ТОП просматриваемых книг сайта:
.
Читать онлайн.Həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq salsın.
I FƏSİL
Beynimdə yaranan minlərlə ideyadan yalnız biri uğurlu alınırsa, məmnun qalıram.
Alfred Nobelin atası Emmanuel Nobel
1815-ci ildən etibarən Avropada ciddi dəyişikliklər baş verirdi. Fransada Napoleon dövrünün şan-şöhrəti arxada qalmış, qitədə yeni böhranlı dövr başlamışdı. Qanlı-qadalı müharibələrdən keçən İsveç də həmin vaxt yoxsulluq içində idi. Bircə dəniz vasitəsilə taxta-şalban ticarəti tədricən inkişaf edirdi. Bu da sonralar ölkəyə böyük faydalar gətirəcəkdi.
Kitabımızın qəhrəmanı Alfred Nobelin atası Emmanuel Nobelin uşaqlığı məhz belə bir çətin vaxta təsadüf edirdi. O, 1801-ci ildə İsveçin liman şəhəri Evledə anadan olmuşdu. Onun ana tərəfdən qohumları arasında bir neçə dənizçi var idi. Odur ki Emmanuel də özünü bu sahədə sınamağı qərara aldı. 1816-cı ildə, cəmi on beş yaşı olanda həmin dövrün ən yaxşı yelkənli gəmilərindən birinə matros düzəldi. Bu gəmilərdə sərt nizam-intizam hökm sürürdü, bu nizam-intizamı pozanları isə çox vaxt fiziki cəzalar, hətta işgəncələr gözləyirdi. Bütün bu çətinliklər gənc Emmanuelin formalaşmasında, polad iradəyə sahib olmasında böyük rol oynadı. Üstəlik, dəniz səyahətləri onun dünyagörüşünü əməllicə artırdı.
Emmanuel 1818-ci ildə gəmi səfərindən Evleyə qayıtdı və kimya ilə maraqlanmağa başladı. Hərbi həkim olan atası oğlunun bu həvəsinə o qədər də baş qoşmurdu. O, oğlunu yeni dokların1 tikintisinə göndərmək qərarına gəldi. Orada Emmanuelin mexanika və çertyoj sahəsində bacarığı diqqəti cəlb etdi. Elə bu bacarıq da onu Stokholm Akademiyası yanında memarlıq məktəbinə gətirib çıxardı. Bir müddət sonra laborant vəzifəsinə qəbul olundu. Memarlıq təhsilini başa vurduqdan sonra isə o vaxtlar Stokholmda həyata keçirilən tikinti və bərpa işlərində iştirak etməyə başladı.
1830-cu ildə Fransada İyul inqilabı baş verdi. İnqilabda iştirak edən fəhlələr hakimiyyətdə olan Burbonlar sülaləsinin devrilməsinə, demokratik ideyaların genişlənməsinə nail oldular. İsveç Fransadan xeyli uzaqda olsa da, bu ölkədə baş verən inqilab paytaxt Stokholmdakı burjuaziyanın əl-qolunu işdən soyutdu. İndi onlar öz vətənlərində də inqilab olacağından qorxurdular.
Bu əndişə tezliklə özünü doğrultdu. Fransada baş verən hadisələr İsveçdə sosial mübarizəyə təkan verdi. Siyasi vəziyyət pisləşdi, inflyasiya və qıtlıq dolanışığı daha da ağırlaşdırdı. Aclıq başladı. 1838-ci ilin yayında isə ilk üsyan qalxdı. Həmin dövr tarixdə həm də Amerikaya kütləvi mühacirətlə yadda qalıb…
Belə bir vaxtda Emmanuel Nobel ölkəsinin iqtisadi həyatında fəal iştirak edirdi. O, körpülər tikməyə, bundan başqa, dəzgahlar və avadanlıqlar istehsal etməyə başlamışdı. Onun iti zəkası, daim nələrsə icad etmək həvəsi sonralar oğlu Alfredə «miras qalacaqdı». Dəzgahqayırma sahəsində fəaliyyəti dövri hərəkətin irəli hərəkətə çevrilməsini icad etməsinə imkan yaratdı. Emmanuel Nobel bu kəşfini 1828-ci ildə patentləşdirdi.
Emmanuel atasının hərbi keçmişini də unutmamışdı: eyni zamanda döşək, xilasedici jilet və üzən platformanın bir hissəsi kimi istifadə oluna bilən rezin əsgər çantasını icad etməsi də, yəqin ki, buradan qaynaqlanırdı. Həmin çantanı istehsal etmək üçün o, 1835-ci ildə İsveçdə ilk kauçuk zavodunun əsasını qoydu. Onun kimyaya göstərdiyi həvəs illər keçdikcə daha da artırdı. Laboratoriyası olmadığından ev şəraitində partlayıcı maddələrlə təhlükəli təcrübələr keçirirdi. Emmanuel «metal korpusun içində olan barıt vasitəsilə düşmən qüvvələrini suda və quruda məhv etmək üçün» mərmi hazırlamağa cəhd göstərdi. Söhbət adi minadan gedirdi. Sonradan bu ixtirasını İsveç hökumətinə təklif etdi. Ancaq hərbi neytrallığını saxlamağa və müharibələrə qoşulmamağa çalışan yerli hökumət həmin vaxt bu ixtiraya heç bir maraq göstərmədi.
