ТОП просматриваемых книг сайта:
Qızlar oxumasın. Eldar İlqaroğlu
Читать онлайн.Название Qızlar oxumasın
Год выпуска 0
isbn
Автор произведения Eldar İlqaroğlu
Издательство Alatoran yayınları
Söhbət nədən düşsə idi, axırı gəlib Elmurada çıxırdı. Günelin zəhləsi gedən bu mövzu bitmək bilmirdi. Elmurad elçi gəlmək üçün üst-üstə xəbər göndərir, Günel isə hər dəfə rədd edir və evdəki dava-qırğına səbəb olurdu. Əməlli-başlı insanların dilinə düşmüşdü, bu abırlı, həyalı qızın söz-söhbəti. Ən çox onu evdə anası əsəbiləşdirir, öz keçmişdən qalma fikirlərini yeri gəldi-gəlmədi Günelin beyninə yeridirdi. Günel onsuz da 9-cu sinfi bitirdikdən sonra onu təhsilə davam etməyə icazə verməyən valideynlərindən qəlbi qırılmışdı. Son danışıqlarında isə çox pis olmuşdu. Anasının sözləri onu çox sarsıtmışdı:
– Bircə səni ərə versəydim, rahat olardım, nə vaxta kimi evdə qalacaqsan, nə vaxta kimi atan sənin üçün pal-paltar alacaq? Elə ömür boyu yük olub üstümüzdə qalmayacaqsan ki? Gül kimi fürsət düşüb, çıx get də…
Bəzən anasının dilindən bu mövzu ilə bağlı elə qəribə sözlər eşidirdi ki, əli yerdən-göydən üzülürdü. Bütün ana-atalarmı övladlarına belə münasibətdə olurlar? Suallar, düşüncələr Güneli tarimar edirdi. Valideynlərinin nəzərində özünün lazımsızlığını duymaq, onun hislərinin, arzularının gərəksizliyini, onlar üçün iki qəpiyə dəymədiyini müşahidə etmək Günel üçün çətin deyildi. Anası Günelin ərə getməyini artıq arzulamaqla, təkid etməklə qalmırdı. Özü bildiyi üsullarla “ikiəlli çırmalanıb” bu işə girişmişdi.
Qız biləndə ki, anası onu ərə verməkdən ötrü falçıya, nə bilim dua yazana gedir, Günel dəhşətə gəlirdi.
–Yəni bunlar məndən o qədər beziblər? –deyə düşünürdü.
Bu dünyada özünə təkcə yaxın bildiyi valideynləri də indi onun çıxıb getməsi üçün çalışırdılar. Başqa çıxış yolu yox idi.
Yox, yox onun başqa bir sevdiyi, xoşladığı da yox idi. Heç yazıq qızın sevgi haqda düşünməyə macalı oldu ki? Sinifdəki qızların hərəsini bir oğlan istədiyi vaxtda Günelə kasıb, nimdaş geyiminə, sadə bəzək-düzəksiz görüntüsünə görə heç kim yaxın düşməmişdi. Artıq 9-cu sinfi bitirib məktəbdən uzaq düşmüş Günel “ev qızı” olmuşdu. Evin bütün işlərini istəsə də, istəməsə də, etməyə məhkum idi.
Universitetin sonuncu kursunda olan Elmurad isə ilk dəfə o vaxt 17 yaşı olan Güneli qohumlarının birinin toyunda görmüşdü. Həmin toya digər qızlar kimi Günel də gözəllik salonunda bəzənib gəlmişdi. Nədənsə evdəkilər onun toya bəzənib getməsi üçün həmişə pul tapırdılar. Düzünə qalsa, ayda-ildə bir dəfə olurdu belə qohum toyları. Günel də hər toya getmirdi, onsuz da …
Elmurad ağıllı, savadlı, həyatı dərk edə bilən bir gənc idi. Həm də çox diqqətli və həssas idi. Toyda onun diqqətini cəlb etmişdi ki, hamı rəqs etmək üçün canfəşanlıq etdiyi halda bir qız heç yerindən durmur, güclə də rəqsə dəvət edirdilər, getmirdi. Utancaqlığı al yanaqlarından hiss olunurdu, abırı və Şərq qadınına xas həyası simasından bəlli idi. Elmurad bu utancaq qızın gözlərinə baxdıqda isə vicuduna adını bilmədiyi bir həyacan hakim kəsilirdi. Bir neçə dəfə baxışları toqquşsa da Günel hər dəfəsində başını aşağı dikirdi. Şəlalə kimi uzun, dalğalı saçları çiyinlərindən süzülüb sinəsinə tökülmüşdü. Üzündəki məsum gülüşü, mənalı baxışı, hətta ciddi siması belə çox füsnkar idi. Hər göz qırpmasında uzun kipriklərinin qovuşması Elmuradın qəlbinə od salırdı. İndiyə qədər heç vaxt yaşamadığı bir hiss onu ağuşuna almışdı. Elə toydaca bu qız haqda maraqlanıb hərtərəfli məlumat öyrəndi. Günelin haqqında bütün eşitdikləri, onun illərdir axtardığı, arzuladığı və xəyal qurduğu kimi idi. Toydan bir neçə gün keçmişdi. Elmuradı yer-göy tutmurdu. Elə Günelgilin məhləsində ağac olub bitmişdi. Bir dəfə Güneli marketə gedərkən görüb yaxınlaşmışdı. Günel isə ona heç əhəmiyyət vermədən bütün suallarını cavabsız qoyub, tələsik ondan uzaqlaşmışdı.
