Аннотация

Balaca şahzadə (fr. Le Petit Prince) – Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

Аннотация

Gülüstani-İrəm – Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani – İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır. A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm »in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur. «Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir. Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.[2] Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir. “Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür: İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər. Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. “Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. “Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.

Аннотация

Azərbaycanda milli-azadlıq hərakatının özünəməxsus mərhələsi olan qaçaqçılıq hərakatının tanınmış nümayəndələrindən biri də Qaçaq Nəbidir. Xalq onun qoçaqlığını böyük məhəbbətlə vəsf etmiş, şəninə qəhrəmanlıq nəğmələri qoşmuş, haqqında dolğun məzmunlu rəvayətlər yaratmışdır. Bu kitaba Qaçaq Nəbi haqqında xalqın qoşduğu bədii dastan parçaları daxil edilmişdir.

Аннотация

Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xəttlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «iki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhebbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqını iki böyük qonşu dövlətlərin – Rusiya ilə iranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir. Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müəllif M.P.Vaqifi yalnız gözellikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.

Аннотация

Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox.. Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə Azərbaycan, Gürcüstan, Ermənistanda yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında (dinləyəcək) oxumalı olacaq . Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: «Yas yerindən reportaj», «Albalı bağı», «Qar», «Brest qalası» və s. Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: «Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur».

Аннотация

İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur. İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məh­kum bir hə­yat yaşayıram. Qanlı döyüşə gi­rə­cəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yad­daşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir… Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. De­yə­sən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi… Birinci özü başladı. Tabeçiliyində olan əsgər­lərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada ciz­gilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir. Sabah, on birinci gecənin tamamında, ha­va işıq­lanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi. Rasim Qaraca: “On bir gecə”nin yazılma ideyası beynimdə çoxdan var idi. Qarabağ savaşında həlak olmuş gənclərin ilk sevgi əhvalatlarını yazmalıydım, məqsədim savaşda həlak olmuş 20 000 gənc vətəndaşımızın qaniçən savaşçılar deyil, ilk sevgilərini belə doyunca yaşamamış dünənki uşaqlar olduğunu çatdırmaq idi. Nəhayət 2013-cü illərin əvvəllərində yazmağa başladım. Kiçik həcmli olsa da tam bir il ərzində yaza bildim bu kitabı. İdeya var idi, amma 10 hekayənin yalnız 2-3-ü haqqında xəyali təsəvvür vardı. Bir əhvalatı yazıb bitirdikdən sonra növbəti hekayə haqqında düşünür və yazmağa başlayırdım. Hər əhvalatın yazılması təqribən bir ay vaxtımı alırdı. Eyni zamanda tanıdığım Qarabağ döyüşçülərilə görüşüb intervülər edir, material toplayırdım.

Аннотация

Əli və Nino – ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 42 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etdi. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə «„tərəqqi etmiş“» Qərb və «„geridə qalmış“» Şərqin qovuşduğu Bakıdır. Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır. Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır. Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur. Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir. Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.

Аннотация

Leyli və Məcnun (fars لیلی و مجنون) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan «Məcnun» (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim «Leyli və Məcnun» dastanı dayanır. 4600 beytdən ibarət olan poema «„Leyli və Məcnun“» haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır.[1] Nizami «Leyli və Məcnun» haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.[2] Nizami “Leyli və Məcnun” poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. “Leyli və Məcnun”da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.

Аннотация

Master və Marqarita (rus. Ма́стер и Маргари́та) – Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində «„Caynaqlı mühəndis“» adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra «„Master və Marqarita“» adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və «„roman içində roman“» prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. «„Master və Marqarita“»da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. Bulqakov romanı 1928–ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930–cu ildə yandırmışdır.[1] 1931–ci ildə isə yenidən həmin mövzu üzərində işləməyə başlamışdır. 1935–ci ildə Bulqakov ABŞ–ın SSRİ–dəki səfirinin iqamətgahı olan «„Spaso Evi“»nə getmiş və səfir Uilyam Byulit yazıçını roman üzərində işlərini tamamlamağa həvəsləndirmişdir.[2] Əsərin son versiyasının bütün xəttlərini özündə birləşdirən ikinci layihə 1936–cı ildə tamamlanmışdır. Üçüncü layihə isə 1937–ci ildə yekunlaşdırılmışdır.

Аннотация

İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur. “Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır. “Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.