ТОП просматриваемых книг сайта:
Minima Moralia. Теодор В. Адорно
Читать онлайн.Название Minima Moralia
Год выпуска 0
isbn 978-9953-8077- 9-2
Автор произведения Теодор В. Адорно
Издательство Alatoran yayınları
39
Eqo iddir – Psixologiyanın inkişafı ilə burjua fərdinin həm antik dövrdəki, həm də intibahdan sonrakı yüksəlişi arasında çox vaxt bir əlaqə qurulur. Bu psixologiya ilə burjua sinfinin təkrar bölüşdüyü və bu gün başqalarını təcrid etmək bahasına inkişaf etmiş zidd bir meyillənmənin nəzərdən qaçmasına səbəb olmamalıdır: fərdin dəf edilməsi və assimliyasiyası. Bilik də bütünlüklə fərdə xidmət etsin deyə öz subyektiylə təkrarən əlaqələndirilir. Hər cür psixologiya Protoqordan bəri insanı hər şeyin ölçüsü edərək onu ucaltmış, ancaq bunu edərkən onu ən əvvəldən obyekt olaraq, təhlil materialı kimi qiymətləndirmiş və şeylərin cansızlıq və boşluqlarını ona köçürmüşdür. Subyekt adına obyektiv həqiqətin inkarı subyektin də inkarı deməkdir. Hər şeyin ölçüsü üçün heç bir ölçü yoxdur. Təsadüfiliyə düşən subyekt həqiqətsizliyə çevrilir. Bu da cəmiyyətin həqiqi yaşam prosesinə işarədir. İnsan hakimiyyət prinsipini mütləqləşdirərək iti ucunu mütləq obyekt halına gəlmiş insana çevirmiş və psixologiya da bu ucun daha sivriləşdirilməsi işində özünün köməyini əsirgəməmişdir. Eqo, psixologiyanın əsas “id”i və subyektiv obyekti onun baxışları altında həmişə keçərsizləşməkdə və həqiqətdə mövcud olmayan bir şeyə çevrilməkdədir. Psixologiya mübadilə cəmiyyətində subyektin əslində subyekt yox, ictimai obyekt olduğu həqiqətinə müraciət etməklə cəmiyyətə bunun belə olması və belə davam etməsini təmin edən silahları da bağışlamışdır. Qabiliyyətlərindən arındırılmış insan işbölümü faktorunun özünün sözdə subyektlərinə inikas etdirilmiş halıdır və bu da onları daha səmərəli üsulla istifadə və idarə etmək cəhdinin ayrılmaz hissəsidir. Psixologiyanın təhrif olunmuş forması kimi görülə bilməyən psixotexnika ən əvvəldən bəri onun əsas qayəsinin daxili meyarıdır. Həqiqi bir humanist olan və əsərinin hər cümləsində hiss elətdirən Yum bir tərəfdən də eqonun bir önyarğıdan ibarət olduğunu deyirdi. Bu ziddiyyət ümumi olaraq psixologiyanı da əks etdirir. Üstəlik, bu nöqtədə həqiqət də Yumun tərəfindədir, çünki özünü “Mən” olaraq ortaya qoyan şey həqiqətən də bir önyarğıdır, abstrakt avtoritar mərkəzlərinin ideoloji hipostazlaşdırılmasıdır; və bu hipostazlaşdırılmanın tənqidi də “şəxsiyyət” ideologiyasının dağıdılmasını tələb edir. Di gəl ki, bu dağıntı viranəlik üzərində avtoritarlıq qurulmasını daha da asanlaşdıracaq. Psixoanalizdə aşkar görsənən də budur. O, şəxsiyyəti yaşamaq üçün zəruri bir yalan kimi nəzəri sisteminə əlavə edir. Psixoanalizə görə şəxsiyyət fərdin instinktiv təslimiyyətini və reallıq prinsipinə uyğunlaşmasını təmin edən saysız rasionallıqları bir yerdə saxlayan ən böyük və ən əhatəli rasionallıqdır. Elə təkcə bunu sübut etməklə psixoanaliz insanın yoxluğunu da sübut etmiş olur. Onu özünə özgələşdirərək, daxili bütünlüyü ilə birlikdə avtonomluğunu inkar edərək şəxsi bütünlüklə rasionallıq səviyyəsinə, uyğunlaşma səviyyəsinə dustaq edir. Beləliklə, özünütənqidin yerinin başqasının eqosuna yönələn “təslim ol” tələbi alır. Psixoanalitikin müdrikliyi də ən axırda rəsmli qorxu jurnallarının faşist şüuraltındakı “psixoanaliz” rəsminə qədər enir. Hər peşənin fırıldaqçılıq görsəndiyi bir mühitdə bu “fırıldaqçılıqlardan” birinə əzab çəkən və biçarə adamları birdəfəlik özünə əsir etmə və beləcə onlara nəzarət və onları istimar haqqını verən bir texnika. Psixoanalitikanın saxtakarlıq olaraq imtina etdiyi təlqin və hipnoz, sirk meydanında gəlib-keçənləri öz çadırına çəkməyə çalışan şaratan cadugər. Bax bunlar onun əzəmətli sistemi içində yenidən özlərini göstərməyə başlayırlar. Eynilə səssiz filmin Hollivud əfsanələrində yenidən ortaya çıxması kimidir bu özgörsənmə. Keçmişdə kömək olan şey, daha böyük bir biliyin sayəsində kömək etmək imkanı günümüzdə doqmatik ayrıseçkilik yolu ilə başqalarının alçaldılmasına çevrilib. Burjua şüurunun tənqidindən geriyə qalan tək şey həkimlərin həmişə gizli əlbirliklərini biruzə verdikləri çiyin silkələmə jestidir. Psixologiyada, saf mənəviyyət deyilən o dibsiz saxtakarlıqda (insanların “xüsusiyyətləri” ilə maraqlanılması da təsadüfi deyil) burjua cəmiyyətinin mal-mülk sahəsindəki bütün təcrübəsini görmək mümkündür. Bu mal-mülk ictimai mübadilə nəticəsində artmışdır, əlbəttə ki, hər burjuanın altdan-alta hiss etdiyi müqavilə şərti ilə birlikdə. Fərdin sahib olduğu sinfin ona əmanət etdiyi bir mülkdür, sadəcə və nəzarəti əlində saxlayanlar da mülkiyyətin ümumiləşməsi nəticəsində yenə mülkiyyətin öz prinsipi ( əsirgənməkdən ibarət olan prinsip) təhlükəyə düşdüyü anda bu mülkü onda geri almağa hazırdırlar. Psixologiya da mülkiyyətə ediləni xüsusiyyətlər bəhsində təkrarlayır.