Скачать книгу

tərkibinə həmkarlar ittifaqlarının və müxtəlif sol partiyaların nümayəndələri də daxil oldu. Lakin bundan sonra hökumətdəki hər yeni dəyişiklik onu sağa doğru daha çox çəkirdi. Əvvəlcə hökumətin tərkibindən P.O.U.M.-u qovdular. Altı ay sonra Kabalyeronu sağ sosialist Neqrinlə əvəz etdilər. Bunun ardınca C.N.T., sonra isə U.G.T. mərkəzi hökumətdən çıxarıldı. Sonda C.N.T. Kataloniya hökumətini də tərk etməli oldu. Nəhayət, müharibə və inqilabın başlanmasından bir il sonra hökumət yalnız sağ sosialistlərdən, liberallardan və kommunistlərdən ibarət idi.

      Sağa doğru ümumi meyl SSRİ-nin hökumətə silah verməyə başladığı, hakimiyyətin isə anarxistlərdən kommunistlərə keçdiyi 1936-cı ilin oktyabr-noyabr aylarında baş verdi. Rusiya və Meksikadan başqa heç bir dövlət İspaniyanın köməyinə gəlməyə lazım bilmədi. Meksika bəlli səbəblərə görə böyük miqdarda silah göndərə bilmirdi. Nəticədə ruslar öz şərtlərini diqtə etmək imkanı qazandılar. Həmin şərtlərin əsas məzmunu isə çox güman ki, belə ifadə olunmuşdu: “İnqilaba imkan verməyin. Yoxsa silah almayacaqsınız”. İnqilab tərəfdarlarına qarşı çevrilmiş ilk addımın – P.O.U.M.-un Kataloniya hökumətinin tərkibindən qovulmasının SSRİ-nin əmri ilə ediilməsi heç bir şübhə doğurmamalıdır. Bəzən Sovet hökumətinin açıq təzyiq göstərməsi fikrini inkar edirlər. Lakin bunun elə bir əhəmiyyəti yoxdur. Bütün ölkələrdəki kommunist partiyalarının sovet siyasətini həyata keçirdikləri hamıya aydındır. Heç kəs məhz kommunist partiyasının əvvəlcə P.O.U.M.-a, sonra isə anarxistlərə və Kabalyeronun başçılığı altındakı sosialistlər qanadına, yəni bütünlükdə inqilabi siyasətə qarşı çevrilmiş mübarizənin ilhamvericisi olduğu inkar edə bilməz. SSRİ müharibəyə qoşulan kimi kommunist partiyasının qələbəsi təmin edildi. Əvvəla, silah-sursat göndərdiyinə görə Rusiyaya minnətdarlıq və beynəlmiləl briqadaların gəlişindən sonra kommunist partiyasının müharibəni udmaq imkanlarının reallaşması Moskvanın nüfuzunu da əhəmiyyətli dərəcədə artırdı. İkincisi, sovet silahları kommunistlər və müttəfiq partiyalar tərəfindən bölüşdürülürdü. Kommunistlər isə çox üzi miqdarda silahın öz siyasi əleyhdarlarının əlinə düşməsinə xüsusi diqqət yetirirdilər24. Üçüncüsü, kommunistlər qeyri-inqilabi proqramlarını elan etməklə ekstremistlərin qorxutduqları bütün qüvvələri öz tərəflərinə çəkə bildilər. Məsələn, nisbətən varlı kəndliləri anarxistlərin can atdıqları kollektivləşmənin əleyhinə qaldırmaq asan məsələ idi. Kommunist partiyası üzvlərinin sayı inanılmaz dərəcədə artdı. Bu ilk növbədə orta təbəqədən çıxanların-dükançıların, məmurların, zabitlərin, ortabab kəndlilərin hesabına baş verdi. Əslində, müharibə iki cəbhədə aparılırdı. Franko ilə mübarizə davam edirdi. Lakin hökumət başqa niyyət də güdürdü – bu da həmkarlar ittifaqlarının əlinə keçmiş hakimiyyəti onlardan geri almaq idi. Bu diqqəti çəkməyən manevrlər (kimsə onu "ehmalca iynə batırmaq" siyasəti adlandırmışdı) və hiyləgər üsullar vasitəsi ilə həyata keçirilirdi. Açıq-aşkar əksinqilabi tədbirlər sərf-nəzər edilirdi. 1937-ci ilin may ayına qədər gücə əl atmaq üçün zərurət də yaranmamışdı. Fəhlələri ən sadə dəlillərlə itaətə məcbur etmək mümkün idi. Məsələn, “Filan-filan işləri görməsəniz müharibəni uduzacağıq”. Aydın məsələdir ki, fəhlələrdən mütəmadi şəkildə hərbi mülahizələr naminə 1936-cı ildə qazandıqlarından imtina etmək tələb olunurdu. Həmin tələb heç vaxt etiraz doğurmurdu. Çünki müharibəni uduzmağı ən az istəyən inqilabçı partiyalar idi. Məğlubiyyət demokratiya və inqilab, sosializm və anarxiya anlayışlarını tamamilə mənasız söz yığınına çevirə bilərdi. Digər siyasi qüvvələri özü ilə hesablaşmağa məcbur edə bilən yeganə nüfuzlu inqilabi partiya – anarxistlər addım-addın geri çəkilməyə məcbur idilər. Nəticədə mülikyyətin ümumiləşdirilməsi prosesi dayandı, yerli komitələr buraxıldı, fəhlə patrulları tərxis olundu. Onların yerini isə qat-qat gücləndirilmiş və daha yaxşı silahlan-dırılmış köhnə polis tutdu. Həmkarlar ittifaqlarının nəzarətindəki iri müəssisələr hökumətin əlinə keçdi. (May döyüşlərinə səbəb olan Barselona telefon stansiyasının tutulması həmin prosesin epizodlarından biri idi). Nəhayət, prosesin əsas göstəricilərindən biri kimi həmkarlar ittifaqlarının yaratdıqları könüllü fəhlə dəstələri tədricən xalq ordusuna, öz maaş sistemi, müxtəlif imtiyazlara malik zabitləri olan yarımburjua tipli silahlı qüvvələrə çevrildi. Dövrün şərtləri daxilində bu ən əsas, həlledici addım idi. Kataloniyada başqa əyalətlərlə müqayisədə könüllülər dəstəsinin ləğvi nisbətən gec baş verdi. Çünki burada siyasi partiyaların mövqeyi daha güclü idi. Fəhlələrin yalnız silahlı qüvvələrin bir hissəsini nəzarəti altında saxladıqları təqdirdə nailiyyətlərini qoruya biləcəkləri gün kimi aydın idi. Bir qayda olaraq könüllü dəstələrinin yenidən formalaşdırılması onların döyüş qabiliyyətlərinin artırılması üçün edilirdi. Köklü hərbi dəyişikliklərin zəruriliyi fikri heç kimdə etiraz doğurmurdu. Təbii ki, könüllü dəstələri həmkarlar təşkilatlarının nəzarəti altında saxlamaqla da yenidən formalaşdırmaq və döyüş qabiliyyətini yüksəltmək olardı. Həyata keçirilən tədbirlərin məqsədi isə başqa idi. İlk növbədə anarxistləri silahlı qüvvələrindən məhrum etmək istəyirdilər. Digər tərəfdən, fəhlələrdən ibarət könüllü dəstələrdəki ruh inqilabi ideyalar doğururdu. Bu məsələdə kommunistlər özlərinə tam aydın hesabat verməyi bacarırdılar. Ona görə də P.O.UM. və anarxistlərin rütbələrinə baxmadan bütün döyüşçülərə eyni miqdarda maaş verilməsi təklifinə münasibətdə sərt mövqelərindən bir addım da geri çəkilmək istəmirdilər. Ümumi bir “burjualaşdırma”, inqilabın ilk aylarındakı bərabərlik ruhunun planlı şəkildə məhv edilməsi prosesi gedirdi. Hər şey elə sürətlə dəyişirdi ki, bir neçə aylıq fasilədən sonra yenidən bura qayıdan adam ölkəni tanıya bilmədiyini deyirdi. İlk baxışdan fəhlə dövləti təsiri bağışlayan İspaniya hamının gözü qarşısında cəmiyyətin varlı və kasıblara bölündüyü burjua respublikasına çevrilirdi. 1937-ci ilin payızında baş nazir vəzifəsini tutan sosialist Neqrin açıq şəkildə “biz xüsusi mülkiyyətə hörmətlə yanaşırıq” demişdi. Müharibə başlananda faşistpərəst baxışlarına görə təqibdən qorxub İspaniyadan qaçan kortes- parlament deputatları isə tədricən geri qayıdırdılar.

