Скачать книгу

Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyə? Görək mənnən qəsd-qərəzin var?

      – Ə, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan.

      – Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqala?

      – Necə qalmaqala qoymuşam mən səni?

      – Necə qalmaqal olacaq? Sən elə eşşəyi tövləyə qatıb oyza14 cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.

      – Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?.. Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi.

      – Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə.

      Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə. Çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Cəfər əmiyə tutub dedi:

      – Gəl otur görək, Kərbəlayı Cəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az.

      Kərbəlayı Cəfər əmi də həmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.

      – Kərbəlayı Cəfər əmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məhəmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım.

      Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Cəfər əmiyə. O da “ya Allah” – deyib çubuğu aldı və bir sümürüb dedi:

      – Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi.

      – A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?

      – Niyə də inanmıram? Xeyr, inanıram.

      – Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulağ da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?

      – Xeyr, inanıram da! Niyə inanmıram?

      Kərbəlayı Cəfər dikəlib çubuğu verdi Xudayar bəyə. Xudayar bəy bir-iki sümürüb genə başladı:

      – İndi sən görərsən, Kərbəlayı Cəfər əmi. Mən qisasımı Məhəmmədhəsən əmidən almasam, mən bu saqqalımı qırxdırram!

      Kərbəlayı Cəfər əmi bir az gülümsündü və bir qədər dikəlib sual etdi:

      – Yaxşı, sən nə eliyə bilərsən ona?

      – Mən onun gözünə ağ sallam! Nə eliyəcəyəm ona? Mən onun böyüyü deyiləm? Gün olmaz ki, onun mənə işi düşməsin. Basaram palçığa, çıxaram üstə, ayaqlaram. Nə eliyəcəyəm?

      On-on iki yaşında bir oğlan sol əlində bir çölmək sallaya-sallaya girdi içəri, çölməyi qoydu yerə və üzünü tutdu Kərbəlayı Cəfərə:

      – Dadaş, bu gün anam əti bir az yandırıb, yeyə bilsəniz yaxşıdır. Bir bax gör.

      Kərbəlayı Cəfər qeyznən cavab verdi:

      – Ay ananın dədəsinin gorunu… Allahü əkbər! Lənət şeytana. Belə də bədbəxtlik olar ki, mən düşmüşəm? Gün olmaz ki, o itin qızı əti yandırmasın, ya pişiyə verməsin.

      Oğlan başını aşağı əyib dedi:

      – Yox, dadaş, vallah anamın heç günahı yoxdu. Bu gün getmişdi hamama. Qonçaya da tapşırmışdı hərdən-birdən ətə baxsın. Qonçanın da başı nə bilim nəyə məşğul olubdu, əti yandırıb.

      – Niyə, hamam ananın başına uçsun! Elə gərək bu gün anan gedəydi hamama?

      Oğlan təəccüblü cavab verdi:

      – Pəs havaxt gərək gedəydi?

      Xudayar katdaya aclıq çox kar eləmişdi; çünki səhərdən, kənddən çıxandan bir tikə çörək yeməmişdi, savay qazının bir stəkan çayından. Oğlan çölməyi içəri gətirən kimi bozbaşın qoxusu Xudayar bəyə belə xoş gəldi ki, könlündə Kərbəlayı Cəfərin övrətinə iki min yaman dedi. Xudayar bəy gördü ki, ata ilə oğlun mükaliməsi çox uzun çəkəcək, amma onun ürəyi də gedir acından; bu səbəbə ortalığa söz atdı ki, bəlkə söhbət qurtara. Çölməyi dığırladaraq:

      – Kərbəlayı Cəfər əmi, vallah hər nə deyirsən de, amma deyirəm ki, oğlanın xəbəri yoxdu. Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir.

      Kərbəlayı Cəfər durub bucaqdan bir sarı qaşıq tapıb, gəldi çömbəldi çölməyin başında. Çölməyin qapağını götürüb, bir qaşıq ətin suyundan götürüb içdi və ağzını marçıldadıb, qaş-qabağını turşudub, üzün tutdu Xudayar bəyə:

      – Xeyr, bu əti yemək olmaz.

      Qərəz, Kərbəlayı Cəfər bir qədər də övrətindən giley elədi, bir qədər də söyüşdən, lənətdən dedi. Axırı laəlac qalıb, gətdi süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə və sağ qolunu çərməyib çölməyi üzüquylu elədi sininin üstə, sonra ətləri bir-bir seçdi qoydu çölməyə. Hər iki əli ilə çörəyi qarışdırıb Xudayar bəyə təklif elədi:

      – Bismillah, Xudayar bəy, irəli çəkil görək. Hərçənd ət də yanıbdı, amma baxtından küs, xa-xa-xa…

      Xudayar bəy irəli çəkilib əlini uzatdı. Bir neçə tikə götürüb dedi:

      – Kərbəlayı Cəfər əmi, and olsun Allaha, sən lap nainsaf adamsan. Kişi, kim deyir ki, bu ət yanıb? Vallah əgər bir tikə da yanıbdı. Ta bundan yaxşı ət bişməz.

      Xudayar bəy lap yalan deyirdi. Əvvəla ondan ötrü ki, çox

Скачать книгу


<p>14</p>

O üzə, o tərəfə