ТОП просматриваемых книг сайта:
Mumi atanın xatirələri. Туве Янссон
Читать онлайн.Название Mumi atanın xatirələri
Год выпуска 0
isbn
Автор произведения Туве Янссон
Издательство Alatoran yayınları
ÖN SÖZ
Bir dəfə, isti bir yay günü, Mumi-trol hələ çox kiçik olanda, onun atası bərk soyuqladı. Ata ballı və soğanlı süddən içib, yataqda qalmaq istəmirdi. Bağda yelləncəkdə oturub burnunu çəkir və siqarın dözülməz dərəcədə iyrənc olduğunu deyib şikayətlənirdi. Ətrafda, çəmənlikdə burun dəsmalları vardı, anam zaman-zaman onları səbətə yığıb evə aparırdı.
Burun axması dayanmırdı, əksinə, getdikcə, daha da pisləşirdi. Ana isti toddini romla qarışdırıb ona tərəf uzatdı. Lakin bunun üçün artıq çox gec idi. Toddi ona süd və soğan kimi iyrənc görünürdü. O pəncəsini yelləyib hər şeydən imtina etdi və yatmaq üçün şimal çardağına getdi. Mumi-ata heç vaxt xəstələnməmişdi və buna görə də xəstəliyinə son dərəcə ciddi yanaşırdı.
Boğazı daha çox ağrımağa başlayanda o, Mumi-trolu, Snusmumriki və Sniffi çağırıb ətrafına topladı. Onlardan birlikdə yaşadıqları bu, həqiqi macəraçını unutmamalarını istədi və sonra Sniffə söylədi ki, qonaq otağında şkafda olan dəniz köpüklü tramvayı gətirsin. Lakin onun səsi o qədər xırıltılı idi ki, kimsə onun nə demək istədiyini anlamadı.
Yorğanı xəstənin üzərinə çəkib, təsəlli və təəssüf hisslərini dilə gətirib, ona karamel, aspirin və maraqlı kitablar verib yenidən günəşə çıxdılar.
Mumi-ata yataqda uzanıb yuxuya gedənə qədər qəzəbləndi. Günortadan sonra oyananda boğazının ağrısı bir az keçmişdi, lakin o yenə də qəzəbli idi. Ata yataq masasındakı zəngi çaldı, Mumi-ana dərhal onun yanına gəldi və özünü necə hiss etdiyini soruşdu.
– İyrənc, – ata dedi, – lakin indi mənim dəniz köpüklü tramvayıma maraq göstərsən yaxşı olar.
– Salondakı heykəlciyi nəzərdə tutursan? – Ana təəccübləndi. – Ona nəsə olub?
Mumi-ata oturdu.
– Bu tramvayın həyatımda nə qədər əhəmiyyətli rol oynadığını, həqiqətən, bilmirsən? – deyə o soruşdu.
– Deyəsən, onu lotoreyada qazanmışdın, ya da buna bənzər nəsə? – Ana cavab verdi.
Ata başını yellədi və ah çəkdi.
– Mən elə belə də bilirdim, –dedi, – Bu səhər soyuqdəymədən ölsə idim necə olacaqdı? Heç biriniz mənim tramvayımın əhvalatını bilməyəcəkdiniz. Məsələ təkcə tramvayla bağlı deyil, əminəm ki, başqa vacib məsələlərdə də vəziyyət eynidir. Sizə gəncliyimdən nə qədər danışsam da, əlbəttə ki, hər şeyi unutmusunuz.
– Bəzi detalları, həqiqətən, unutmuşam, – ana etiraf etdi, – yaddaşımız zamanla o qədər etibarsız olur ki… Nahar etmək istəmirsən? Bu gün tərəvəzli yay şorbası var.
– Fu, bu çox darıxdırıcı olardı, – Mumi-ata kədərlə söyləndi və divara tərəf dönüb öskürməyə başladı.
Mumi-ana bir müddət susaraq ona baxdı.
– Əzizim, qulaq as, gör nə deyirəm, – birdən dedi, – Çardağı təmizləyərkən orada böyük bir dəftər tapmışam. Bəlkə, öz gəncliyin haqqında kitab yazasan?
Ata heç nə demədi, amma öskürəyi dayandı.
– Lap yerinə düşərdi, sən həm xəstəsən, həm də çölə çıxa bilmirsən. – Ana davam edirdi. – Səhv etmirəmsə buna xatirə deyirlər, elə deyil?
– Öz həyatları haqqında yazanda – “Xatirələr” – deyə ata düzəliş etdi.
– Daha sonra isə yazdığın hər şeyi bizə ucadan oxuyarsan. Məsələn, səhər yeməyindən, ya da nahardan sonra.
– Bu, o qədər də asan deyil, – ata yorğanı üstündən atıb dedi, – səncə kitab yazmaq asan işdir? Fəsli sona qədər bitirməsəm bir kəlmə belə ucadan oxumayacam. Oxuyanda ilk sənə oxuyacam, daha sonra başqalarına.
– Sən necə istəyirsənsə elə də olsun, əzizim, – ana dedi və dəftəri axtarmaq üçün çardağa getdi.