Alfred Nobelin anası Andrietta Altsel
1825-ci ildə Emmanuel Nobel kəndli ailəsindən çıxmış Andrietta Altsellə ailə qurdu. Andrietta İsveçin cənubunda yerləşən Smolandda doğulmuşdu. Ata-babaları kimi o da məhrumiyyətlərə qarşı çox dözümlü idi. Bu isə Andriettaya həyatı boyu qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyə kömək elədi. O, həmişə öz ərinə dayaq durmağı bacardı. Onun sonradan Stokholma köçən valideynləri qızlarını gözləyən çətinlikləri hiss eləsələr də, cavanlara xeyir-dua verdilər.
Gənc ailənin maddi vəziyyəti get-gedə pisləşirdi. Onlar ucuz ev axtarışı ilə yaşayış yerini tez-tez dəyişməyə məcbur olurdu. Az qala hər dəfə yeni mənzilə köçəndə isə ailənin növbəti uşağı dünyaya gəlirdi.
Andrietta on bir uşaq doğmuşdu: səkkiz uşaq İsveçdə, üç uşaq Rusiyada dünyaya gəlmişdi. Onlardan isə yalnız üçü on üç yaşını adlaya bilmişdi.
1832-ci ildə Emmanuel evdə olmadığı vaxt böyük bir yanğın baş verdi və bütün məhəlləni bürüdü. Andrietta son məqamda üç uşağı ilə birlikdə xilas ola bildi. Lakin ev içindəki əşyalarla birgə yanıb kül oldu. Ailə tamamilə var-yoxdan çıxdı.
Emmanuelin həmin dövrdə çəkilmiş fotoşəklinə baxanda ciddi sifəti, dalğın baxışları olan bir adam görürük. Onun sifətindən nəsə bir narahatlıq, narazılıq oxunur. Bu narahatlıq, bəzi xəstəliklər – miqren, döş anginası – sonralar atasından Alfred Nobelə keçəcəkdi.
Alfred Nobelin anadan olması
Alfred Bernhard Nobel 1833-cü il oktyabrın 21-də doğulub. O vaxt ailə Stokholmun mərkəzində yaşayırdı. Alfredin doğulduğu ev indi də qorunub saxlanılır. Elə də gözəgəlimli olmayan bu mansardalı ikimərtəbəli evin birinci mərtəbəsində əvvəllər mağaza yerləşirdi. Emmanuel ev kirayəsini zorla ödəyə bilirdi. Balaca Alfred isə vücudca və səhhətcə çox zəif idi. Emmanuel ilə Andrietta onun və o biri uşaqların həyatda qalması üçün gecə-gündüz işləməli olurdular.
Alfred Nobel on səkkiz yaşında avtobioqrafik poema yazacaqdı.
Mənim beşiyim ölünün çarpayısına oxşayırdı,
Uzun illər anam yuxusuz qaldı başım üstündə
Narahat, qorxa-qorxa,
Çünki bu odun sönməməsinə ümid az idi.
Özümdə güc tapıb nəfəs alanda
Qıcolmadan başlayırdım boğulmağa.
Bədənim üzgün halda titrəyirdi,
Hər an gələcək ölümü gözləyərək.
Bu şeir parçasının son misrasından fərqli olaraq Nobelin ömürboyu «ölümü gözlədiyini» söyləyə bilmərik. O, daim yaşamaq və yaratmaq eşqi ilə çırpınırdı: heç vaxt intihar haqqında fikirləşməmiş, ən çətin anlarda belə, həyata olan ümidini üzməmişdi. Lakin həmişə diri-diri basdırılacağından – hələ nəfəsi gedib-gələrkən dəfn ediləcəyindən qorxurdu. Çünki Alfredin yaşadığı dövrdə həkimlər belə səhvlərə tez-tez yol verirdilər: bəzən xəstə hələ canını tapşırmadan ölmüş hesab edilir və məzara qoyulurdu…
Emmanuel Rusiyada
Çətin gün-güzəran Emmanueli nəsə başqa addımlar atmağa məcbur edirdi. Bu yerdə valideynləri dadına çatdılar: iş dalınca Rusiyaya gedə bilməsi üçün ona yolpulu verdilər. Andrietta üç oğlu – Robert, Lüdviq və Alfredlə Stokholmda qaldı: dolanışıq üçün normal pul qazananda ərinin yanına köçəcəkdi.
Üç uşaqla tək qalan Andrietta valideynlərinin və dostlarının köməyi ilə dükan açdı. Beş il ərzində süd və tərəvəz satıb güc-bəla ilə ailəsini dolandırdı.
Xəstəhal uşaqlıq Alfred Nobelin bir insan kimi formalaşmasına böyük təsir göstərir. O, yaşıdları ilə oynaya
1