ТОП просматриваемых книг сайта:
Artemis Faul. Оуэн Колфер
Читать онлайн.Название Artemis Faul
Год выпуска 0
isbn 978-9952-8200-9-6
Автор произведения Оуэн Колфер
Издательство Alatoran yayınları
Artemis Faul… Kimdir o? Bu suala cavab vermək üçün onun daxilinə nəzər salmağa cəhd edənlər çox olub, lakin bir şey çıxmayıb. Bunun səbəbi isə Artemisin, istənilən məsələni tum kimi çırtlaması idi. Artemis Faul tibb elminin görkəmli alimlərini barmağına dolayıb, hətta psixiatrlardan kimsə elə öz şəxsi klinikasına “şüurun dumanlanması” diaqnozu ilə aparılıb.
Artemisin vunderkind olması heç bir şübhə doğurmur. Məsələ ondadır ki, bu cür qeyri-adi şəxsiyyət nə üçün özünü cinayət fəaliyyətinə həsr edib? Bu suala cavabı yalnız bir nəfər bilir və bu insan öz sirrini açmaq fikrində deyil.
Buna görə də Artemis Faulun həqiqi portretini təsvir etməyin ən yaxşı yolu – onun ilk cinayət təcrübəsi haqda danışmaqdır, xüsusən ona görə ki, bu fırıldağın tarixçəsi hazırda geniş yayılmışdır. Aşağıda təqdim edilən hesabat hadisələrin iştirakçıları ilə şəxsi söhbət əsasında qələmə alınmışdır, bu iştirakçılar özləri elə zərərçəkmişlərdir və diqqətli oxucu, şübhəsiz ki, onları danışdırmağın çox da asan olmadığını hiss edəcəkdir.
Hadisə bir neçə il əvvəl, iyirmi birinci əsrin başlanğıcında baş vermişdir və Artemis Faulun, ona ailəsinin keçmiş şöhrətini qaytaracaq olan mükəmməl planını hazırlaması ilə başlanmışdır. Planeti dəhşətli müharibəyə cəlb edə biləcək, bütöv sivilizasiyaları məhv etməyə qadir olan bir plan idi bu.
O zaman Artemis Faulun cəmisi on iki yaşı var idi…
Birinci fəsil
KİTAB
Xo Şi Min şəhəri, yay fəsli.. İnsan standartlarına görə sadəcə dözülməz olan isti. Yəqin heç danışmağa dəyməz, əgər söhbət həddən artıq mühüm bir məsələdən getməsəydi, Artemis Faul dünyada nəyin bahasına olursa olsun, bu cür narahatçılıqla barışmazdı. Onun planının həyata keçməsi üçün çox mühüm olan bir məsələ ortada olmasaydı.
Günəş Artemisin yaraşığını artırmırdı. Əksinə. Dörd divar arasında bilgisayar monitoru qarşısında keçirdiyi uzun saatlar onun dərisini solğunlaşdırmışdı. İşıqda Artemis daha çox vampiri xatırladırdı – onun kimi solğun və qıcıqlandırıcı idi.
– Nökər, mən ümid edirəm ki, bu iz bizi lazım olan yerə aparıb çıxaracaq – deyə o, yavaş, bir qədər boğuq səslə söylədi. – Yoxsa ki, Qahirədə cəhdlərimiz boşa çıxmışdı.
Bu, mülayim məzəmmət idi. Misirə onları Nökərnin adamlarından birinin verdiyi məlumat aparıb çıxarmışdı.
– Bu dəfə yanılmarıq, ser, arxayın ola bilərsiniz. Nquen – etibarlı adamdır.
– Görək də. – Artemis etimadsızlıqla mızıldandı.
Əgər yoldan ötənlərdən kimsə bu nəhəng avropalının hansısa oğlan uşağına dinozavr kimi Nuh əyyamından qalma “ser” deyə müraciət etdiyini eşitsəydi, yəqin ki, çox təəccüblənərdi. Axı, artıq üçüncü minillikdə yaşayırıq. Lakin bu kişi ilə oğlanı tamamilə qeyri-adi münasibətlər birləşdirirdi və onlar sadəcə görünüş üçün özərini turist kimi aparırdılar.
Onlar Donq-Kay küçəsindəki açıq kafedə əyləşib yerli yeniyetmələrin meydanda necə moped sürmələrinə baxırdılar.
Nquen gecikirdi və bu bürküdə faydasız olan çətirin verdiyi cılız kölgə Artemisin əhvalını heç də yaxşılaşdırmırdı. Artemis həmişəki kimi son dərəcə bədbin əhval-ruhiyyədə idi. Onun meydançanı qaşqabaqla nəzərdən keçirən gözlərində arabir ümid qığılcımı görünürdü. Doğrudanmı bu səyahət bir nəticə verəcək? Doğrudanmı onlar Kitabı tapacaqlar? Arzular xam xəyallara bənzəyirdi.
Gözlənilmədən qarson onların masasına yaxınlaşdı.
– Bir çay da gətirim, cənablar? – deyə o, hər bir sözündə baş əyərək iltifatla soruşdu.
– Əyləşin. – Artemis yorğunluqla köks ötürdü. – və məni bu teatral əzilib-büzülmələrinizdən xilas edin.