Görkəm olaraq Elmurad heç də eybəcər filan deyildi, ipək kimi yumşaq və həmişə səliqəli daranmış saçları, dəbə uyğun və çox da abardıcı olmayan geyimi, normal bədən quruluşu. Bir sözlə, əksər qızların arzuladığı oğlan siması vardı. Günelin rədd cavabı verməsinin səbəbi isə onun zahiri görkəm və səthi istəklərə əhəmiyyət verməməsi, ciddi sevgi və evlilik mövzusunda isə özünəməxsus fikirləri və arzuları olması idi. Soruşanlara oğlanın özünü yaxşı apara bilməməsini, kişi ağırlığı deyə mənalandırılan o xüsusiyyətlərinin olmamasını, yüngüllük və ən əsası da sırtıqlıq etməsini bəhanə olaraq deyirdi. Halbuki, Elmurad tamamilə ciddi, sözünün və özü nün yerini bilən biri idi. Sadəcə son zamanlar ona nə olmuşdusa, özü də özündən baş açmırdı.
Universitetdə nə qədər qızdan xoşu gəlmişdi, hətta qızların ona dostluq təklif etməsi də olurdu, amma o heç vaxt indiki qədər həyacanlı, nə edəcəyini bilməyəcək halda olmamışdı. İkinci kursda bir müddət Pərvanə adlı bir qızla tez-tez görüşmüşdülər. Özünü heç vaxt qızların önündə asılı, aciz göstərməmişdi. Nədənsə, bu ailəcə kasıb, orta məktəbi bitirməmiş Güneldə nə var idisə, onu bütün varlığı ilə özünə əsir etmişdi. Onun üçün nəinki var-dövlətini, özünü də qurban verməyə hazır hiss edirdi. Ağlını başından alan bu alovlu məhəbbət onun bütün xarakterini, ideologiyasını alt-üst etmişdi. O, indi nəyin doğru, nəyin yanlış olduğunu düşünəcək halda deyildi. Bircə fikri var idi: Günellə evlənib xoşbəxt olmaq. Buna görə hər şeyə hazır idi. Elmuradın kifayət qədər sanballı, imkanlı valideynləri oğlanlarının kasıb ailədən olan bu qızla evlənməyinə könüldən razı olmasalar da, o, öz ata-anasını asanlıqla razı sala bilmişdi.
Eşidənlər, bilənlər hamısı Günelə tənə vururdular. Məxsusən, böyük bacısı Günay.
– Başın işləmir e sənin. O cür ailədən, o cür savadlı, gözəl-göyçək oğlanı rədd edirsən? Qalıb evdə neyləyəcəksən bundan yaxşısını tapacaqsan? İndi bacısından başqa da çox adamlar ona ağıl verirdilər. Elə yad adamlar bu mövzuda eyham vururdular ki, Günel bəzən anlamırdı ki, bu səmimiyyət necə yaranıb o yadlarla arasında.
Bütün bunlara baxmayaraq Günel tamam baqa düşüncədə idi. Heç vaxt anası, bacıları, yaxud gördüyü-tanıdığı qohum-qonşu gəlinləri kimi, qul-kölə təfəkkürü ilə istənilən fiziki işlərə razı olan gəlinlik və ən əsası, kortəbii analıq, valideynlik etmək istəmirdi. Yaxşını, pisi anlayan gündən bütün rəftarları, davranışları diqqətlə müşahidə edir, uşaqlıqdan başa düşürdü ki, uşaqların düzgün tərbiyyə almasında analar əvəzolunmaz rola malikdir. Daha