      Haqqında danışdığım proseslərin faşizmin təhlükəyə çevrildiyini görən fəhlələrlə burjuaziyanın öz aralarında bağladıqları müvəqqəti ittifaqın nəticəsi kimi meydana çıxdığını xatırlasaq, onun mahiyyəti daha da aydınlaşar. Xalq cəbhəsi adı ilə tanınan həmin ittifaq əslində düşmənlərin birliyi idi. Nəticədə müttəfiq tərəflərdən birinin digərini udması həmişə qaçılmaz nəticəyə çevrilirdi. İspaniyadakı vəziyyətin ölkənin xaricində anlaşılmazlıq doğuran yeganə gözlənilməz cəhəti kommunistlərin hökumət sıralarında ifrat sol deyil, ifrat sağ mövqedə dayanmaları idi. Əslində burada da təəccüblü heç bir şey yox idi. Çünki digər ölkələrdə, ilk növbədə isə Fransada kommunist partiyalarının taktikası aydın şəkildə göstərmişdi ki, rəsmi kommunizmə ən azı indiki mərhələdə antiinqilabi qüvvə kimi baxmaq lazımdır. Kominternin siyasəti (beynəlxalq vəziyyəti göz önünə gətirəndə bunun müəyyən dərəcədə yolverilən olduğu anlaşılırdı) hərbi ittifaqlar sistemindən tam şəkildə asılı olan SSRİ-nin müdafiəsinə yönəlmişdi. Məsələn, SSRİ kapitalist – imperialist Fransa ilə müqavilə

Скачать книгу


<p>24</p>

Ona görə də əsasən anarxist hərbi hissələrin dayandıqları Araqon cəbhəsində sovet silahları çox az idi. 1937-ci ilin aprelinə qədər bəlkə də sovet istehsalı olan təyyarələri istisna etmək şərti ilə mənim diqqətimi çəkən bir ədəd avtomat silah olmuşdu.