaxt sakitləşməyən bir susuzluğa bənzəyən gerçəkləşdirmə arzusunu da bilməməkdədir; şəkilləri gerçək bir elastikliyə və fikirləri parlaq bir dəqiqliyə çatdırmaq üçün duyulan səssiz və məcburi, ancaq heç bir zaman doyurula bilməyən istəklərdən də xəbəri yoxdur. Yuxusuz keçirilməsi gərəkən gecələri, sıxıntılar içərisində, bir kölə kimi çalışıb kəlmələri dilin iynə gözündən keçirərək, mənaları parlaq, tərtəmiz və eynilə bir göy qurşağı kimi gözqamaşdırıcı bir şəkildə ortaya çıxıncaya qədər onları törpüləməklə keçən günləri bilməz; şairin ağır işindən – çox və müxtəlif olmaqla birlikdə gözlə görünməyən və mükafatsız qalan, çox vaxt da ancaq bir neçə nəsildən sonra anlaşılan ağır işindən – xəbəri olmadığı kimi, həyatın rahatlığından və müxtəlif imkanlarından qəhramancasına vaz keçməsindən də xəbəri yoxdur.

      O, Kazanova (Allah bilir, necə?) həyatı hər zaman asan bir hala gətirmənin yolunu tapmışdır; nəşəsinin ən balaca bir qırıntısını, zövqlərinin ən kiçik bir parçasını, yuxusunun bir saatını, keyfinin bir dəqiqəsini belə o amansız Ölümsüzlük tanrıçasına fəda etməmişdir; həyatı boyunca, şan və şöhrətə çatmaq üçün ən kiçik bir çaba göstərməmişdir, lakin yenə də, şan və şöhrət bu xoşbəxt faninin ovuclarına bol-bol düşmüşdür. Cibində bir qızıl lirə və eşqinin qəndilində bir parça yağ olduğunu hiss etdiyi zaman kəsimində, gerçək dünya onun önünə, başı qarışsın deyə, nəzakətlə bir neçə sümük fırlatdığı müddətcə, bu zövq düşkünü, sənətlə – o çatıq qaşlı xəyalətlə – əlaqə qurmağı ya da barmaqlarını ciddi bir şəkildə mürəkkəbə bulamağı ağlından belə keçirməmişdir. Ancaq hər kəs onun üzünə qapısını bağladığı zaman, qadınlar ona lağ etdiyi, tək-tənha qaldığı, dilənçi gününə düşdüyü, gücünü itirdiyi, artıq yıpranmış bir bədənin kölgəsindən başqa bir şey olmadığı zaman, üzü sallanmış bir qoca olaraq, əski həyatının yerinə qoya biləcəyi bir şey aramış və çalışmağa sığınmışdır; başını qarışdıracaq bir şeyi olmadığı üçün, dişləri tökülmüş qotur bir köpək kimi, can sıxıntısından, xoşnudsuzluqdan dingildəyərək, altmış yaşlı Casaneus-Kazanova, hər şeyin dibinə daş atmış bir halda, deyinə-deyinə, donquldana-donquldana, öz həyatını yazmağa qoyulmuşdur.

      Öz həyatını yazır və bütün ədəbi irsi də bundan ibarətdir, ancaq doğrusunu söyləmək lazımdırsa, həyat da həyatdır! Beş roman, iyirmi komediya, bir yığın qısa və uzun hekayə, anekdotlar və dadına doyum olmayan qəribə durumlar və olaylar bolluğu; bütün bunlar, yetişib ballanmış üzümlər kimi, həyatla dolub daşan tək bir varlığın pres makinasından keçirilmişdir: Burada, sənətçinin və yaradıcının düzənləyici yardımına ehtiyac göstərməyən qüsursuz bir sənət əsərinin bütünlüyünə və yapısına sahib olan bir həyatla üz-üzəyik.

      Beləcə, qazandığı şan və şöhrətin, öncə insanı tədirgin edən sirri, ən inandırıcı şəkildə işığa çıxmış olur; çünki Kazanovanın dühasını göstərən şey həyatını danışmaq və yazmaq forması deyil, yaşama formasıdır. Yaşamaq, bu zövq düşkünü sənətçinin həm atelyesi, həm də ilk maddəsi və formasıdır; və o, yazarların çox zaman nəsr ya da şeir yazmaq üçün istifadə etdikləri yaradıcı atəşin hamısını, özünün bu gerçək və orijinal sənət əsərinə vermək üçün xərcləmişdir; bu əsərin gerçəkləşməsinin hər anına, hələlik dumanlı olan hər cür imkanına mümkün olduğu qədər dramatik bir görünüş verməyə ehtiraslı bir şəkildə qərar verərək, yaradıcı gücünün hamısını bu məqsədlə işlətmişdir. Bir başqasının icad etmək zorunda qaldığı şeyi, o öz nəfəsi ilə hiss etmişdir; başqa birinin beynində planlamış olduğu şeyi, o, isti və şəhvətli bədəniylə gerçəkləşdirmişdir; buna görə də, burada, qələmin və xəyal gücünün, reallığı sonradan süsləməsinə gərək yoxdur: forma baxımından tam anlamıyla dramatik olan belə bir həyatın içərisində hər hansı bir anı təsvir etməsi yetərlidir. Öz zamanının heç bir yazarı (o gündən bu yana, bəlkə də Balzakdan başqa, demək olar ki, heç bir yazar) Kazanovanın həqiqətən yaşadığı qədər fərqli olaylar və durumlar icad edə bilməmişdir; və yüz illik bir müddət içərisində belə bu dərəcə cürətli enişlər və çıxışlarla axıb gedən gerçək bir həyat da yoxdur.

      Mənəvi siması və ya savadının dərinliyi baxımından deyil, yaşanmış hadisələr baxımından onun bioqrafiyasını, misal üçün Goethenin, Jan-Jak Russonun və ya başqa çağdaşlarının bioqrafiyalarıyla qarşılaşdırmağa çalışaq: yaradıcı bir iradənin hökmranlığı altında, müəyyən bir qayəyə yönəldilmiş olan bu həyat hekayələri, Kazanovanın bir dağ çayı kimi köpüklənib axan və onun kimi özünü təbii axara buraxan ömrünün yanında – paltar

Скачать книгу