– O özünü necə hiss edir? – Mumi-trol soruşdu.
– Daha yaxşıdır, – ana cavab verdi. – Lakin, xahiş edirəm, səs-küy salmayın, çünki bu gün atan öz xatirələrini yazmağa başlayır.
Giriş
Mən Mumi-trolun atasıyam. Pəncərənin kənarında oturub atəşböcəklərinin gecənin qaranlığına necə naxışlar vurmasını seyr edirəm.
Mən ailə başçısı və ev sahibi, çılğın gəncliyimə kədərlə baxır və ondan yazmağa qərara almışam, qələm pəncəmdə qeyri-müəyyən bir halda titrəyir.
Həyatımı qələmə almaqda mənə cəsarət verən, başqa bir müdrikin kəlamını misal gətirəcəyəm: “Kim olursa olsun, layiqli və ya ləyaqətli bir iş görmüşdürsə, əgər fəzilətli və həqiqətçidirsə, o zaman öz həyatını qələmə almalıdır, lakin bunu qırx yaşına çatmadan etməməlidir.”
Şübhəsiz ki, bir çox layiqli işlər görmüşəm və hətta mənə layiqli görünən daha çox işlər görmüşəm. Həqiqət çox darıxdırıcı olmadıqca çox fəzilətli və dürüstəm (neçə yaşım olduğunu isə, unutmuşam).
Bəli, özüm haqqında yazmağa yaxınlarımın təkidi ilə razı oldum, çünki əsərləri vadi boyunca oxunacaq bir yazıçı olmaq, açığı, məni də inanılmaz cəlb etdi. Qoy bu təvazökar notlar bütün Mumi-trollara, xüsusilə, mənim oğluma bir sevinc və dərs olsun. Yaddaşım yaxşı olsa da, təəssüf ki, artıq məni yarı yolda qoyur. Lakin tərcümeyi-halı bəzəyəcək bəzi əlavələri nəzərə almasaq, tamamilə, həqiqətləri yazacağam.
Heç kimin hisslərini incitməmək üçün, öz hekayəmdə, bəzən, filyonoku hemuli ilə, qafları isə kirpi və s. ilə əvəz edəcəm, lakin bu, dərrakəli oxucunun işin əslini anlamasına mane olmur. Oxucu, şübhəsiz ki, Snusmumrikin əsrarəngiz atasını, Yuxare obrazında tanıyacaq və şübhəsiz ki, heyvan Sniffin Şusselin övladı olduğunu anlayacaq. Ey sən, atasını ciddi və hörmətli biri olaraq görən, balaca, daha sonradan ata olan bu üç gəncin macəraları haqqında bu hekayəni oxu və bütün ataların eyni olduğunu anlayacaqsan (və ya gəncliyində elə idilər).
Şanlı gəncliyimiz haqqında həm özümə, həm də çağdaşlarımıza və gələcək nəsillərimizə yazmağı borc bilirəm. Mənə elə gəlir ki, bu yazını oxuyanların çoxu fikirli halda burnunu göyə qaldırıb: “Ay səni, Mumi-trol!” ya da “Bax, bu, əsl həyatdır!” (Necə də əhəmiyyətli və təntənəli bir məqamdır!)
Nəhayət, bir vaxtlar həyatımı, şübhəsiz ki, inci halına gətirməyə kömək edən hər kəsə – xüsusən də Fredriksona, hattifnatlara və mənim bənzərsiz və əziz həyat yoldaşım Mumi-anaya təşəkkürümü bildirirəm.
Anlaşılmazlığın əhatəsində necə böyüdüyümü, həyatımdakı ilk hadisəni, qaçaraq keçirdiyim o qorxunc gecəni və Fredrikson ilə tarixi bir görüşü izah etdiyim Birinci Fəsil
Çox uzun zaman əvvəl, darıxdırıcı və küləkli bir avqust axşamı, mumi-uşaq evinin pilləkənlərində, evdar qadınların bazara gedərkən götürdüyü sadə bir hörmə çanta tapıldı. Çantada köhnə qəzetlərə bükülmüş məndən başqa kimsə yox idi. Məni yumşaq yosunla örtülmüş zərif bir səbətə qoymaq daha romantik olmazdımı? Bu vaxt, uşaq evinin sahibəsi Hemuliha astrologiya ilə maraqlandı (yalnız məişət ehtiyacları üçün) və qeyd etmək lazımdır ki, dünyaya gəldiyim gün göydə hansı ulduzların üstünlük təşkil etdiyini öyrəndi. Ulduzlar fövqəladə və istedadlı bir mumi-trolun doğulduğunu xəbər verirdilər və bu, Hemulihanı narahat etdi, çünki onu incidəcəyimdən qorxurdu (dahilərin heç vaxt yaxşı həyat hekayəsi olmur, lakin bu heç vaxt, şəxsən məni narahat etməyib).
Ulduzların düzülüşü çox heyrətləndirici idi! Bir-iki saat tez dünyaya gəlsə idim, qumarbaz