– Amma ser, mən axı sadə bir qarsonam… – Adəti üzrə o, Nökəryə müraciət etdi, axı o, yaşca daha böyük idi.
Artemis barmaqları ilə masanı döyəcləyərək diqqəti özünə cəlb etdi.
– Siz əl işi olan mokasinlər, ipək köynək geyinmiş və möhürcüklü üç qızıl üzük taxmısınız. Bu birincisi. İkincisi: ingilis dilində siz Oksford ləhcəsində danışırsınız. Üçüncüsü: dırnaqlarınızın mülayim parıltısı bir müddət əvvəl edilmiş manikürdən xəbər verir. Bütün bunlardan sonra sizə necə qarson demək olar? Siz – Nquen Ksuansınız, bizim məlumatlandırıcımız və bütün bu maskaradı ona görə düzəltmisiz ki, üstümüzdə silah olub-olmamasını yoxlayasız.
– Bu doğrudur. – Nquenin çiyinləri aşağı endi. – Son dərəcə qəribədir.
– Qəribə heç bir şey yoxdur. Elə bilirsiniz ki, cırıq önlük geyinməklə dərhal qarsona çevrilmisiz?
Nquen əyləşərək kiçik çini fincanda özünə nanəli çay süzdü. – O ki qaldı silaha… – Artemis davam etdi. – Buyurun, gizlədəcək heç nəyimiz yoxdur. Şəxsən mənim heç bir silahım yoxdur. Amma Nökərdə, mənim… e… xidmətçimdə, nə isə bir şey var. Deməli belə: çiyin qoburunda “Ziq zauer”; sapoqlarında – hərəsində biri olmaqla, iki atma bıçağı, paltarının qolunda irikalibrli, ikigülləli mini-tapança; qol saatında qarotta və bir də ciblərində üç gözyaşardıcı qumbara. Heç nə yadımdan çıxmadı ki, hə, Nökər?
– Dəyənəyi unutdunuz, ser.
– Hə, əlbəttə, bağışla. Üstəgəl dəmir kürəcikləri olan qurğuşun dəyənək, Nökərnin köynəyinin altında gizlədilib.
Nquen fincanı dodaqlarına yaxınlaşdırdı. Əli titrəyirdi.
– Həyəcanlanmayın, – Artemis gülümsündü. – Sizi öldürmək fikrimiz yoxdur. Hələlik.
Bu məlumat nəyə görəsə Nquenin əhvalını açmadı.
– Ümumiyyətlə, bütün bu arsenal görünüş üçündür, – Artemis əlavə etdi. – Nökər sizi artıq yüz dəfə o dünyaya göndərə bilərdi. Boş əllə. Amma yüz dəfə – həddən çoxdur, elə bircə dəfə də yetərdi.
Burada Nquen əməlli-başlı qorxdu. Artemis gözə kül üfürməyi bacarırdı. Amiranə ədalı və yekə-yekə danışan, insanları idarə etməyə alışmış solğun dərili oğlan uşağı. Faul… Əlbəttə ki, bu ad Nquenə tanış idi, həm də beynəlxalq cinayət dünyasında Faullar haqda kim eşitməmişdi ki? Amma ona elə gəlirdi ki, böyük Artemislə görüşəcək, hansısa bir oğlan uşağı ilə yox. Amma bu qaşqabaqlı azyaşlı tipi yəqin ki çox az adam oğlan uşağı adlandıra bilərdi. Bəs onun yanındakı quldur, nə idi onun adı, Nökər? Beləsi heç bir səbəb olmadan adamın onurğasını sındırar, heç uf da deməz. Bax o iri əlləri ilə! Nquen dərhal bu maraqlı kompaniyadan necə aralanmağın yollarını axtarmağa başladı. Cəhənnəm olsun pullar, can daha vacibdir.
– İndi isə keçək əsas məsələyə, – deyə Artemis miniatür diktofonu çıxarıb masanın üzərinə qoydu. Siz bizim internetdəki elanımıza cavab vermisiniz.
Nquen təsdiq əlaməti olaraq başını tərpətdi və öz-özlüyündə Allaha yalvardı ki, onun məlumatı doğru olsun.
– Bəli… mister… ustad Faul… ser. Sizin, necə deyərlər… axtardığınızı… yəni, mən kömək edə bilərəm.
– Doğrudan? Mən sizə sözdə inanmalıyam? Bəlkə siz məni tələyə salmaq istəyirsiniz? Ailəmin düşmənləri mənə kifayət edir.
Nökər əlinin ani hərəkəti ilə gənc ağasının qulağına yaxınlaşan mığmığanı tutdu.
– Yox-yox, – Nquen başını yırğaladı və cib kisəsini çıxardı. – Budur, baxın.
Artemis diqqətlə polaroid şəkillə tanış olmağa başladı. Ürək döyüntülərinə yavaşlamağı əmr etdi. Söz yox, inandırıcıdır, lakin bizim zəmanəmizdə, bilgisayar texnikasının müasir inkişafı dövründə hər bir şeyi saxtalaşdırmaq mümkündür. Fotoşəkildə çoxqatlı, büküşlü kölgədən bayıra çıxan əl görünürdü.